Anar - "çörəkverən kişi"... - Cəlil Cavanşir YAZIR

Anadil Cəlil Cavanşirin "Həpsi rəngidür..." yazısını təqdim edir:

XXX

Mən indi Anarı tərifləyənləri, ona ləbbeyk deyənləri, qarşısında əyilib, qurultayda səs verənləri anlayıram. Anarın yaradıcılığını kənara qoyuram, bu barədə danışmağın mənası yoxdur. İndiyə qədər danışdıqlarım, yazdıqlarım üçün üzr istəyirəm. Anar artıq mənim üçün bir yazıçı deyil, bir Azərbaycan fenomenidir.

O, şübhəsiz ki, əsl azərbaycansayağı, "çörəkverən kişi"dir. Anar - tipik məmurdur. Anar - "böyük adamdır."

Anar ona yarınan, qarşısında boynunu büküb imdad diləyən, kömək istəyən, minnətçi düşən hamıya kömək edib. Anar bu baxımdan qalibdir. Vədinə xilaf çıxmadı, sözünü tutdu, mümkün olduğunca öz ətrafındakılara "gün ağladı".

Anar onu əvvəl söyüb sonra sevənlərə də biganə qalmadı. Onların miskinliyinə, fərsizliyinə ürəyində gülsə də, zahirdə bir ağsaqqal ədasıyla yanaşdı.

Anar xeyli adamı ev-eşik, şan-şöhrət, nüfuz sahibinə çevirdi. Ətrafına topladığı ədəbi işbazların, kəmfürsətlərin qayğısına qalmaqla çoxusunu adam elədi.

Anar onların çoxusunu dövlətin sərt üzündən, həbsdən, mühacirətdən qorudu. Anar ətrafında quyruq bulayan bir sürü əliqələmlidən daha ayıq, daha ağıllı davrandı. Anar bəzilərini "axtaladı", "qısırlaşdırdı" ki, öz böyüklüyü zərər görməsin. Təsadüfi deyil ki, 30 ildən artıq eyni təşkilatda birinci şəxs kimi qalmağı bacarıb. Onun sonsuz bacarığına, ilahi fərasətinə heyrət etməmək mümkün deyil.

Yerinə göz dikənləri ustalıqla "yerbəyer elədi". Ən çox sinəsinə döyən Çingiz Abdullayevi bihörmət etməyi, nüfuzdan salmağı, əl meymununa çevirməyi bacardı.

Anar həm açıq rəqiblərinə, həm də gizli düşmənlərinə qələbə çaldı.

Anar Azərbaycanda ziyalılığı, yazıçı nüfuzunu, şair sözünün çəkisini bitirdi. Artıq Azərbaycan ziyalısı, yazıçısı, şairi heç kəsə lazım deyil.

1937-ci ildən 50-ci ilə qədər davam edib səngiyən prosesi Anar 90-cı illərdən günümüzə qədər uğurla davam etdirdi. Anarın repressiyası daha təhlükəli, daha faciəlidir. Anar müstəqilliyi dadmış qələm adamlarını ət maşınından keçirdi, əl dəyirmanında üyütdü.

Anar inanılmaz dərəcədə güclü çıxdı. 20 il əvvəl qarşımızda yaşlı, mötəbər bir rəqib vardı. Onu tənqid edənlər sözün gücünə arxayın olsa da, Anardan müdriklik gözləyirdi. Amma zaman görsətdi ki, Anar sadəcə insan deyil, yaşlandıqca qəzəbi artan hiyləgər bir div, bir əjdahadır. Bu əjdaha döşünə döyən bütün igidləri kamına çəkdi, döşünə qatıb pərən-pərən saldı.

Azərbaycan Yazıçılar Birliyi Anarın simasında son günlərini yaşayır. Dövlət AYB-yə və Anara son liqotlarını xərcləyir. Görünən odur ki, AYB Anarla bitəcək. Görsətdilər ki, AYB elə Anar deməkdir.

Anarı növbəti qələbəsi münasibəti ilə təbrik edirəm. Artıq bütün cəmiyyət başa düşdü ki, Anardan böyük yazıçı yoxdur.

Anar AYB sədri seçilən il dünyaya gələn, Anarın rəhbərliyi dövründə böyüyüb təhsil alan, qələmə qurşanan gənclər belə onun köləsinə, əl buyruqçusuna, söz aparıb-gətirəninə çevrildi. Anar onları belə öz pəncəsi altında əzdi...

Bu gün ev almadığı üçün ah-vay edənlərin çoxusu son qurultayda Anara səs verənlərdir. Onlar Anarı allahlaşdırıb, mərhəmətinə sığınmışdılar. Amma mərhəmət olmadı. Anar sədaqəti dəyərləndirdi. Sədaqətlə susanlar və sədaqətlə quyruq bulayanlar mükafatını aldı.

İndi əzəmətli və qalib Anar bu mənzərəni seyr edir və yumşaq yeri ilə gülür. O bu dünyaya bolluq, firavanlıq içində göz açdı, firavan, rahat, xoşbəxt bir həyat yaşadı, xoşbəxtlik, bolluq, firavanlıq içində də öləcək. Qalib gəldi, qalib yaşadı, qalib də gedir. Buna deyərlər, "uzun ömrün akkordları, rekordları və kodları".

Qalanı isə boş şeydir. Necə deyir şair?

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidür,
Rəngidür hər dürlü matəm, hər məsərrət rəngidür.
(Səməd Mənsur)


Xülasə, həpsi rəngidür...



Anadil.az



Oxunub: 1 054
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR