"Arşın mal alan"ın "nökər Vəli"si haqqında BUNLARI BİLİRDİNİZMİ? - 12 MARAQLII FAKT

Anadil Azərbaycanın mərhum aktyoru Tələt Rəhmanovla bağlı maraqlı faktları təqdim edir:


XXX

1
Tələt Rəhmanov 1931-ci il dekabrın 12-də Bakıda, İçərişəhərdə doğulub. Atası və əmisi yüksək vəzifələrdə işləyiblər. Xüsusilə əmisi Hüseyn Rəhmanov Nazirlər Soveti sədrinin müavini postunu tutub, lakin 1937 repressiyası zamanı qəzəbə tuş gəlib. Elə bu səbəbdən də təkcə onun özü yox, Rəhmanovlar ailəsinin digərt üzvləri də repressiya qurbanı olublar.

Qardaşı və bacısı ilə anasının himayəsində böyüyən Tələt orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunsa da, atası “xalq düşməni” elan edildiyi üçün bu ali təhsil ocağını tərk etmək məcburiyyətində qalıb.

Bir müddət sonra Teatr Texnikumuna daxil olan Tələt ağır məhrumiyyətlərlə üzləşib, iş tapa bilməyib. Nəhayət, bir gün Azərbaycanın tanınmış memarı Ənvər Qasımzadənin məsləhəti ilə kinostudiyada çalışmağa başlayıb.

2
Mərhum aktyor Elxan Qasımovun sözlərinə görə, Tələt müəllimin ailəsinə qarşı repressiyanı təşkil edən şəxslərdən biri sonralar onlarla, yəni Rəhmanovlarla bir evdə qalıb: "Həmin adam sonradan kinostudiyada da Tələt Rəhmanovla bir yerdə işlədi, lakin Tələt o şəxsə qarşı heç bir sərt reaksiya bildirmədi”.

3
T.Rəhmanov 60-dan çox filmdə müxtəlif xarakterli rolda çəkilib. Həmin rollar əsasən epizodik olsa da, özünəməxsusluğu ilə seçilib və sevilib.

Ən məşhur rolları "Arşın mal alan"da (1965) nökər Vəli, "Qayınana" filmində isə Cənnət xalanın (Nəsib Zeynalova) qardaşı oğlu Əlidir.

Bundan başqa, milis işçisi (“Alma almaya bənzər”), kənd sakini (“Əhməd haradadır?”), furqon sahibi (“Yenilməz batalyon”), xidmətçi (“Uzaq sahillərdə”), milis işçisi (“Sehrli xalat”), Nazlının dayısı (“Şirbalanın məhəbbəti”), ferma müdiri Bayandur (“Kişi sözü”), həmççinin "Mozalan" satirik kinojurnalındakı rolları da yaddaqalan olub.

Adil İsgəndərzadə, Tofiq Tağızadə, Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə, Eldar Quliyev kimi görkəmli kinorejissorlarla işləyib.

O, bədii filmlərdə çəkilməklə yanaşı, tədricən film direktoru, rejissor assistenti kimi də çalışıb.

Yeri gəlmişkən, "Babək" filminin direktoru da Tələt Rəhmanovdur.

"Arşın mal alan"ın "nökər Vəli"si haqqında BUNLARI BİLİRDİNİZMİ? - 12 MARAQLII FAKT


4
T.Rəhmanovun xatirəsinə həsr olunmuş bir təıdbirdə aktyor Rasim Balayev onu belə xatırlayıb: "Tələt kinostudiyanın dəhlizində və bufetində görünəndə hər kəsin əhvalı yüksələrdi. Zarafatcıl, şən, xeyirxah, pozitiv insan idi. Şəxsiyyəti ilə sənəti vəhdət təşkil edirdi. Kinorejissorların ona böyük hörməti var idi. “Babək” filminin ağır çəkilişlərinin həyata keçirilməsində, film üçün lazımi şəraitin yaradılmasında Tələt Rəhmanovun xüsusi xidmətləri olub...”

Aktyor İlham Namiq Kamal isə mərhum aktyorun "Qayınana" filmindəki rolu barədə deyib: "Filmdə "Bibi, bibi, can bibi” - deyə oxuyan Tələt Rəhmanovun çox maraqlı bir obrazı vardı. Bu obraz filmə sanki bir rəng qatırdı".

5
Onu da deyək ki, "Azərbaycanfilm” kinostudiyasında uzun illər icraçı prodüser kimi çalışan Arif Səfərovun dediyinə görə, “Qaynana” filminin çəkilişləri zamanı Nəsibə Zeynalova rejissor Hüseyn Seyidzadədən xahiş edib ki, Əli roluna oğlu Cahangir Novruzovu çəksin: "Seyidzadə razılaşmadı. Bu rol üçün hələ heç kimi nəzərdə tutmamışdı. Amma Tələt çox istəyirdi ki, bu rolu oynasın. O, doğurdan da qardaşoğlu roluna çox uyğun gəlirdi. Mən də Hüseyn müəllimə Tələtin bu rolu yaxşı oynaya biləcəyini söyləyirdim. Doğrudan da, o, Əli obrazını dolğun, inandırıcı oynadı. Ümumiyyətlə, Tələt olduğu hər yerdə xoş abu-hava yaradırdı”.



6
Aktyor yoldaşları T.Rəhmanovu belə xarakterizə edirlər: mehriban, ünsiyyətcil olub. Zarafatlaşmağı çox sevərmiş. Bakı ləhcəsi ilə danışar, pul xərcləməkdən çəkinməzmiş.

Yeyib-içməkdən xoşlansa da, aktyoru bircə yol da sərxoş vəziyyətdə görməyiblər.

Həddən artıq məsuliyyətli imiş, elə ətrafındakılara da buna görə əsəbiləşərmiş - kimsə işinə qeyri-ciddi yanaşanda özündən çıxırmış.

Deyirmiş ki, aktyor kimdənsə söz götürməməlidir, ona görə də rolunu dəqiqliklə, həssaslıqla oynamamlıdır.

T.Rəhmanovun bu tələbkarlığı çəkiliş meydanındakı hər kəsə aid idi.

7
Əməkdar incəsənət xadimi, kinorejissor Cahangir Mehdiyevin dediklərindən: “Tələt Rəhmanov quruluş verdiyim “Kişi sözü”, “Girişmə, öldürər!”, “Gənc qadının kişisi” filmlərində çalışıb. Ona rol həvalə edəndə obrazın xarakterini olduqca emosional çatdırırdı və çox vaxt da bunu həddən ziyadə büruzə verirdi. Hər çəkiliş zamanı rola bir az səthi yanaş deyirdim. Sakit şəkildə rolu oynayanda isə ondan istədiyim mizanı ala bilirdim, ifası da yaxşı alınırdı. Çox pozitiv insan idi. Adi əhvalatı o qədər şirin, həvəslə danışırdı ki, maraqla dinləməyə bilmirdin. Şəxsiyyəti ilə sənəti vəhdət təşkil edirdi" ("Mədəniyyət" qəzeti).

8
Bəziləri T.Rəhmanovu əməkdar artist Məcnun Hacıbəyovla qarışıq salırlar. Bu isə onların zahirən bir-birinə çox oxşamasından irəli gəlir.



9
"Sehrli xalat" filminin Zərifəsi Solmaz Hətəmova ailə qurarkən onun elçiliyinə Tələt Rəhmanovun gəldiyini deyib: "Gələcək həyat yoldaşım, sən demə, onun qohumu imiş. İçəri girib, məni görəndə şok oldu. O dəqiqə dedi ki, "Zərifə, mən sənin üçün elçi gəlmişəm?" Tələt müəllim bizim filmdə polis rolunda çəkilmişdi. Filmin üstündən uzun illər keçsə də o məni unutmamışdı. O həm də operator köməkçisi (səlində rejissor assistenti - red.) işləyirdi".

10
Müğənni Müslüm Maqomayevin Tələt Rəhmanovu ağır xəstəlikdən qurtarıb. Belə ki, mərhum aktyorun rol aldığı, “Azərbaycanfilm”lə “Mosfilm”in birgə istehsalı olan “Nizami” filminin çəkilişləri üçün iki ay, rus dilində səsləndirilməsi üçünsə yaradıcı heyət bir ay müddətində Moskvada olur. Bu zaman Tələt müəllimin səhhətində problem yaranır. O, mədə xəstəliyindən əziyyət çəkirmiş. və qəfildən sancıları çoxalır. Məsələdən xəbər tutan Maqomayev aktyoru Moskvanın ən yaxşı xəstəxanalarından birinə yerləşdirtdirir. T.Rəhmanov əməliyyat olunur və saöalır. Bundan sonra mərhum aktyor “Məni həyata Müslüm qaytarıb” deyirmiş.

Maqomayev Bakıya gələrkən çox qonaqlıq dəvəti alsa da, bunları nadir hallarda qəbul edirdi. Bir dəfə T.Rəhmanov onu evinə qonaq çağırır. Bəzi filmlərimizin ikinci rejissoru və film direktoru Akif Rüstəmovun xatirələrindən: "Müslüm Tələtin təklifini qəbul etdi. Eldar Quliyev, Müslüm Maqomayev, Rusiyanın Xalq artisti İrina Alfyorova və mən Tələtgilə getdik. Çox gözəl süfrə açmışdılar. Həyat yoldaşı Mina xanım çox qabiliyyətli idi. Dadlı xörəklər, mürəbbələr bişirmişdi. Arfyorovaya da həmin mürəbbələrdən hədiyyə elədi..."

11
Rejissor assistenti, köməkçi operator, film direktoru kimi işlərin öhdəsindən məharətlə gəlsə də, Tələt Rəhmanov ən çox aktyorluğu sevirdi. Ona görə də rejissor Eldaq Quliyevlə işləyərkən hər dəfə ondən filmə çəkməyi xahiş edirmiş. Eldar müəllimin cavabı isə belə olurmuş: "“Tələt, bilirəm ki, filmdə çəkilməyi sevirsən. Lakin səni çəkməyəcəm. Çox yaxşı film direktorusan. Elə öz işinin öhdəsindən gəlməyin yetər”.

12
T.Rəhmanov həyat yoldaşı Minə xanımla bir-birlərini sevərək evlənib. Ömrü boyu xanımına yüksək dəyər verib, ümumiyyətlə hədsiz dərəcədə ailəcanlı olub.

Elə Minə xanım da aktyorun hər qayğısına qalar, hətta çəkiliş meydançasına gələrək Tələtin ac qalmadığına əmin olmaq istəyir, onu öz əli ilə yedirirmiş.

T.Rəhmanovun bu evlilikdən bir övladı dünyaya gəlib - Gülnarə xanım. Lakin həyat yoldaşı kimi, qızı da artıq həyatda deyil.



13
Tələt Rəhmanov 1995-ci il noyabrın 1-də ürək tutmasından vəfat edib. Yasamal qəbristanlığında torpağa tapşırılıb.

Həyat yoldaşının ölüm xəbəri Minə xanımı sarsıdır. Göz yaşları dinmək bilmir, az qala hər gün çox sevdiyi Tələtin məzarını ziyarət edir.

Bu sarsıntıdan Minə xanım tezliklə xəstəliyə tutulur və 1999-cu ildə o da həyata gözlərini yumur.

14
Aktyorun nəvəsi Kəmalə xanım vaxtilə mətbuata verdiyi bir müsahibədə babasının ölümünü belə xatırlayıb: “Həmin gün çəkilişdən gəlmişdi. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışırdı. Mənə dedi ki, bilsəydim ki, o yerlər elə gözəldir, səni də özümlə aparardım. Danışdığı yerdə qəfil səsi xırıldamağa başladı. Nənəm dedi ki, “ay Tələt bəsdi də aktyorluq elədin”. Gördük ki, yox babam özündən gedir. Tez təcili yardıma zəng etdim. Həkimlər gələnədək artıq dünyasını dəyişmişdi. Ölümündən bir müddət əvvəl infarkt keçirmişdi. Hər şeyi ürəyinə salırdı. Xüsusilə işdə hər şey yolunda getsin deyə, çox əsəb keçirirdi” (modern.az).



15
T.Rəhmanov heç bir fəxri ad almayıb, bunu dilə gətirməsə də daxilən inciklik yaşayıb.

Mərhum sənətkara xüsusilə ağır təsir edən kinoya, teatra ondan sonra gələn aktyorların əməyi yüksək qiymətləndiridiyi halda fəxri adlar, təltiflər zamanı həmişə "unudulması" imiş...


Hazırladı: Anadil.az



Oxunub: 329
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR