Qeyri-adi Vaqif... - Əfsanəvi cazmen haqqında MARAQLI FAKTLAR

Anadil: Bu gün cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadənin (1940 – 16.12. 1979) anadan olmasının 84-cü ildönümüdür.

Böyük sənətkarı ehtiramla anır və onun həyatından maraqlı faktları təqdim edirik:

XXX

Vaqif Mustafazadə Bakıda, İçərişəhərdə doğulub.

Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə anası məşğul olmağa başlayıb. O, məktəbdə musiqi müəllimi olub.

***

Filologiya elmləri doktoru, prof. Rafael Hüseynovun yazdığına görə, Vaqifin anası Zivər Əliyeva dahi Üzeyir Hacıbəylinin tələbəsi olub və ondan muğamın sirlərini öyrənib: "Vaqifin də ürəyinə muğam sevgisini (və bilgisini) damızdıran ən əvvəl anası idi. Hər muğam sədasının gözəlliyinə, təkrarsızlığına Vaqif Mustafazadənin öz heyranlığını necə ifadə etməsi barədə onunla sinif yoldaşı olmuş Rəşid Şəfəqin mənimlə bölüşdüyü bir müşahidə riqqət doğurur.
Vaqif anasından hansısa muğam parçasını, hansısa guşəni, hansısa şöbədən digərinə keçidi çalmağı xahiş edərmiş. Dinləyərmiş, “bir də çal” deyərmiş.
Zivər xanım yenə çalarmış, təbii ki, yüzdə yüz əvvəlki kini deyil, muğama xas tərzdə, azacıq da olsa bayaqkından fərqli çalarmış.

Bu dəyişən və dəyişdikcə bitməyən gözəlliyə növbəti və növbəti dəfə valeh olan Vaqif hər dəfə əyilib anasının barmaqlarından öpərmiş..."

***

Gənc Vaqif 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək, Bakı Musiqi Akademiyasına daxil olub. Burada kiçik konsertlər verib, klublarda çıxış edib. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib. Vaqifin məşhurlaşması da elə həmin zamandan başlayıb.

***

Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirdikdən sonra 1965-ci ildə 25 yaşlı Vaqif bu dəfə Tbilisiyə gedir. 1966 və 1967-ci illərdə o, Tallində keçirilən caz festivallarında Gürcüstanı təmsil edir və iki dəfə qran-priyə layiq görülür. Daha sonra gürcü musiqiçilərinin dəvəti ilə o, yenidən Gürcüstana gedir və “Orera” vokal-instrumental ansamblının rəhbəri olur. Caz ifaçısının yaratdığı ansamblardan birincisi Gürcüstanın Dövlət Filarmoniyası nəzdində “Qafqaz” caz triosu olur.

Bundan başqa, o, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib.

***

Gürcüstanın tanınmış musiqiçisi Tamaz Kuraşvili azərbaycanlı caz ifaçısı ilə tanışlığını yaradıcılığı üçün ən böyük stimullardan biri adlandırıb: “Onu “Orera”ya konsertmeyster kimi dəvət etdilər. Bundan əvvəl bu cür pianoçunun olduğunu və caz musiqisinin belə səslənə biləcəyini təsəvvür belə etmirdim. İlk gündən biz dost olduq. Bir dəfə Vaqifdən pianoda ifa etməyi öyrənmək üçün nə qədər müddətin tələb olunduğunu soruşdum. O, cavabında ən azı iki il dedi. Biz bir yerdə, onun vaxtsız vəfatına qədər fəaliyyət göstərdik”.

***

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum şəxs içindən 39 yaşlı Vaqifin də adı çəkilib. O, Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdıb.

***

V.Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Bununla yanaşı, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir.

O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb.

Görkəmli sənətkarın yeni devizi caz-muğam adlanıb.

***

Vaqif Mustafazadənin qohumu, eyni zamanda onun ev muzeyinin direktoru Afaq Əliyeva 2015-ci ildə mətbuata açıqlamasında deyib: "1969-cu ildə Gürcüstandan Azərbaycana qayıdan Vaqif Mustafazadə “Bakı-1969” caz festivalında iştirak edir. Səhnəyə çıxdıqda hamı onu alqışlayır. Bakılılar Vaqif Mustafazadəni yenidən səhnədə gördükləri üçün çox sevinir. Vaqif ifa etməyə başlayır. Onun “76” adlanan bir kompozisiyası var. Əsərdə 76 takt olduğuna görə belə adlanır. Vaqif bu caz kompozisiyasını ifa edərkən birdən-birə “Bayatı Şiraz” muğamına keçir. Bununla da Vaqif cazla muğamı sintez edə biləcəyini anlayır".

***

V.Mustafazadə iki dəfə ailə qurub. A.Əliyevanın bu haqda dediklərindən: "Vaqif gənc olanda tez-tez Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA - red.) gedər və gecələr orada təşkil edilən konsertlərdə musiqilər ifa edərdi. Oranın bütün tələbələri Vaqifi çox sevirdi. Vaqifin birinci həyat yoldaşı olan Nərminə xanım da ADNA-da təhsil alırdı. Onları rejissor Rüstəm İbrahimbəyov tanış etmişdi. Nərminə ləzgi qızı idi. Vaqiflə Nərminənin Səadət Sarayında rəsmi nikahları oldu. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəldi. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmədi. Çünki Nərminə mühəndis, Vaqif isə musiqiçi idi. Bəlkə də, Nərminə xanım anlamırdı ki, necə bir insanla ailə həyatı qurub, Vaqif necə bir musiqiçidir və onunla hansı tərzdə rəftar etməlidir. Nəticədə onların münasibəti pozuldu... Vaqif Mustafazadə boşandığı dövrdə Konservatoriyada oxuyurdu. Birinci kursda oradan çıxıb, Tiflisə getmişdi. Çünki gürcülər onu “Orero” ansamblının rəhbəri vəzifəsinə dəvət etmişdilər. Vaxtanq Kikabidze, Nani Prikivadze Vaqifin ifasını çox bəyənmişdilər. Bakıda isə həmin vaxtlar caza maraq çox deyildi.

Vaqif Tiflisə köçəndə orada Elza ilə tanış olub. Elza gürcü qızıdır, görürdü ki, Vaqif çox istedadlı bir pianoçudur, pərvanə kimi Vaqifin başına dolanırdı... 1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil etdi. O festivaldan sonra Vaqifi bütün dünyada tanıdılar. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev bundan sonra dedi ki, Vaqif ölkəsinə qayıdıb, Azərbaycanı təmsil etsin. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır. Həmin vaxt Elza hamilə idi. Amma Vaqiflə evli deyildilər. Zivər xanım Vaqifə dedi ki, bala, ayıbdır, Elza uşağı dünyaya gətirməmiş gərək sən onunla nikaha girəsən. Mən bütün bunları öz gözlərimə görürdüm. Elza çox artistlik edirdi. Biz onun bu əməllərini sonradan başa düşdük. Elza Zivər xanıma “mamoçka, mamçka” deyə-deyə rəsmi nikaha düşdükdən sonra qayınanasına münasibəti dəyişdi. Ev aldıqdan sonra daha Zivər xanımı tanımadı..."

***

Müxtəlif fəxri adlar almasına, nüfuzlu müsabiqələrin laureatı olmasına baxmayaraq Vaqif efirlərə nadir hallarda dəvət olunurdu. Dövlət teleradiosunda onun kompozisiyaları fon musiqisi kimi müntəzəm olaraq istifadə edilsə də, üzü az-az göstərilirdi. Səbəb isə həmin dövr üçün qeyri-adi görünüşü, bir az da dəqiqləşdirsək, uzun buruq saçları və bığları idi. Ekrana çıxmaq üçün ondan görünüşünü səliqəyə salmaq tələb edilur, lakin hər dəfə də Vaqifdən rədd cavabı gəlirdi.

Hətta bir dəfə televiziyanın özünü marksist adlandıran o vaxtkı rəhbəri bütün bunlardan cana doyaraq Vaqifə: “Başa düşmürəm sən bu bığla necə çay içə, çörək yeyə bilirsən?” deyir. Vaqif isə kinayə ilə “Marks kimi” cavabını verir.

***

Vaqif Mustafazadənin ev muzeyində maraqlı eksponatlar var. Onlardan birini - VEF 12 radioqəbuledicisini Vaqif 16 yaşında alıb. Dövrün məşhur cazmeni Uillis Konoverin aparıcısı olduğu "Amerikanın səsi" proqramını isə Vaqif səbirsizliklə gözləyirmiş. Sevimli cazmenləri - saksafonçu Con Koltreynin, pianoçu Bill Evansın və digərlərinin ifasına qulaq asıb, veriliş bitəndən sonra onları piaoninoda ifa edirdi. Bu anlar radionun yanındakı köşədə asılan fotolarda öz əksini tapıb.

Ancaq Vaqifin yəqin ki, heç vaxt ağlına gəlməzdi bir gün elə həmin "Amerikanın səsi"ndə onun ölüm xəbəri veriləcək. Görkəmli sənətkarın qəfil vəfatı haqqında danışan Uillis Konover "müasir cazın görkəmli musiqiçisi Daşkənddə qastrol zamanı dünyasını dəyişib" demişdi.

Yeri gəlmişkən, 1989-cu ildə yaradılan bu ev muzeyində cazmenin maqnitofonu, qrammafon valları, ikinci həyat yoldaşı Elza Mustafazadənin albomları da saxlanılır.

***

V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək çatışmazlığından vəfat edib. O, royal arxasında qızı Əzizəyə həsr etdiyi kompozisiyanı ifa edərkən həyata gözlərini yumub.

***

Deyilənə görə, Daşkənddəki həmin konsertə az sayda tamaşaçı gəlibmiş.

Vaqif bundan çox əsəbləşir, ona həkimlər icazə verməsə də səhnəyə çıxır və “Əzizəni gözləyirəm” musiqisini ifadə etdiyi zaman ürəyi tutur...

***

Nəşi Bakıya gətirlən sənətkar Yasamalda dəfn olunub.

Hazırda onun yolunu qızları Lalə Mustafazadə və Əzizə Mustafazadə davam etdirir.


Anadil.az



Oxunub: 328
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR