SSRİ-də seks qalmaqalı: Qladiatorlar işi - ARAŞDIRMA

Anadil tarixçi Yadigar Sadıqlının "SSRİ-də seks qalmaqalı: Qladiatorlar işi" adlı araşdırmasını təqdim edir:

XXX

1955-ci ilin fevralı, Sovet İttifaqı Kommunist partiyasının birinci katibi Nikita Xruşşov ünvanına gələn məktublarla tanış olur. Əlbəttə, çoxmilyonlu əhalisi olan ölkədən gələn məktubların hamısı ona verilmirdi, onlar Mərkəzi Komitənin əməkdaşları tərəfindən ələnir və ən mühümləri partiya rəhbərinə göndərilirdi.

Məktublardan biri xüsusilə heyrətamiz idi. Anonim “Ana” imzası olan bu məktubda müəllif Moskvada əxlaqsızlıq yuvasının fəaliyyət göstərdiyini və qızının da aldadılaraq oraya cəlb edildiyi yazılırdı.

“Əziz Nikita Sergeyeviç!

Məktubu oxuyandan sonra anlayacağınız səbəblər üzündən adımı yaza bilmirəm. Amma yazdıqlarım, inanın ki, həqiqətdir. Mənim 18 yaşlı qızımın başına müsibət gəlib. Rəfiqəsi onu 60 yaşlı, özünü Konstantin Kirilloviç Krivoşeyin kimi təqdim edən bir nəfərlə tanış edib. Görüşlər başlayıb, əvvəlcə kino, sonra restoranlar, sonra dilə tutub ki, evinə gəlsin, guya ona pyes oxuyacaq. Qızım da sadəlövhlüklə razılaşıb. Sonrası sizə aydındır...”.

Daha sonra məktubda həmin mənzilin bəzi yüksək vəzifəli və rütbəli şəxslər üçün görüş yeri olduğu iddia olunurdu. Belələri arasında mədəniyyət naziri Georgi Aleksandrovun, akademik Aleksandr Yeqolinin, professor Sergey Petrovun adı çəkilirdi.

***

1939-cu ildə məşhur “Küləklə sovrulanlar” filminin çəkilişi ABŞ ictimai həyatında hadisəyə çevrilmişdi. Filmdəki rolları oynamaq uğrunda böyük rəqabət vardı. Bu işə təkcə aktyorlar deyil, kənar adamlar da qoşulmuşdular.

Hətta ABŞ prezidentinin arvadı Eleonora Ruzvelt filmin prodüsseri Devid Selznikə müraciət edərək qulluqçu Mammy roluna öz afroamerikalı qulluqçusunun çəkilməsini istəyir. Lakin birinci lediyə mədəni şəkildə “öz işinlə məşğul ol” eyhamı edilir. Əsasən kiçik rolların ifaçısı kimi tanınan Hetti MakDeniel bu rola dəvət olunur. Rejissorun seçimi özünü doğruldur və Makdeniel həmin rola görə “İkinci planda ən yaxşı qadın ifaçı” nominasiyasında qalib gələrək Oskar almış ilk afroamerikalı olur.

Əlbəttə, demokratik ölkədə prezidentin arvadının, hətta prezidentin özünün də xahişini rədd etmək və buna görə heç bir başağrısı yaşamamaq mükündür. Dövlətin hər şeyə nəzarət və müdaxilə etdiyi SSRİ-də isə bu, mümkün deyildi. Yüksək vəzifəli adamlarla münasibəti korlanan adamın karyerası da korlanırdı. Sərt rəqabətin hökm sürdüyü incəsənət sahəsində belə vəziyyət xüsusilə qabarıq idi. Günəş altında yer tutmağa çalışan aktrisaların, balerinaların taleyi bir çox hallarda istedaddan deyil, yüksək vəzifəli birinin lütfündən asılı olurdu.

Yeri gəlmişkən, SSRİ-nin bir çox rəhbərləri nərmə-nazik balerinalara xüsusi təvəccöh nümayiş etdirirdilər. Belələri arasında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin xüsusilə seçilirdi. Qoca yaşında azyaşlı balerinalara tamah salan Kalininin nurani görünüşü heç belə şuluq işlərdən xəbər vermirdi, amma gerçəklik belə idi. Qayıdaq öz mövzumuza...

***
Anonim məktubda adı keçən Konstantin Krivoşeyin gerçək fiqur idi. O, aşağı səviyyəli yazar idi, uydurduğu əsərlər ən yaxşı halda ucqarlarda özfəaliyyət teatrlarında səhnələşdirilirdi. Amma bu, ona Moskvanın mərkəzində üçotaqlı mənzilə sahiblənməyə mane olmamışdı.

Halbuki, o zaman Moskvada çox az adamın ayrıca mənzili vardı. Bunun üçün ya yüksək ranqlı məmur, ya da məşğul olduğun sahədə xüsusilə fərqlənmiş birisi olmaq lazım idi. Əhalinin əksəriyyəti kommunal mənzillərdə yaşayırdı. Belə məzillərdə hər ailənin ayrıca otağı vardı, mətbəx, duş, tualet isə ümumi idi.

Sovet hökumətinin mövcud olduğu 35 il ərzində “xalq dövlət üçündür” siyasəti yürüdülürdü. Yalnız Xruşşov hakimiyyətə gələndən sonra dövlətin də xalq üçün nəsə etməli olduğunu düşündü və çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıldı.

Belə bir dövrdə isə Krivoşeyin Moskvanın mərkəzində, Arbatın yaxınlığında, çarizm zamanı tikilmiş dəbdəbəli binada üçotaqlı mənziyə yiyələnmişdi. Xüsusi istedadı ilə fərqlənməyən birisinin bunu əldə etməsi yalnız yüksək himayə sayəsində mümkün ola bilərdi.

Məktubda adı keçən digər şəxslər də gerçək idilər. Georgi Aleksandrov parlaq bioqrafiyaya malik idi. 1908-ci ildə anadan olmuşdu, 1920-ci illərin əvvəllərində Tambovda uşaq evində böyümüşdü. 27 yaşında fəlsəfə elmləri namizədi, 31 yaşında elmlər doktoru, cəmi 38 yaşında isə Elmlər Akademiyasının həqiqi üzvü olmuşdu. Həmin yaşa qədər iki dəfə Stalin mükafatı almışdı. Bir sıra vəzifələr tutandan sonra 1954-cü ilin martında mədəniyyət naziri təyin olundu. SSRİ Ali sovetinin deputatı idi. O, qalmaqalda adı keçən ən yüksək ranqlı məmur idi.

SSRİ-də seks qalmaqalı: Qladiatorlar işi - ARAŞDIRMA

Aleksandrov və Xruşşov

***

Nikita Xruşşov faktı araşdırmaq üçün məktubu partiyanın Mərkəzi Nəzarət Komissiyasına göndərdi. Burada araşdırmaya başlayan kimi daha bir məktub aşkar etdilər. Özü də Moskva prokurorluğuna ünvanlanan həmin şikayətin müəllifi anonim deyildi, Zinaida Lobzikova adlı qadın idi.

Onun təsvir etdiyi proses belə idi. Balet məktəbində oxuyan qızı Alina Krivoşeinlə tanış olur. Yazar qıza mədəniyyət naziri ilə dost olduğunu və karyerasına kömək edəcəyini, bir gün Böyük teatrın prima balerinasına çevriləcəyini söyləyir. Qız Aleksandrovla tanış olur və intim əlaqəyə girir. Amma nazir bir müddət sonra Alinanı akademik Yeqolinə ötürür. Heç bir karyera irəliləyişi də baş vermir.

Lobzikovanın məktubunda maraqlı bir cəhət də o idi ki, o, qızının başına gələn hadisələrin Moskvadakı mənzildə deyil, Moskva yaxınlığında Valentinovka qəsəbəsindəki bağ evində cərəyan etdiyini yazırdı.

Valentinovka 1930-cu illərdə Stalinin qərarı ilə Moskva İncəsənət teatrı, Böyük teatr və Kiçik teatr personalı üçün bağ sahəsi kimi ayrılmışdı. Necə olmuşdusa, bu teatrlara heç bir aidiyyatı olmayan Krivoşeyinin burada da bağ evi vardı.

Mərkəzi Nəzarət Komissiyasından (MNK) Zinaida Lobzikova ilə əlaqə saxlamaq istəyəndə məlum oldu ki, o, məktubu göndərəndən qısa müddət sonra naməlum şəxslərin hücumuna məruz qalıb və aldığı xəsarətlərdən xəstəxanada keçinib. Öncədən deyim ki, bu cinayətin üstü açılmadı.

Birinci məktubda adı keçənlərdən başqa Kommunist partiyası MK-nin elm və mədəniyyət şöbəsinin müdir müavini Vladimir Krujkovun , EA-nın müxbir üzvü Mixail İovçukun və başqalarının orgiyalarda iştirak etməsi məlum oldu. Qalmaqal rəsmən ictimailəşməsə də geniş yayıdlı və “Qladiatorlar işi” adını aldı. Nə qədər gerçək olduğu bilinməyən rəvayətə görə, bu ad aşağıdakı epizodla bağlı idi.

MNK-nın araşdırmasından sonra məsələ Moskva şəhər partiya komitəsinin bürosunda müzakirə olunur (aydın məsələdir ki, fiqurantlar hamısı partiya üzvü idi). İclasda iştirak edən Xruşşov üzünü 59 yaşlı Yeqolinə tutub səsini qaldırır: “Aleksandrov cavandır, anlayıram. Sən bu yaşda hara soxulmusan?”. Dil-dodağı topuq vuran Yeqolinin ağlı “ya tolko qladil” (mən sadəcə sığallayırdım) deməyə çatır. Xruşşov da buna “qladiator olub mənim üçün” cavabını verir.

Qalmaqal inzibati tənbehlərlə yekunlaşdı. Xruşşov cinayət təqibinə başlanılmasını istəmədi. Parlaq gələcəyi haqqında parlaq xəyallar quran Aleksandrov vəzifəsini və deputat mandatını itirdi. Belarusiya EA-nın Fəlsəfə və hüquq institutunda sektor müdiri təyin olundu. Əslində “yaxşı qurtardım” deyə bilərdi. Amma hakimiyyət Olimpindən bu qədər aşağı düşməsinə ürəyi dözmədi və 1961-ci ildə 53 yaşında vəfat etdi.

Krujkov Sverdlovska, Ural Dövlət Universitetində dərs deməyə göndərildi. Akademiklərə isə toxunulmadı. Zatən xüsusi bir vəzifələri yox idi. Adı keçənlərdən həbsə düşən yeganə şıxs Konstantin Krivoşeyin oldu, o da bu işə görə deyil, əntiq əşyaların satışı möhtəkirliyinə görə. Onun sonrakı taleyi və vəfat tarixi məlum deyil.

***

Artıq aşkarlıq və yenidənqurma dövründə, 1986-cı il iyulun 17-də SSRİ-nin Leninqrad və ABŞ-ın Boston şəhərlərinin qadınları arasında telekörpü keçirilirdi. Qadınlar çox şeydən danışır, çox şeylə maraqlanırdılar. Siyasət, müharibə, qadın hüquqları, uşaqlar və s. Qəfildən amerikalı iştirakçılardan biri soruşdu: “Bizdə telereklamlarda hər şey seks ətrafında fırlanır. Sizdə də belə telereklamlar varmı?”.

O zaman SSRİ-də telereklam hələ yox idi. Üstəlik, kimsə seks sözünü ucadan tələffüz etmirdi. Seks və pornoqrafiya sinonim sayılrdı. Buna görə də sovet qadınlarından biri, “Leninqrad” mehmanxanasının rəhbəri Lyudmila İvanova amerikalıları mat qoyacaq cavab verdi: Bizdə seks yoxdur və biz bunun qəti əleyhinəyik!

Əlbəttə SSRİ-də seks vardı. Bir çox sovet liderlərinin (Beriya, Yaqoda, Yejov, Kirov, Lunaçarski, Budyonnı, Kalinin və s.) eyş-işrət dolu həyatı buna sübutdur. Onların arasında Avel Yenukidze kimi pedofil belə verdı. Amma sovet tarixinin ən böyük seks qalmaqalı “Qladiatorlar işi” oldu.


Anadil.az

Oxunub: 478
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR