Kinomuzun Cahandar ağası: onun yerinə niyə ermənini çəkdilər? - 10 MARAQLI FAKT

Anadil hamının "Dəli Kür" filmindəki "Cahandar ağa" obrazı ilə daha yaxından tanıdığı və çox sevdiyi Ələddin Abbasov haqqındadır.

Bu gün aramızda olmasa belə, xatirəsi həmişə yaşayacaq olan sənətkarımızı yaxından tanımaq üçün maraqlı faktları təqdim edirik.

1
Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncədə anadan olub. Yeniyetmə vaxtlarından sənətə olan həvəsi onu 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirib. İkiillik teatr təhsili almaqla yanaşı, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən peşəkar aktyor kimi həyatını bütünlüklə bu teatrla bağlayıb.

Aktyor Gəncə Dövlət Dram Teatrında xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə və başqa unudulmaz sənətkarlarla birgə çalışıb.

1971-ci ildə "Xalq artisti" adını alıb.

2014-cü il iyulun 13-də 92 yaşında dünyasını dəyişib.

Ələddin müəllimin vəfatı ilə Azərbaycanın korifey sənətkarlarından biri də azalıb və bu mənada onun ölümü ikiqat ağır itki kimi qarşılanıb.

2
Ələddin Abbasov ailədə böyüyən beş qardaş və iki bacının sonbeşiyi olub. Həkim, müəllim və başqa peşələrə yiyələnən bacı-qardaşları içərisində yalnız o, aktyorluq sənətini seçib.

Dövrünün mühafizəkar reallığı səbəbindəndir ki, atası teatr adı gələndə əsəbiləşirmiş. Lakin səhnəni bütün varlığı ilə sevən gənc Ələddin onun narazılığına baxmayaraq teatrı seçib.

Axırda oğlunun seçimini dəyişdirə bilməyəcəyini görən ata elə köhnə kişilərə xas olan tərzdə də xeyir-dua verib: “Aktyor olursan ol, ancaq qapı ağzında nizə tutanından olma, yaxşısından ol!”

3
Ələddin müəllim özü aktyorluğu seçməsini belə nəql edib: "Hələ orta məktəbdə oxuyanda Məmmədrza Şeyxzamanovun dərnəyinə gedirdim. Düzünü desəm, dərslərimə o qədər də ciddi yanaşmırdım. Ata-anam məni danlayır, hərbi hospitalda həkim işləyən, Kənd Təsərrüfatı İnstitutunda dərs deyən qardaşlarımı və digər yaxınlarımı misal göstərib oxumağımı məsləhət görürdülər. Məktəbi bitirəndə sənədlərimi Kənd Təsərrüfatı İnstitutuna vermək istədim. Getdim, götürmədilər. Sevincək qayıtdım və bir də oralara üz tutmadım. Müntəzəm surətdə dram dərnəyinə gedir, kütləvi səhnələrə çıxır, xırda rollar oynayırdım. Sonra müharibə başladı. Yaralanıb gələndə biryolluq teatra qayıtdım..."

4
Ələddin Abbasov böyük dramaturqumuz Cəfər Cabbarlının əsərlərinin baş qəhrəmanlarını məharətlə oynayıb. Elə övladlarına da bu səhnə qəhrəmanlarının adını verib: Aydın və Oqtay.

5
Mərhum sənətkarımız 22 filmdə çəkilib. Kinoda debüt işi görkəmli kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi “Koroğlu” (1960) filmidir. Aktyor filmdə oynadığı səfir rolunu yaddaqalan formada təqdim edib. Rejissorun rol bölgüsündə apardığı düzgün seçim sayəsində bu filmdə epizod rollar belə diqqət çəkir, onların hadisələrdəki mövqeyi düzgün bildirilir.

Bundan başqa, Ələddin müəllim “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox sevilən filmlərimizdə yaddaqalan rollar yaradıb. Məsələn, Cahandar ağa (“Dəli Kür”, H.Seyidzadə), İmran (“Mən ki, gözəl deyildim”, T.Tağızadə, A.Quliyev), Göyüş (”Qatır Məmməd”, R.Ocaqov) və s.

6
Ələddin Abbasova Cahandar ağa obrazı xüsusilə böyük şöhrət qazandırıb, onu böyük tamaşaçı kütləsinə sevdirib və adının unudulmaz sənətkarlar siyahısına yazılmasında mühüm rol oynayıb.

Bəs həmişəyaşar aktyorumuz necə olub ki, bu rola çəkilib?

Yaxşısı budur, bu sualın cavabını mərhum aktyorun öz dilindən oxuyaq: "Cahandar ağa rolu üçün məndən başqa 6 nəfər sınanmışdı. Bir nəfər gürcü aktyoru, bir də Ədil İsgəndərov... qalanları yadımda deyil. Bir dəfə Ədil İsgəndərovun kabinetində oturmuşuq. İsmayıl Şıxlı girdi içəri ki, nə oldu bu boyda Azərbaycanda bir Cahandar ağa tapılmadı? Ədil müəllim məni göstərdi ki, bu oğlan çəkiləcək. İsmayıl Şıxlı mənə diqqətlə baxdı, dedi ki, bundan Cahandar ağa olmaz, a kişi. Amma buna qədər bir neçə kadr sınaq çəkilişi olmuşdu. Getdilər, sınaq çəkilişinə baxdılar. İsmayıl Şıxlı baxdı, baxdı qayıtdı ki, ay sənin qadan alım, elə əsl Cahandar ağa sənsən. Bəlkə də çoxları bilmir. Cahandar ağa İsmayıl Şıxlının ana babası olub. Yəni belə bir adam həyatda olub. Baxandan sonra dedi ki, elə bil ekranda babamı görürəm..."

7
Oğullarına Cəfər Cabbarlının əsərlərinin baş qəhrəmanlarının adını qoyan Ələddin müəllimin nəvələrindən biri isə məhz Cahandar adı daşıyır.

8
Məşhur filmlərimzin birində Ələddin Abbasovun yerinə erməni aktyoru çəkilib. Bu hadisənin da maraqlı tarixçəsi var. Yaxşısı budur, yenə mərhum aktyorun öz dilindən oxuyaq: "Bir dəfə Tiflisdə qastroldayıq. Teleqram gəldi ki, təcili Bakıya “Onu bağışlamaq olarmı” filmində Tərlan obrazının sınaqlarına gəl. Səhv etmirəmsə, 1957-ci il idi. Teatrın direktoru dedi ki, Tiflisə 8 tamaşa gətirmişik, onun yeddisində Ələddin Abbasov baş roldadır. Onu buraxsaq, qastrol baş tutmayacaq. O filmin ssenarisini Məmmədhüseyn Təhmasib yazib, rejissoru isə qardaşı Rza Təhmasibdir. Rza məni həmin filmin tamaşasını – “Bahar”ı oynayanda görüb bəyənmişdi. Sonra o filmdə mənim yerimə bir erməni aktyor çəkildi..."

9
Ələddin Abbasovla bağlı məşhur əhvalatlardan birini isə aktyor özü belə nəql edib: "Teatrımızın (Gəncə Dövlət Dram Teatrı – red.) direktoru var idi – Ələkbər Seyfi. Həm o, həm də rəhmətlik rejissorumuz Nəsir Sadıqzadə (“Bəxt üzüyü” filmindəki Tanrıbəy dayı – red.) bilirdilər ki, mən Aydın rolunu oynamaq istəyirəm. Nəsir də mənimlə dost idi, “Aydın”ı repertuara saldırıb, rolları da bölüb, Aydın rolunun qarşısından da mənim adımı yazmışdı. Amma mənim bundan xəbərim yox idi. Nəsir Sadıqzadə ilə üz-üzə gəldikdə soruşdum ki, hardan gəlirsən. Cavab verdi ki, rolu böldüm, siyahını da verdim direktora. Soruşdum ki, Aydın rolunu kimə verdin? Dedi ki, hər halda sənlik deyil. Çox pis oldum, qalxdım direktorun yanına. Dedim ki, ay Seyfi dayı, bəs bu nə məsələdir? Direktor dedi ki, Nəsir Sadıqzadə səninlə zarafat edib. O elə bu tamaşanı sənə görə repertuara saldırb. Burda səndən başqa Aydın var?! Kabinetdən çıxıb getdim Nəsirin yanına ki, bəs sən məni dolamısan? O da eyni şeyi dedi: “Yox, sən məni dolamısan, burda səndən başqa Aydın var!?”

10
Kinomuzun "Cahandar ağa"sı həyat yoldaşı Tamara xanımla teatrda tanış olub. Bu barədə özü belə deyib: "Tamara bizim teatrda kassir işləyirdi. 1946-cı ildə evləndik. Bizim ailəmiz teatra bağlıdır. Böyük oğlum teatrda rəssam işləyir, nəvəmin biri Kukla Teatrında, o biri isə Gəncə Dövlət Dram Teatrında aktyordur. Kiçik oğlum aktyor olmasa da, bəzi tamaşalarda rol oynayır".

"Nəvənizin aktyorluq istəyini necə qarşıladınız" sualına isə unudulmaz aktyor belə cavab verib: "Dedim, yaxşı aktyor olacaqsansa, ol. Bir neçə dəfə baxmışam tamaşalarına. Öz üzərində çalışır. Tənqid etdiyim, məsləhət verdiyim də olur. Deyirəm səhnədə səlis danış, sözləri tam tələffüz et. Aktyor elə danışmalıdır ki, tamaşaçı cümlənin son sözünü də aydın eşitsin".


Elçin ŞAHMURAD,

Anadil.az
Oxunub: 864
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR