Sözlə güzgülənən adamın hekayəsi - Məti Osmanoğlu YAZIR

Anadil: Azərbaycanın tanınmış şairi, tərcüməçi və alim Xaqani Qayıblının 60 illiyi münasibətilə Məti Osmanoğlunun "Sözlə güzgülənən adamın hekayəsi" yazısını təqdim edir:

XXX

Xaqani Qayıblının müəllimi, semiotika elminin böyük ustadı Yuri Mixayloviç Lotman proza süjetləri ilə poeziya süjetlərinibir-birindən ümumiləşdirmə dərəcəsi ilə fərqləndirirdi. Onun nəzəri yanaşmasına görə, proza süjetləri həyatda baş verən adi hadisələrdən biri haqqında hekayəni əks etdirdiyi halda, “poetik süjet özünü... əsas və tək Hadisə - lirik dünyanın mahiyyəti haqqında hekayə kimi təqdim edir”. Bundan belə məna çıxartmaq mümkündür ki, hər bir şairin yaradıcılığının bütöv, tək bir süjeti var və bu süjetdə şeirin tərcümeyi-halı, şairi şair eləyən Sözün keçdiyi yolun hekayəsi əks olunur.

Bu yazını hazırlayarkən mənə insan kimi də, şair kimi də çox doğma olan Xaqani Qayıblının şeir yaradıcılığındakı əsas hadisənin, lirika dünyasının hekayəsini, şairin bədii yaradıcılığının haradan başlayıb haraya üz tutduğunu, nələrlə qarşılaşıb, nələrdən aşıb nələrə və nərələrə gəldiyini oxumağa çalışmışam. Əlbəttə, mülahizələrim tam subyektiv görünə bilər və bunun mənə qəbahət sayılmayacağına inanmaq istəyirəm – bu, şeirin təbiətindən gəlir. Yəni hər kəs oxuduğu mətndən öz şeirini “yaradır”, hər kəs şairə və şeirə öz anlayışlarının hüdudları ölçüsündə yanaşır...

Sözlə güzgülənən adamın hekayəsi - Məti Osmanoğlu YAZIR


Xaqaninin on il bundan əvvəl nəşr etdirdiyi “Yenə canım söz gəzir” kitabındakı ilk şeirlərin yazılma tarixi 1984-cü il, məkanı isə Ceyrançöl qışlağı göstərilib. Başqa sözlə desək, kitaba salmağa layiq bildiyi ilk şeirlərini yazanda Xaqani 20 yaşında olub. Ceyrançöldən“başında quzu dərisindən şiş çoban papağı, əlində qamçı, kürən atın belində” yola çıxan cavan oğlan elə o vaxtdan da bir şairin sorağı ilə gələcəyə doğru yol gəlməkdədir. O vaxt sorağına gəlməkdə olduğu şairlə onun arasındanəyinsə olduğununda fərqində idi, ancaq bunun şeir olduğundan hələ xəbəri yox idi. Şişpapaq oğlan dağlara baxanda Səməd Vurğunun “Dağlar”ı xəyalından keçir, dünya haqqında düşünəndə Qaraçöp elinin adlı sənətkarı Aşıq Musanın oxuduğu ustadnamələr yadına düşür, vətən deyəndə isə mütləq Məmməd Arazı xatırlayırdı. Xaqaninin ilk yazılarında adı ən çox xatırlanan şair Məmməd Araz, ən çox təkrarlanan obraz da bölünmüş Azərbaycanın ayrılıq rəmzinə çevrilmiş Arazdır.

Bununla belə, Xaqani uşaqlıqdan içində “əlçatmaz arzu kimi”, “Ağatlı oğlana dönüb xəyalından ağ yuxu kimi” keçən bir şairin böyütməkdə olduğunu da aydınca hiss edirdi:

Könüldən uzaqda, gözdən uzaqda,
Hardasa, hardasa bizdən uzaqda
Bir uşaq can atır şair görməyə...


Həmin uşağın şeir yazmağa, bədii obraz axtarışlarına yeni başlayan şişpapaq oğlandan xəbəri olmasa da, şişpapaq oğlan o uşağın üzünə xəyallardan bir şairin boylandığına əmin idi:

...Bir uşaq hərdənbir baxır güzgüyə,
Qonur gözlərində kədəri qoxdur,
O elə can atır şair görməyə,
Güzgüdən baxandan xəbəri yoxdur...


(Xaqani güzgüdən boylanan adam mövzusuna xeyli sonra “yarıhəqiqət nağıl illərin” üstündən qanrılıb yenidən baxacaqdı və onda artıq həmin uşaq da böyümüş olacaqdı...)

Yaradıcılığın ilk illərində qələmə aldığı yazıların müəllifinin şair olub-olmadığı barədə Xaqaninin tərəddüdlər içində olduğunu görürük. Çoban libasında at belində gedərkən onu tanımayan dostu Dilqəmə ona görünüşünə görə yox, “odlu qələminə” görə qiymət verməyi tövsiyə edən, qardaşı Vilayətin onu şair adlandırdığı üçün sevinсindən qanadlanan (bu sözün eşqinə ayrıca bir şeir həsr eləyən) şişpapaq oğlan nə qədər özünə şair olduğunu təlqin eləsə də, tərəddüdlərdən qurtula bilmirdi:

Mən, vallah, nə vaxtsa şair olacam,
Ağlıma gələnlər başıma gəlsə...


Xaqaninin içindəki tərəddüdlərin və düşüncələrindəki axtarışların təxminən dörd il sürdüyünü söyləmək mümkündür. Əslində, bunu şairin özü etiraf edir:“...ömrümün ən azından iki ilini, 24-25 yaşlarımda söznən qolboyun, bağrıbadaş yaşamışam”. Xaqani bundan əvvəlki qələm təcrübələriniisə “yenicə addım atmağa başlayan bir körpənin yıxıla-yıxıla yerimək məşqləri” adlandırır...

Xaqaninin məşqdən əsas hadisəyə, şeir dünyasına keçdiyi həmin iki ildə nə baş vermişdi?

Bu suala da Yuri Mixayloviçin mülahizəsi ilə cavab verməli olsaq, “pis” və “yaxşı” poeziya” təsnifatını aparan alim, içində informasiya olmayan və ya informasiyası az olan, başqa sözlə desək, məna yükü hamıya bəlli və gözlənilən olan şeiri “pis şeir” hesab edirdi. “İnformasiya isə yalnız o zaman meydana gəlir ki, mətn əvvəlcədən təxmin edilməsin. Buna görə də şair oxucu ilə oxucunun irəli sürdüyü şərtlər daxilində oynaya bilməz: “şair-oxucu” münasibəti daim gərginlik və mübarizədir. Bu konflikt nə qədər gərgin olarsa, oxucu öz məğlubiyyətindən bir o qədər qazanmış olur”.

Mənə elə gəlir ki, kənddən şəhərə təzəcə gəlmiş 24 yaşlı Xaqaninin yaradıcılıq intibahı bu həqiqəti anadangəlmə şair fəhmi ilə şüuraltı şəkildə dərk etməsindən başlamışdı. Xaqaninin mətbuatda ilk şeiri də elə həmin vaxt – 1988-ci ildə nəşr olunmuşdu. “Yaşıl işıq” şeiri Xaqani Qayıblının yaradıcılıq yoluna yaşıl işıq yandırdı və bu şeir o vaxt çox qələbəlik və hərəkətli olan əbəbi mühitə cavan şairin “informasiyasını” gətirmiş oldu. Şeir şəhərlə təması təzə başlayan, şəhər həyatına alışa bilməyən, şəhərin “oyun qaydalarına” nabələd olan kənd adamının sırf şəhər elementi olan yol işığı ilə bağlı təəssüratından qaynaqlanır və assosiativ yozum, siyasi mənalandırma üçün geniş meydan açırdı.

Hələ yaşıl işıq görməmişəm mən,
Kəsib yollarımı, keçidlərimi
Qırmızı işıqlar, sarı işıqlar...
Mənim yollarımı keçilməz edən
Yarı taleyimdi, yarı işıqlar.


Bu şeirin maraqlı tərəfi sadəcə “qırmızı işıqlara”, “sarı işıqlara” siyasi məna verməsində, işıqdan metafora yaratmasında deyil, cavan şairin öz duyğularını şeir dilinə çevirməyi bacarmasında, oxucuya yeni poetik “informasiya” ötürə, təsəvvürlərdə “daşlaşmış”, normaya çevrilmiş çərçivədən, tanış sistemdən kənara çıxa bilməsində idi. Şəhərin rəngli işıqlarına alışa bilməyən cavan şair bu şeirdə öz taleyinin süjetini qura bilmişdi.

Zehnimizdəki “qırmızı-sarı” fobiyası səngiyəndən sonra da bu şeirin öz şeiriyyətini saxlamasının başlıca səbəbi məhz “yaxşı şeir”, informasiyalı mətn olmasıdır. Bu mətnin alt qatında müəllifin hələ uyğunlaşa bilmədiyi şəhər həyatı ilə içindəki qəribliyin, yadlığın incə bir münaqişəsi cilvələnir. Sonradan qəriblik, qürbət Xaqani yaradıcılığının leytmotivinə çevriləcəkdi ki, bunun daha çox anadan gələn irsi-genetik amil olduğunu düşünürəm...

Xaqaninin sözlə “qol-boyun” yaşadığı illərdə kəşf etdiyi həqiqətlərdən biri də “yaxşı şeir” üçün tələb olunan informasiyanın uzaqlarda, Qaf dağının arxasında, yaxud Arazın o tayında deyil, elə Ceyrançöl qışlağında, Keçəlqora yaylağında, gördüyü üzlərin astarında olduğunu dərk etməsi idi. “Astar-üz” şeiri belə yaranacaq, şeir gənc şairə “gizlindən gələn səsin” (informasiyanın) ünvanını, “o üzü” göstərəcəkdi:

Hər şeyin bir üzü xoş gəlir bizə,
Hər şeyin o üzü tökülüb qalıb...
Hər şeyin bu üzü göz oxşasa da,
Gözlərim o üzə dikilib qalıb.


Buradakı “o üz” Arazın o üzündən daha uzaqlara, yaddaşın başladığı yerə və zamana gedirdi. Xeyli sonra Allahverdi Təkləlinin şeirinə cavab kimi yazdığı, “Bir vaxt mən də quzuçuydum Keçəlqorada” misrası ilə başlayan şeirdə şişpapaq oğlanın içindəki böyük şair bütün əzəməti və saflığı ilə üzə vuracaqdı:

Ha qorğandım quzğunlardan qoruyammadım,
Quzu baxtım itik düşdü – sərdənə çıxmır...
...Ömür zəmim həşəm oldu elə o vaxtdan,
Sovururam günlərimi, gəl, dənə çıxmır!


Bu misralardakı informasiya bolluğu, fikrin genişliyi və azadlığı dilin təbii şəkildə yaddaşın dərinliklərindən çəkib gətirdiyi enerjinin sonsuzluğundadır. Şeir sanki yaddaşın unutduğumuz, sonuncu yadigarlarını Keçəlqora yaylağında, Ceyrançöl qışlağında qoyub arxa çevirdiyimiz layını hərəkətə gətirir. Həmin layın altında isə tarixin ən dərin zamanlarına gedib çıxan tərəkəmə həyatı və məişəti, etnik mədəniyyət mürgüləməkdə, mürgü döyə-döyə də bizdən uzaqlaşmaqdadır. Onu indi yalnız bu cür “gizlindən gələn səslə” çağırıb, mobil telefon ekranındakı şəkil kimi böyütmək, özümüzə yaxınlaşdırmaq mümkündür. Heç şübhə etmirəm ki, bir az keçəndən sonra bu cür mətnlərdəki sözlərin mənasını “qazıb” ortaya çıxartmaq üçün linqvistik arxeologiya (belə bir elm sahəsi var) təqdiqatı aparmağa ehtiyac olacaq.

Çəkə tut, oğlum, çəkə tut,
Çəkə tut atın başını.
Çalış bircə çəkə tutma
Bu boş həyatın başını.
Çəkisini düzəlt atın,
Çəki nədir, həyat bilməz...
Çəksən başını həyatın –
Ömrün çiləsi çəkilməz.


Bu şeir Xaqaninin Estoniyada doğulan, orada böyüyən, orada təhsil alan və sırf azərbaycanlı intellektual kimi yetişən, Qaraçöpdə ilk dəfə at üstünə qalxan oğlu Şərif-Turana müraciətidir. Şeirdəki söz və səs oyunu, misraların başında “ç” səsinin yaratdığı alliterasiya at ayaqlarının səsinin ahənginə qovuşur. Mətndə “çək” sözüdaşlı yolda cilov gəmirən köhlən at kimi uçum-uçum uçunur, mənadan-mənaya keçir. Atın başını çəkə tutmaq – at sürməyin birinci şərtidir, atın cilovunu əlində tarım saxlamalısan. Həyatın başını çəkə tutmaq, dünya malına qıymamaqdır, həyatın, dünyanın və dünya malının başını çəkə tutmağa dəyməz. Atın çəkisi yəhəri atın belində kip və taraz saxlamaq üçündür, həyatsa çəki-düzən, nizam, tarazlıqtanımır. Çəki həm də dəyərdir, ölçüdür. Ömrün çiləsini çəkmək, dərd, əzab çəkməkdir... Şeirdə “Dədə Qorqud” mətnləri ilə əks-səda verən səs və söz düzümü şeirə gizlindən “informasiya” ötürən yaddaşla şairin dialoqunu yaradır...

Mənə elə gəlir ki, Xaqaninin şeirlərində iki motiv süddən – anadan gəlir. Birincisi, qəriblik motividir. Xaqaninin anası Şərifə mama övladlarına hiss etdirib-etdirmədiyini deyə bilmərəm, ancaq içindəki qürbətlə bağrıbadaş yaşamaq onun qədəri idi. Yəqin ona görə qürbət Xaqaninin şeirlərinə bu qədər doğmadır və bu, yalnız yurdla insan arasındakı məsafə ilə ölçülə biləcək hadisə deyil. Bu, Xaqaninin bir insan kimi öz içindəki, bir şair kimi şeirlərindəki qürbətdir və əvvəldən sona qədər onu izləməkdə, təqib etməkdə, onunla qol-boyun yaşamaqdadır:

Qəribə olurlar qərib adamlar –
Danışar lal, susqun baxışlarıyla,
Gülümsər alnının qırışlarıyla,
Soruşsan, vətənə gedən yolları –
Ölçər Göyüzünü qarışlarıyla...
Qəriblər qəribə yaşayar ömrü!


Xaqaninin şeirlərinin bir qanadı da onun sözlə, şeirlə dialoqu, sözlə, şeirlə güzgülənməsi, özünü şeirdə, sözdə görməsidir. Qolboyun, bağrıbadaş olduğu söz onun şeirlərində şəxsləndirilir, insanlaşdırılır və daim onu müşayiət eləyən insan kimi yol yoldaşına çevrilir:

Söz mənim başıma min oyun açıb,
Mən sözün başında ip salmamışam...


Mən Xaqaninin şeirlərindəki sözə tapınmanın da anadangəlmə miras olduğunu düşünürəm. İçində qəriblik yaşadan Şərifə mamanın ən yaxın sirdaşı və ən səmimi inancı Söz idi. "Anam sağlığında mənə qəribə bir vəsiyyət eləmişdi: “Bax, haa, Xaqani, bilirəm, harda olsan, sən gəlib mənim cənazəmə çatacaqsan. Qapımızdakı tut ağacının yanında camaatı saxlayıb, mənə şeir deməsən, qəbrim od tutub yanar, məhşərə qədər də sənnən barışmaram!""

Xaqani Qayıblının yaratdığı poetik süjetin hansı tərəfindən baxsaq, orada – Qaraçöpdə, Ceyrançöldə, Kaxetdə, Bakıda, Berlində, Tartuda, İstanbulda... sözlə güzgülənən bir adam görəcəyik.

Arzusu-istəyi başından aşır,
Umudu dizinə dirəncək edib,
ayağı altına yığır illəri.
Bu adam güzgüdə yaman yadlaşır,
Dönüb Məlikməmməd olur bu adam...
Hərdən də Ağatlı oğlanı olur
Bu yarıhəqiqət, nağıl illərin...


Sözə tapınmaq, özünə sözdən baxmaq, sözlə güzgülənməkdə bu Ağatlı oğlanın qanından gəlir. Sözünün sədası yaddaşımızın dan üzündən gələn bu oğlan sümük tərəfdən ruhaniyyət əhli Sofu İsanın, süd tərəfdən də Güzgülü Əhmədin – böyük yazıçımız İsa Muğannanın ömrünün son dövründə qələmə aldığı “Güzgülü Əhməd” hekayəsinin qəhrəmanı alicənab kişinin nəvəsidir...


Anadil.az


Oxunub: 530
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR