"A mollalar, məni niyə döyürsünüz?" - Mirzə Cəlildən İNCİLƏR

Anadil: Bu gün Azərbaycanın böyük yazıçısı, dramaturqu və naşiri Mirzə Cəlilin - Cəlil Məmmədquluzadənin (1869 – 4.1.1932) doğum günüdür. Realist hekayələri (“Poçt qutusu”, “Qurbanəli bəy”), povest (“Danabaş kəndinin əhvalatları”) və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə ədəbiyyatımızı zənginləşdirən Mirzə Cəlil eyni zamanda “Molla Nəsrəddin” dərgisi ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

Anadil unudulmaz ədibin və aydının 145-ci doğum günündə onun seçmə faytonlarını təqdim edir:

XXX

A mollar, məni niyə döyürsünüz?

A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərədn agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsərdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya da Molla Nəsrəddin?

Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz ki, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri əlinizdən alar və başlar … dəxi dalısını demirəm.

Və bu da vaxt ola bilər ki, keçəl-küçəl, tumançaq və bambılı, bit və sirkəli qardaşlarım sizlə mənim təfavütümü başa düşələr. Hərçənd ki, siz də mollasınız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.

Başağrısı da olur. Amma bu barədə bir neçə söz deməyi lazım görürəm.

Bizim təfavütümüz bir neçə qismdir:

Əvvələn, mən molla ola-ola müsəlman qardaşlarıma vəz edən vaxt deyirəm: bir Allaha sitayiş edin, bir də peyğəmbərlərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərhəmzad, əcinə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix, amax, saşan, küflə qurdu, mığmığ, mozalan – bunların cümləsinə sitayiş edin.

İkinci, mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlarıma deyirəm: ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: gözünüzü yumunuz, mənə baxınız.

Üçüncüsü, mən bir müsəlman uşağı küçədə görəndə deyirəm: bala, burnunun fırtını sil. Və haman uşaq arxalığının qolu ilə başlayır burnunu silməyə. Amma siz mollalar haman uşağı görəndə deyirsiniz: “gədə, qırışmal, qaç atana de ki, vədə elədiyini bu gün göndərməsə, bir elə bəddua oxuram ki, yeridiyi yerdə daşa dönər”.

Dördüncü, mən də mollayam, siz də mollasınız. Amma bir balaca təfavütümüz budur ki, mən heç olmasa bir parça kağız üstünə bir neçə nağıl-nuğul yazıb ilan-qurbağa şəkli çəkirəm və paylayıram müsəlmanlara ki, oğul-uşaq şəkillərə baxıb gülsünlər və nökərlər kağızını alışıq edib, asanlıqla ocağı yandırsınlar. Amma siz mollalar deyirsiniz: uşaqların da canı cəhənnəmə, nökərlərin də.

***

Axund ilə keşişin vəzi


İrəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır.

Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.

Bir gün at ilə həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim.

Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.

Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi, bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu.

Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu.

Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfindən bu tərəfinə qaçırdı və pişik mızıldaya-mızıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər.

Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı.

İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım.

Keşiş uca səs ilə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” erməni dilində “vətən” deməkdir).

Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam.

Bu hində küçənin bir tərəfindən müsəlman danışığı eşitdim.

Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub.

Bunların biri Axund Molla Qurbanqulu Molla Qurbanquliyev idi.

Bu axundu mən çoxdan tanıyırdım: özü də İran əhlidir.

Molla Qurbanqulunun əlində bir kitab var idi.

Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.

Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:

- Erməni millətinin dünyada üç sevgili balası var: vətən, millət və dil.

Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.

Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi.

Molla kitabdan bu sözləri oxuyurdu: “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət* görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.

Keşişin belə səsi gəlirdi:

“Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.

Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bunilə belə erməni ölüm halında can verə-verə yenə deyib: “Vətən, vətən, millət, hayreniq!”

Ey mənim qardaşlarım, nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik.

Yaşasın vətən yolunda fəda olan erməni milləti!

Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse (Yaşasın), getse hayreniq!”

Molla Qurbanqulu kəndlilərə deyirdi:

- Ağacın altında, suyun qırağına bövl etmək** yaxşı deyil, çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər.

Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.

İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım...

_____________________________

*Ara həkimlərinin xəstədən qan almaq üçün istifadə etdikləri buynuzşəkilli alət
**Sidik ifraz etmək

***

Dəllək

Sadıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi:

“Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu.

“Bala, get sәn dә burnunu qanat!” - anası Mәmmәdvәliyә dedi.

Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu düyüb vurdu sol әlinin altından vә Mәmmәdvәlinin burnundan qan başladı axmağa.

Yarım saat qәdәrincә qan axdı. Mәmmәdvәli barmaqları ilә burnunun deşiklәrini tutdu ki, bәlkә qan kәsilә, amma qan kәsilmәk bilmәdi. Axırı anasını çağırdı. Anası dәxi qanın kәsilmәyinә bir çarә tapmadı. Bu heyndә Sadıq kişi әlindә әt sәbәti bazardan evә әt gәtirdi. Övrәt üzünü tutdu Sadıq kişiyә:

“A kişi, gәl gör, Mәmmәdvәlinin burnunun qanına nә çarә eliyirik kәsilmir; gәl bәlkә sәn bir çarә tapasan”.

Sadıq kişi oğlunun yanına yetişib, sağ әlinin barmaqları ilә yapışdı Mәmmәdvәlinin burnunun ucundan vә qoymadı qan axsın. Amma qan burnunun içindә şişib, genә yol tapıb, başladı axmağa.

“A kişi, qaç bazara - övrәti başladı uca sәslә Sadıq kişiyә demәyә. - Qaç tez Usta Hüseynin yanına. Onun hәkimlikdә sәriştәsi çoxdu. Tez qaç Usta Hüseynә de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç vә tez xәbәr gәtir”

Sadıq kişi әllәrinin qanını arxda yuyub, üz qoydu hәyәtdәn çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştәrinin başını qırxıb qurtarıb, qanatdığı yerlәrә pambıq düzürdü.

Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcәk onu müştәri hesab etdi vә qoltuq cibindәn aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb vә gözlәrini yumub bir salavat zikr etdi vә aynanı әvvәl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilindә vә gözlәrini açıb sol әli ilә başladı qırmızı saqqalını tumarlamağa vә bir dәfә dә salavat çevirib, aynanı qaytardı Usta Hüseynә vә dedi:

“Ay Usta Hüseyn, bizim Mәmmәdvәlinin burnu qanıyıb. Nә әlac edirik qan kәsilmәk bilmir. Arvad mәni yalvara-yalvara sәnin yanına göndәrib, bәlkә sәn bir çarә tapasan”.

Usta Hüseyn Sadıq kişidәn aynanı alıb әvvәl ona tәklif etdi ki, girsin dükana vә otursun sәkinin üstündә. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ әlini uzatdı vә Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünә. Usta başını bulaya-bulaya dedi:

“Ax, ax, vay, vay! Yazığım gәlir gününә, ay Sadıq kişi! Bilmirәm sәnin axırın nә günә qalacaq! Ay kişi, ya adını ermәni qoy, xalq bilsin ki, sәn müsәlman deyilsәn, yoxsa әgәr müsәlman olmaq istәyirsәn, qardaş, bu müsәlmançılıq deyil ki, sәn eliyirsәn. Kişi, utanmırsan başuvun tükünü bu qәdәr uzadıb qırxdırmırsan? Hәlә xәcalәt çәkmәyib deyirsәn ki, Mәmmәdvәlinin burnunun qanı kәsilmir? O allahın qәzәbidir ki, sәni tutub. Yoxsa harda görsәnәn şeydir ki, burnunun qanı kәsilmәyә? Sәnin tәk müsәlmanlar bundan da artıq bәlaya giriftar olacaqlar!”

Bu sözlәri deyә-deyә Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hәr iki әllәri ilә ovurdu ki, tüklәri yumşalsın. Sadıq kişi dinmәz-söylәmәz oturub başını әymişdi aşağı. Usta Hüseyn әllәrini әtәklәrinә silib götürdü ülgücü vә başladı daşın üstә çәkib itilәmәyә vә sonra bir neçә dәfә dә qayışa çәkib, Sadıq kişinin başını qırxmağa mәşğul oldu vә Sadıq kişiyә belә moizә elәdi:

“Sadıq әmi! Müsәlmançılığın şәrtlәri çox ağırdır. Az bir adam bu şәrtlәrin hamısını әmәlә gәtirә bilәr. Mәsәlәn, başı tüklü saxlamaq heç bilirsәn ki, necә böyük günahların biridir? Әvvәla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evindә heç xeyir-bәrәkәt olmaz. İkinci budur ki, insana növbәnöv bәdbәxtliklәr üz verәr. Mәn nәyә deyirsәn and içim ki, oğlunun qanının kәsilmәmәyi mәhz tәnbehdir ki, xudavәndi-alәm bu günahların qabağında sәnә göndәrib. Mәndәn sәnә vәsiyyәt: bir dә belә qәlәtlәri elәmә; yazıqsan, fağırsan. Yoxsa bir özgә cür bәdbәxtlik üz verәr, dәxi sonra peşimanlıq bir yerә çatmaz”.

Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qәpik çıxarıb uzatdı Usta Hüseynә vә dedi:

“Usta, allah atana rәhmәt elәsin”.

Vә usta Hüseyn pulu alıb cavab verdi:

“Allah sәnin dә atana rәhmәt elәsin”.

Sadıq kişi üz qoydu evinә getmәyә.

Hәyәtә girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kәsilib. Mәmmәdvәli bir uzun ağacdan at qayırıb minmişdi, hәyәti o tәrәfә çapırdı, bu tәrәfә çapırdı vә hәrdәnbir at kimi kişnәyirdi.


Anadil.az



Oxunub: 430
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR