Roma xiyarı... Qızıl buğa... Mazandaran çaqqalı... Troya atı... Həmədan eşşəyi... - NİYƏ BELƏ DEYİRİK?

Anadil yazılı və şifahi nitqdə fikri qüvvətləndirmək, konkretləşdirmək, yaxud obrazlı ifadə etmək üçün istifadə olunan bəzi deyimlərin yaranma tarixçəsindən danışan "Niyə belə deyirik?" silsiləsini davam etdirir:


XXX

Roma xiyarı

►Bir şeyin həddindən artıq və mənasız yerə şişirdildiyini bildirən ifadə.

İfadədəki «Roma» sözünə baxmayaraq o, rus ədəbiyyatından qaynaqlanır.

İlk dəfə böyük rus şairi İ.A.Krılovun «Yalançı» adlı təmsilində işlədilən bu ifadə sonradan danışıq dilinə keçərək yayılmışdır. Burada uzaq səfərdən qayıdan zadəganın harada olduğundan və nə gördüyündən, bütün bunların şişirdilməsindən, bunlarla bağlı lovğalanmasından söhbət gedir.

Əsərin qəhrəmanı xeyli yalanlar söyləyir və hətta Romada dağ boyda xiyar gördüyünü deyir ki, bu da hamının gülüşünə səbəb olur. O zamandan kimsə bir şeyi şişirdəndə «deyəsən, Roma xiyarından danışır» ifadəsi ilə münasibət bildirirdilər.

Təmsilin əsasında rus danışıq dilində lovğalar və yalançılar haqqında zərbi-məsəl kimi «Roma xiyarı haqqında nağılı izah etmək yaxşıdır» ifadəsi də ortaya çıxmışdı.

***

Nifaq alması

►Savaşın, mübahisənin, düşmənçiliyin, ciddi fikir ayrılığının əsas səbəbini bildirən ifadə.

Bu ifadə qədim yunan mifologiyasından irəli gəlir.

Qәdim yunan əsatirləri ilә əlaqәdar olan bu ifadәni ilk dәfə Roma tarixçisi (II әsr) Yustin işlətmişdir. Troya döyüşünün qəhrəmanı Axillin valideynləri Peley və Fetida öz toylarına Nifaq ilahəsi Eridanı çağırmağı unudurlar. O isə qisas almaq məqsәdilә üstünә «әn gözәl ilahәyə» sözlәri hәkk olunmuş qızıl almanı qonaqların arasına tullayır.

Zevsin arvadı ilahə Hera, müdriklik ilahəsi Afina, məhəbbət və gözəllik ilahəsi Afrodita bu almaya kimin layiq olması uğrunda mübahisə edirlər. Bu mübahisədə hakim Troya kralı Priamın oğlu Paris seçilir.

Hər ilahә Parisə bir şey vәd edir ki, almanı ona versin. Hera – bütün Asiyada hökmdarlıq, Afina – böyük bir qəhrəmanlıq şöhrəti, gözəllik vә sevgi ilahəsi Afrodita isə dünyanın ən gözәl qadınını təklif edir. Paris çox fikirləşәndən sonra qızıl almanı Afroditaya verir.

Gözəllik ilahəsi Afrodita minnətdarlıq ifadəsi olaraq Sparta kralı Menelayın arvadı gözəl Yelenanın ürəyində Parisə məhəbbət alovlandırır. Hətta onu qaçırmaqda Parisə köməklik edir. Parisin bu hərəkəti mübahisəyə və Troya müharibəsinin başlanmasına səbəb olur.


***

Mazandaran çaqqalı

►İkiüzlü, satqın, riyakar və yaramaz adam haqqında işlədilən ifadə.

İfadə Firdovsinin ölməz «Şahnamә» əsərindən qaynaqlanır.

Firdovsinin ölmәz əsәrindә göstәrilir ki, Mazandaran ölkәsindә hakim olan Ağ div onun üstünә gedәn Keykavusu öz qoşunu ilә birlikdә kor etmişdi. Ağ divi yalnız Rüstәm-Zal tәkbәtәk döyüşdә mәğlub edә bilmişdi. Rüstәmin gәlmәsinә qәdәr isә Mazandaran vә onun әtrafında külli miqdarda insan Ağ divin әlindә hәlak olmuşdu, bunları basdıran da yox idi. Basdırılmayan meyitlәr әtrafdakı çaqqallara yem olurdu. Odur ki Mazandaran çaqqalı әn iyrәnc, murdar çaqqal hesab olunur.

Özlüyündə «çaqqal» sözünün mәcazi mәnası bir çox mənfi keyfiyyәtlәri (qorxaqlıq, murdarlıq, ikiüzlülük, satqınlıq) tәcәssüm etdirәn varlıq demәkdirsə, bu keyfiyyәtlәr «Mazandaran çaqqalı» ifadәsindә daha da şiddәtlәndirilmiş olur. İfadә dilimizdә, adətәn, «hamıya it hürәr, bizә Mazandaran çaqqalı», «Mazandaranda çaqqal az idi, biri dә gәmiylә gәldi» (bu ifadə eşşəyə də aid edilir) deyimlərinin tәrkibindә işlәdilir.

***

Troya atı

►Hansısa bəd niyyəti, riyakar davranışı, xәyanәti həyata keçirmək üçün vasitə.

İfadə Homerin «İliada» əsərindən qaynaqlanaraq yayılmışdır.

Troya bizim eradan 300 il əvvəl mövcud olmuş şəhərdir. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhərlərindəndir.

Mәşhur Troya müharibəsinin (e.ə. XIII–XII əsrlər) Gözəl Yelena adlı qadın uğrunda başlandığı ehtimal olunur. Bir çox tarixçilər isə qadının sadəcə bəhanə olduğunu iddia edirlər. Çünki Troya varlı, həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Şəhər gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Troya ordusu Şərqdə ən güclü ordu hesab olunurdu. Onun başçısı isə Hektor idi. Troyanı işğal etməyə çox dövlətlər cəhd göstərmişdilər.

Uzun mübarizədə Troyanı zəbt edə bilməyən yunanlar hiylə işlətməyə məcbur olmuşdular. Odissey başda olmaqla taxtadan nәhәng bir at düzәldib içәrisinә bir dәstә döyüşçü oturtmuşdular. Qoşun hәmin atı çöldə qoyub çıxıb getmişdi. Məsәlәdәn xәbәrdar olmayan troyalılar darvazanı açıb atı hərbi qənimət kimi şәhәrә gәtirmişlər. Gecә döyüşçülәr taxta atın içərisindən çıxıb şәhәr darvazalarını açmış, beləliklə də qoşun Troyaya daxil ola bilmişdi.

Troya atı haqqında ilk ədəbi məlumatı antik yunan şairi Homer «İliada» poemasında vermişdir.

***

Həmədan eşşəyi

►Qanmazlığı, kobudluğu, gec anlamağı bildirmək üçün işlədilən ifadə.

İfadə vaxtilə İranın Hәmәdan әyalәtindә ağ-boz rәngli, çox iri, güclü vә qaba görünüşü olan eşşәk növü ilə bağlı yaranmışdır.

Əslində, bütün dillәrdә «eşşәk» sözü ənənəvi olaraq tərbiyəsizlik, qanmazlıq rәmzi kimi işlәnir. «Hәmәdan eşşәyi» ifadәsindә isә hәmin bu anlayışlar daha şiddәtlәndirilmiş tәrzdә әks etdirilir. İfadə özü təsadüfən yaranmayıb.

İranın Hәmәdan әyalәtindә ağ-boz rәngli, çox iri, güclü vә kobud görünüşü olan bir eşşәk növü geniş yayılmışdır. Eşşəklərə xas olan bütün keyfiyyətləri daşıyan bu heyvanın adının tez-tez hallanması birbaşa onun eybəcər və kor-kobud zahiri görünüşü ilə bağlıdır. Ona görə də qanmazlığı və hədsiz qabalığı ilə «fərqlənən» adamları məhz belə kobud eşşəyə tay tuturlar. Bir də Həmədan şəhəri vaxtilə eşşəklərin sayının hədsiz çox olması ilə fərqlənib. Böyük Sabirin taziyanələrinin birində buna işarə vardır:

Hәmәdanda qonağımdan xәbәr aldım: key şeyx,

Hansı mәxluq sizin şәһrdә bişәkk çoxdur?

Dedi: «Az isә dә bu şәһrdә sair mәxluq,

Leyk dәbbağ ilә sәbbağ ilә eşşәk çoxdur».


/Qaynaq: "Altun kitab" nəşriyyatının çap etdiyi "Tarix lüğəti" və "Məsəllər deyimlər" kitabı/



Anadil.az



Oxunub: 384
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR