Bu dünyanın aynaları çatlayıb... - Elman Tovuzun ŞEİRİ

Anadil şair Elman Tovuzun şeirini təqdim edir:

XXX

Yox... bu gediş ayrılığa oxşayır –
Bu gedişin bir gəlişi yoxdusa.
Nəyə gərək qaranlığın ağ şamı,
Tale bizi içimizdən yaxdısa...

Hara baxaq,
kimlə çəkək hesabı?
Bu dünyanın aynaları çatlayıb.
Çox arzunun bağlanıbdır kitabı,
Çox ümidlər varağını qatlayıb.

Biz payızda çiçəkləyən budağıq,
Bu çiçəkdən bar uması deyilik.
Sinəmizdə gəzdiririk bu dağı,
Ta bu dağdan qar uması deyilik.

Zaman keçər... izimizi ot tutar,
Cığırların şıramında gül açar.
Bu sevdanın yuvasını od tutar,
Ürəyimiz gözümüzə əl açar...

Nə yaşadıq? –
bir rəqslik qu ömrü,
Kim neyləsin başına kül olmuşa?!
Xəzan rəngli, işıqforu bu ömrün,
Yaşılında açılacaq yol qışa...

Şirin bildik zaman çalan havanı,
“Oynadıqca” acı oldu bu həyat.
Ayrılıqsa bu gedişin ünvanı,
Ha yaş axıt arxasınca, ha su at...


Anadil.az


Oxunub: 480
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR