Kinomuzun Alen Delonla eyni filmə çəkilən Ələsgəri: ölümündən bir dəqiqə əvvəl... - MARAQLI FAKTLAR

Anadil teatr və kino aktyoru Əsgər Məmmədoğlu haqqında maraqlı faktları təqdim edir:

***
Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.

"Mən Bakının məşhur "Kubinka" adlanan məhəlləsində doğulub, böyümüşəm. Tanınmış yer idi. Tapılmayan mallar orada tapılardı. Mənim doğum günüm bəşəriyyətin yenidən dünyaya gəldiyi vaxta təsadüf edir – İkinci Dünya müharibəsinin sonuna. Kasıbçılıq olub. 7 yaşımda atam rəhmətə gedib. Qardaşımın 2 yaşı var idi. 14 yaşım olanda təsadüfən Dram Teatrında tamaşaya baxdım. C.Cabbarlının "Almaz" və Şekspirin "Qış nağılı" əsərlərinə... Elə özümdən asılı olmayaraq xoşum gəldi sənətdən. Həmin vaxt "26-lar adına mədəniyyət sarayı" var idi. Professor Lütfi Məmmədbəyovun Xalq teatrı idi. Tamaşalarına biletlə gəlirdilər. Repertuarı da gözəl idi. Əvvəlcə, Lütfi müəllim məni götürmədi. Dedi ki, get Əkrəm müəllimin uşaq dram dərnəyinə. Dedim, yox, mən buranı istəyirəm. Kütləvi səhnələrə çıxaram" – aktyorun özü son müsahibəsində belə demişdi...

***
Ə.Məmmədoğlu 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb.

***
Onu çoxları "Ələsgər Məmmədoğlu" kimi tanısa da əslində adı Əsgərdir.

"Ələsgər" adı ilə tanınmasının səbəbi isə "Bəyin oğurlanması" filmindəki roludur. Bu ikinci dərəcəli rolu ustalıqla oynayan aktyor böyük tamaşaçı rəğbəti qazanmışdı.

***
Bəziləri deyir ki, sizə ə.Məmmədoğluna “Ələsgər" kimi müraciət edəndə xoşu gəlmirmiş. Əksinə, aktyor özü bundan xoşlanırmış. "Hansını deyirlər desinlər. Onsuz da bilirlər ki, mənəm də...." söyləyirmiş.

Həmin rolu bəyənmədiyi barədə suala isə belə cavab verirmiş: " Niyə bəyənmirəm ki? Böyük rejissor çəkib o filmi. Bəyənirəm. Amma daha böyük və maraqlı ola bilərdi. Mənim özü rolumu gərək bir az “krupnı” çəkəydilər bir-iki səhnə yazaydılar..."

***
"Bəyin oğurlanması" filmində Ələsgərin stuldan yıxılmasının təbii alınmasının ən əsas səbəbi isə həmin epizod çəkilməmişdən öncə rejissor Vaqif Mustafayevin əvvəldən stulun ayağını kəsməsidir. Aktyor bundan xəbərsiz şəkildə stula oturmaq istəyir və...

Və sonrası məlumdur.

***
Yeri gəlmişkən, 1985-ci ildə ekranlaşdırılan "Bəyin oğurlanması" onun kinodakı son işi olub.

***
Ölümündən bir neçə il əvvəl mətbuata müsahibəsində filmlərə az dəvət almasından danışarkən demişdi: "Fikir verin, Hacı İsmayılov məndən çox çəkilib və böyük rollar oynayıb. O gün söhbət edirik, heç kim çağırmır bizi. Heç elə bil biz yoxuq. Yenə nə yaxşı ki, telekanallar var..."

***
Müsahibələrinin birində isə " Filmlərə, seriallara çəkilmirsiniz. Təkcə teatrla necə dolanırsınız" sualına belə cavab vermişdi: "190 manat yaş təqaüdümü alıram, 60 manat “əməkdar artist” fəxri adına görə verirlər, 350 manat da teatrdakı maaşımdır. 600 manata yaxın puldur, az deyil ki. Naşükür deyiləm..."

***
SSRİ, Fransa və İsveçrə kinematoqraflarının birgə istehsalı olan və 1981-ci ildə çəkilən "Tehran-43" filmində Əsgər Məmmədoğlu da rol almışdı. Həmin filmdə bir çox məşhur aktyorlar, o cümlədən, əfsanəvi fransız aktyoru Alen Delon oynayıb.

***
"Bəyin oğurlanması" filmində Siyavuş Aslanın dilindən "Ələsgər!" çağırışını maşınına siqnal kimi qoyanlardan biri bir dəfə yolda Ə.Məmmədoğlunu görüb deyir: "Bax, 300 manat verib, sizin adınızı yazdırmışam".

Aktyor cavabında dillənir: "150 verəydin, özüm maşına oturardım da..."

***
Komik rollarına baxmayaraq, Ə.Məmmədoğlu şəxsi həyatında həddən artıq ciddi adam olub. "Evdə uşaqlarım inanmırlar ki, mən artistəm" – bir dəfə özü belə demişdi.

***
Oğlu Ceyhunun dediklərindən: "Ailəsinə həddindən artıq diqqət yetirən insan idi. O, övladlarına kənardan nəzarət etməyi bacarırdı. Səhvimiz olanda heç vaxt dava salmazdı. Səhvlərimizi sakitcə izah edirdi, bizə düzgün yol göstərirdi.

Evin tək oğlu olduğumdan mənə ciddi nəzarət edirdi. Çalışırdı yaxşı təhsil alım, pis işlərdən çəkinim. Bəlkə də buna görə məni nəzarətdə saxlayırdı.

Səhvim olsa da, atam mənə heç vaxt əl qaldırmayıb.

Bir dəfə məni sinifdən çıxartmışdılar. Atam direktorun yanına getdi. Yarım saatdan sonra gördüm ki, direktorla öz dünylarındadırlar. Nəsimidən, ədəbiyyatdan söhbət edirlər, mən qıraqda qalmışam. Ona görə də məktəb işlərinə anam baxırdı.

Anam şikayət edirdi ki, oğlun oxumur, “iki” alır. Atam çox soyuqqanlı şəkildə deyirdi ki, özünüz bilərsiniz, oxumursunuz oxumayın, sonra peşman olacaqsınız".

***
Ə.Məmmədoğlu 21 dekabr 2015-ci ildə dünyasını dəyişib. Ölümü yaxınları, dostları üçün gözlənilməz olub.

***
Həyat yoldaşı Nazilə xanımın dediklərindən: "Xəstəliyi cəmi 40 gün çəkdi. Heç bilmədik necə oldu. Biz onu əvvəlcə xəstəxanaya insult diaqnozu ilə aparmışdıq. Bir gün əvvəl televiziya verlişinə qonaq çağırmışdılar. Orada ağzından qan gəldiyindən çəkilişi saxlamışdılar. Evə gələndə ayağının biri işləmirdi, dərman içib uzandı. Elə bilirdik ki, təzyiqi var. Sonra həkimə aparıb, yoxlatdırdıq. Məlum oldu ki, qara ciyərində şiş var... Ələsgər, heç vaxt xəstələnməzdi, həkimə də getmirdi, canından şikayəti yox idi.

Xəstəliyi barədə sona qədər heç nə bilmədi. Hətta İrana apardıq. Dedilər ki, sağ qalma ehtimalı sıfıra bərabərdir, aparın evə. Hər şey o qədər ani oldu ki, heç nə edə bilmədik".

***
Ədəbiyyata həmişə böyük maraq göstərən, heç vaxt mütaliədən qalmayan Ə.Məmmədoğlu ölümündən əvvəl də kitab oxumaq istədiyini deyib. Ona kitab veriblər. Lakin bir dəqiqə çəkməyib ki, dünyasını dəyişib...


Elçin ŞAHMURAD,

Anadil
Oxunub: 303
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR