Siciliya mafiyasını çökdürən adam - ARAŞDIRMA

Anadil tarixçi Yadigar Sadıqlının "Tommazo Buşetta: mafiyanı çökdürən adam" məqaləsini təqdim edir:

XXX

Bir vaxtlar qorxunc qüvvəyə çevrilmiş, metastaz verən xərçəng kimi İtaliyanın bütün qurumlarına, hətta başqa ölkələrə nüfuz edən Siciliya mafiyası indi tam məhv edilməsə də, qüdrətinin çox hissəsini itirib. Bunun bir sıra obyektiv səbəbləri vardı, məsələn, İtaliya ictimai rəyinin mafiyaya qarşı köklənməsi və bəzi mafiya liderlərinin öncədən proqnozlaşdırdıqları kimi, Koza Nostraya ağlagəlməz sərvət qazandırmaqla yanaşı daxili ziddiyyətləri də kəskinləşdirən narkotik ticarəti.

Bundan əlavə, üç nəfər var ki, onlar mafiyanın çöküşünə böyük töhfə verdilər. Bunlardan biri cinayətkar qurumla mübarizənin əfsanəvi personajı hakim Covanni Falkone idi. Digər iki nəfər isə özləri mafiozo idi. Korleone ailəsini başçısı, özünün hakimiyyət hərisliyi ilə atdığı addımlarla mafiyaya dözümlü münasibəti mümkünsüz edən Salvotore (Toto) Riina və bir də polislə əməkdaşlığa razılıq verərək mafiyanın bütün sirlərini açıb-tökən Tommazo Buşetta.

Tommazo Buşetta və ya don Mazino mafiyada böyük vəzifə tutmurdu, sıravi üzv idi. Amma özü istəmədiyinə görə tutmurdu, yoxsa bir çox boslardan daha hörmətli və nüfuzlu idi. Buna görə də təşkilatın bütün sirlərini bilirdi. Bəs necə oldu ki, belə bir adam mafiyaya xəyanət etdi? Hərçənd, don Mazino hesab edirdi ki, o yox, təşkilatda bütün hakimiyyəti ələ keçirən Toto Riina ona və mafiyanın dəyərlərinə xəyanət edib.

***

Tommazo 1928-ci ildə Palermoda anadan olub, 17 uşaqlı ailənin sonbeşiyi kimi. Atası şüşəçi idi və ailə çox çətinliklə dolanırdı. Uşaq yaşlarından xırda-para oğurluqla məşğul olub, elə o vaxt artıq hörmətcil “don Mazino” ünvanını qazanıb. Onun hətta 15 yaşı olarkən Neapolda almanlara qarşı məşhur dörd günlük üsyanda iştirak etdiyi söylənilir. Cəmi 17 yaşında isə mafiyaya qəbul edilir və Porto Nuovo ailəsinin üzvü olur.

Cinayət aləmində belə “ümidverici” starta və bəzi yazılarda “mafiya bossu” adlandırılmasına, hətta “iki dünyanın bossu” ləqəbinə baxmayaraq, Buşetta heç vaxt mafiyada yüksək vəzifələr tutmayıb və sıravi üzv - amma çox hörmətli, fikrinə mafiya liderlərinin qulaq asdıqları üzv kimi qalıb. Buna səbəb yəqin ki, onun xasiyyəti idi. Mafiyada nə qədər yüksək vəzifə tutdun, bir o qədər ayıq-sayıq olmalı, bütün diqqətini öz təşkilatına və rəqiblərinə verməli idin. Tommazo isə həyatın başqa üzünü - gəzməyi, yeyib-içməyi, qadınları sevirdi.

Sonuncu xasiyyəti artıq 16 yaşında, hələ mafiozo olmadan evlənməsinə səbəb olmuşdu. Siciliyada qızlarla gəzib dolananda ehtiyatlı olmalı idin, yoxsa evlənmək qaçılmaz idi. Don Mazino da 1944-cü ildə Melxiorra Kavallaro ilə evlənir və bu nikahda bir qızı, üç oğlu olur.

***

ABŞ-da mafiyanın qüdrətli təşkilata çevrilməsində 1919-1933-cü illərdə spirtli içkilərə qoyulan qadağa böyük rol oynamışdı. Mafiya spirtli içki idxalından və istehsalından ağlagəlməz qazanc əldə etdi. Bu da dövlətin bir çox qurumlarına nüfuz etmək, polisi, məhkəməni, siyasətçiləri satın almaq imkanı verdi.

Siciliya mafiyası elə deyildi. Onun əsas qazanc yeri siqaret qaçaqmalçılığı idi. Burada nə güclü iqtisadiyyat vardı ki, sərmayə qoyub qazanc əldə edəsən, nə də varlı biznesmenlər ki, qorxudub ayda kalan pul alasan. Buna görə də Siciliya mafiozoları çox da varlı həyat sürmürdülər.

Tomazzo Buşetta da 1948-ci ildə hələ iki uşaq atası ikən Argentinaya gedir və irsi peşəsi ilə məşğul olur - xırda şüşə fabriki açır. Amma burada rəqabət güclü olduğundan iki il sonra Braziliyaya köçür və biznesini daha uğurla davam etdirir. Bununla belə, arvadının Braziliyanı sevməməsi üzündən 1952-ci ildə Palermoya qayıdır. Burada yenə dolanışıq olmadığını görüb 1955-ci ildə ikinci dəfə Argentinaya gedir, amma hərbi çevriliş vaxtına düşdüyündən iki ay, demək olar, hoteldən çölə çıxmayıb geri dönür.

Siciliyada o, Qaetano Badalamenti, Ancelo La Barbera, Salvatore Qreko kimi boslarla xüsusən yaxın olur. Bu zaman siqaret qaçaqmalçılığına görə iki dəfə qısamüddətli həbs olunur.

1950-ci illər Siciliya mafiyasının varlanması yolunda iki mühüm hadisə baş verir: Palermoda inşaat bumu baş verir və mafiya satın aldığı siyasətçilərin - xüsusən də Palermo meri, gələcəkdə İtaliya və Avropa parlamentinin deputatı olacaq, axırda elə mafiyanın öldürəcəyi Salvo Limanın - köməyi ilə bundan böyük qazanc götürməyə başlayır. Bu proses tarixə “Palermonun talanması” adı ilə düşür.

İkinci hadisə isə heroin ticarəti idi. Amerikadakı mafiyanın boslarından biri Co Bonanno və ABŞ-dan qovulmuş Laki Luçano Siciliyadakı boslarla görüşərək narkotrafik barədə danışıqlar aparırlar. Bu ticarət həm də böyük qazanc demək idi, bu isə kəskin rəqabətə, düşmənçiliyə və qanaxmaya səbəb ola bilərdi. Amerikalılar bunun qarşısını almaq, ziddiyyətləri dinc yolla həll etmək üçün ABŞ-da çoxdan etdiklərini - Komissiya yaratmağı təklif edirlər.

Mühafizəkar və qeyri-demokrat Siciliya boslarını Komissiyanın yaradılmasına razı salmaqla məhz Buşetta məşğul olur. Onun diplomatik bacarığı öz sözünü deyir, boslar xeyli tərəddüddən sonra razılıq verirlər. Ümumiyyətlə, tanıdıqlarının fikrincə don Mazino normal təhsil alıb siyasətə qoşulsaydı, böyük diplomat olardı.

Bununla belə, Komissiyanın yaradılması ziddiyyətləri həll etmədi və 1962-ci ildə Birinci mafiya müharibəsi başladı. Tommazo da bu müharibədə iştirak edir və bir neçə nəfərin qətlini həyata keçirir. Həbs təhlükəsi qarşısında əvvəlcə İsveçrəyə, sonra ABŞ-a gedir. Burada Qambino mafiya ailəsinin köməyi ilə pisseriya açır və Vera Cirotti adlı bir qadınla yaşayır. Onun bu qadından Liza və Aleksandra adlı iki qızı olur. Bir müddət sonra Melxiorra və dörd uşağı da Nyu Yorka gəlir və don Mazino iki ailəli vəziyyətə düşür. 1960-cı illərin sonlarına doğru isə yenidən Braziliyaya köçür, bu zaman Vera Cirotti ilə əlaqələrini kəsir.

Braziliya çimərliklərinin birində o, özündən 22 yaş kiçik Kristina Qimaraeş adlı qızla tanış olur. Kristina elə ilk gündə ona dəlicəsinə vurulur. Özü bu haqda belə deyirdi: “Əgər tanrı olduğunu iddia etsəydi, mən ona inanardım”.

Tomazzo Buşetta məhz bu zaman möhkəm xarici əlaqələrinə görə “iki dünyanın bossu” ləqəbini qazanır: dünyanın biri Siciliya idi, digəri də xaric. Amma 1972-ci ildə narkotik ticarəti ittihamı ilə həbs olunur. Hərçənd, don Mazino həm Braziliya polisinin işgəncələri altında, həm də sonralar istintaqla əməkdaşlıq edəndə bu ittihamı edir. Adam öldürməsini etiraf edir, narkotik ticarətini isə yox.

İlin sonunda İtaliyaya ekstradisiya olunan Buşetta dörd il əvvəl haqqında qiyabi çıxarılan 10 illik həbs cəzasını çəkmək üçün Palermodakı “Ucciardone” həbsxanasına göndərilir. Burada mafiozolar elə komfortlu şəraitdə cəza çəkirlər ki, onu “Grand Hotel Ucciardone” adlandırırdılar. Buşetta burada istədiyi yeməkləri yeyir, içkilər içir, istədiyi adamlarla görüşür. Hətta rəhbərliyə qayıdacağı barədə “şərəf sözü” verib istəyəndə çölə də çıxır. Bunların müqabilində həbsxana rəhbərliyinin ondan bir istəyi vardı: nizam-intizamın təmini, başlarını ağrıdacaq heç nəyin olmaması. Don Mazino da bunu təmin edir.

Buşettanın həbsindən bir az keçmiş Kristina dünyaya bir oğlan gətirir və adını Rikardo qoyurlar. Qısa müddət sonra Siciliyaya gələn qadın ərinin Vera Cirottidən qızlarını da himayəyə götürür. Əri demişkən, onların toyu yalnız 1978-ci ildə elə həbsxanada olur. Bəy tərəfdən şahid məşhur qanqster Frensis Turatello idi.

Buşetta və Turatellonu daha bir maraqlı hadisə bağlayır. Xristian-demokratlar partiyasının lideri, iki dəfə baş nazir olmuş Aldo Moro 1978-ci ilin martında ultrasolçu “Qırmızı briqadalar” tərəfindən oğurlanmışdı. Turatello Buşettadan Moronun azad edilməsində yardımçı olmağı xahiş edir. Tommazo da Koza Nostra boslarının fikrini öyrənir, amma mənfi cavab alır. Deyilənlərə görə, Aldo Moronun siyasi rəqibi, mafiya ilə sıx əlaqələrə malik Culio Andreotti bunu istəmir. Moro da oğurlanmasından iki ay sonra öldürüldü.

1980-ci ilin fevralında don Mazino Turindəki “Le Nuove” həbsxanasına köçürülür və burada “yarımazadlıq” rejimində olur: gündüzlər çölə çıxıb axşamlar qayıdır. Amma Palermoda istədiyi vaxt çölə çıxıb qayıdan Buşetta Turində bir müddət sonra həbsdən qaçır. Bir neçə ay Palermoda gizlənir və 1981-ci ilin yanvarında Kristina və dörd uşağı ilə birlikdə Braziliyaya qayıdır.

Həbs müddətinin bitməsinə az qalarkən baş verən bu qaçış səbəbsiz deyildi. Buşetta mafiya daxilində yeni müharibənin başlyacağını hiss edirdi: Korleone ailəsini bossu Tito Riina bütün mafiyaya nəzarəti ələ keçirmək istəyirdi. Qaçışdan sonra yaxın dostları, Palermodakı ailələrə başçılıq edən Stefano Bontate və Salvatore İnzerillo ondan Siciliyada qalıb gələcək müharibədə kömək etməsini istəyirlər, amma don Mazino bundan uzaq olmaq qərarına gəlir.

***

Hələ 1980-ci ildə xeyli qətllər törənsə də İkinci mafiya müharibəsinin 1981-ci il aprelin 23-də başladığı hesab olunur. Həmin gün 42 yaşını qeyd edən Stefano Bontate şəhərkənarı evinə gedərkən motosikletdə olan iki nəfər tərəfindən güllələndi. Mayın 11-də isə Salvatore İnzerillo öldürüldü.

İkinci müharibə Birinciyə nisbətən xüsusi amansızlıqla və qəbul olunmuş qaydaları pozmaqla aparılırdı. Əvvəllər belə savaşlar zamanı mafiyaya aid olmayan “dinc əhaliyə” adətən toxunulmurdu. Hətta öldürüləcək mafiozonun yanında dinc sakin olardısa, qətl təxirə salınırdı. Buşetta bu barədə sonralar deyirdi: “Elə olurdu ki, haqqında ölüm hökmü çıxarılmış şəxs illərlə hər yerə oğlunun əlindən tutaraq gedir və bunun sayəsində sağ qalırdı”.

“Gödək” (boyu 158 sm idi) və “Yırtıcı” ləqəbli Toto Riina indi belə etiketə riayət etmək fikrində deyildi. O, nəinki “dinc əhali”ni, hətta uşaqları belə öldürməkdən çəkinmirdi. Şərq despotları kimi düşmənin kökünü kəsməyə, qisas alacaq kimsə saxlamamağa çalışırdı. Bontate və İnzerillo klanından da xeyli adam öldürdü.

Palermo ailələrinə yaxın olan iki mafiozo-siyasətçi - İqnasio və Antonino Salvo (əmioğlu idilər) Braziliyaya gedərək Buşetta ilə görüşürlər. Onların fikrincə, yalnız don Mazino özünün zəkası və diplomatik bacarığı ilə korleonlulara qarşı ittifaq təşkil edə bilərdi. Amma “iki dünyanın bossu” imtina edir.

1982-ci ilin avqustunda Çinizi klanının başçısı Qaetano Badalamenti də Buşetta ilə görüşüb Riinaya qarşı müharibədə kömək istəyir. Həmin il anadan olan oğluna dostu Bontatenin şərəfinə Stefano adını qoyan don Mazino həmin dostunun qisasını almaq üçün ailəsini təhlükəyə atmaq fikrində deyildi və Badalamentiyə də “yox” deyir.

O, bu dövrdə leqal işlə - ağac tədarükü ilə məşğul idi. Yaxşı əlaqələrə malik olan hüquqşünas qayınatası onun üçün qazanclı sifarişlər təşkil edirdi. Tommazo Braziliya polisinin onu tanımaması üçün plastik əməliyyat etmiş, görünüşünü, hətta səsini dəyişdirmişdi. Sənəddə də adı, təbii ki, başqa idi.

Amma bitərəf qalmaqla özünü və yaxınlarını mafiya müharibəsinin faciələrindən qoruyacağını düşünən Buşetta yanılır. Toto Riina özünə sədaqət andı içməyən hamını aradan götürmək fikrində idi, belələri qarşı cəbhədə yer almasalar belə. O, düşmənlərinin dostu Buşettanı da preventiv qaydada öldürmək istəyir, amma bunun üçün əvvəlcə onun yerini öyrənmək lazım idi.

Buşettanın ilk nikahdan olan iki oğlu - Benedetto və Antonio “Yırtıcı”nın əmri ilə 1982-ci ilin sentyabrında qaçırıldılar. Amma onlar atalarının yerini bilmirdilər və işgəncələrə baxmayaraq, heç nə deyə bilmədilər. Bundan sonra onları boğub öldürdülər, meyidlərini də turşuda yox etdilər.

Bu hadisə Tommazo Buşettanı dərindən sarsıtdı. Onun üzv olduğu mafiya sözsüz cinayətkar qurum idi, bununla belə müəyyən çərçivələri, qırmızı xətləri, kodeksi vardı. Toto Riina isə indi təkcə düşmənlərini deyil, mafiyanın öz kodeksini məhv edirdi. Koza Nostra indi heç bir çərçivələri, əxlaq qaydaları olmayan təşkilata çevrilmişdi. Mafiozolar özlərinə “şərəfli adam” (ital: uomo d'onore; Siciliya dialektində: omu d'onuri) deyirdilər. İndi Buşetta özünə sual verirdi ki, uşaqları, “dinc əhali”ni öldürənlər “şərəfli adam” ola bilərlərmi? Bu, onun üzv olmağı qürur bildiyi mafiya deyildi.

Oğlanlarının qətlindən doğan intiqam hissi və Braziliyadakı ailəsini qorumaq qayğısı ilə yanaşı məhz bu məyusluq onu “omerta” adlanan susqunluq kodeksini pozmağa və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa sövq edəcək. Ondan sonra çoxları bu addımı atacaq. Omerta isə mafiyanın dirəklərindən biri idi, pozulması ilə Koza Nostra çökdü.

***

Plastik əməliyyata və Roberto Feliçe adına sənədlər daşımasına baxmayaraq, Braziliya polisi 1983-cü ilin payızında Tomazzo Buşettanı tanıdı və bir neçə gün izləyəndən sonra oktyabrın 23-də həbs etdi. Ona qarşı yenə narkotik ittihamı irəli sürüldü, amma işgəncələrə baxmayaraq, nə günahını etiraf etdi, nə də kiminsə adını çəkdi.

Siciliya mafiyasını çökdürən adam - ARAŞDIRMA


Polisin əlində də Buşettanın həqiqətən narkotik ticarəti ilə məşğul olduğunu sübut edən faktlar yox idi və onu deportasiya ilə başlarından etmək istəyirdilər. İki dünyanın bossu ilə həmsöhbət olmağa iki ölkə xüsusilə can atırdı: İtaliya və ABŞ. Romadan hətta iki nəfər gəlib onunla danışmaq istəyirdi. Amma don Mazino bildirdi ki, yaxınlaşsalar, onların üzərinə atılacaq. O, hələ də mafiya qanunların sadiq idi.

Bir neçə ay əlləşib heç bir informasiya əldə edə bilməyən braziliyalılar onu İtaliyaya göndərməyi qərara aldılar. Amma ilk cəhd uğursuz oldu. 1984-cü il iyulun 7-də hava limanına aparılan Buşetta haradansa əldə etdiyi zəhəri (strixnin) qəbul etdi. Görünür, ölümü ilə doğmalarının təhlükəsizliyini təmin etməyə çalışırdı. Ancaq təcili xəstəxanaya çatdırılan mafiozonun həyatı xilas edildi.

İyulun 15-də İtaliyaya gətirilən Buşettadan kimsə faydalı informasiya gözləmirdi. Axı o, Braziliyada bədəninə elektrik verilməsi, suda boğulması müqabilində belə omertanı pozmamışdı. Bununla belə, ona yenə də əməkdaşlıq təklif edildi və gözlənilmədən müsbət cavab alındı: Tommazo bildirdi ki, müstəntiq Covanni Falkoneyə ifadə verəcək.

***

Mafiyaya qarşı barışmaz mövqeyi ilə tanınan hakim Rokko Kiniççi 1980-ci illərin əvvəllərində mafiya cinayətlərini araşdıran bir neçə nəfərdən ibarət “Pool antimafia” adlı qrup yaratmışdı və Falkone də bu qrupun üzvü idi. Kiniççi 1983-cü il iyulun 29-da evinin qabağında saxlanılan avtomobilin partladılması nəticəsində həlak oldu. Bundan sonra qrupa Antonino Kaponnetto başçılıq etsə də, məhz Falkone mafiyaya qarşı əsas mübariz kimi tanınırdı.

O zaman Koza Nostra İtaliyanın dövlət strukturlarına, o cümlədən hüquq-mühafizə oraqanlarına ciddi nüfuz etmişdi. Bunu ən yaxşı bilənlərdən biri də Buşetta idi. Eyni zamanda bilirdi ki, satılmayanlar da var və onlardan biri Falkonedir. Sonralar bu barədə deyirdi: “Mənim gözümdə Covanni Falkone dövlət idi. Amma İtaliya kimi görüntü yaradan dövlət yox, əsl dövlət”.

Buşettanın əməkdaşlığa razı olmasının səbəblərini anlamaq çətin deyildi. O, arvadı Kristina və uşaqlarını yalnız bu yolla ilə xilas edəcəyini başa düşür. Axı Riina onun təkcə iki oğlunu öldürməklə kifayətlənməmişdi. Birinci nikahdan olan qızı Felisiyanın əri, qardaşı Vinsenso oğlu ilə birlikdə və bir neçə qohumu “Yırtıcı”nın əmri ilə öldürülmüşdü. Özü də əgər oğlanlarından atalarının yerini öyrənmək istəyirdilərsə, o biriləri elə-belə, sadəcə don Mazino ilə qohum olmalarına görə öldürüldülər. Buna görə də Tommazo əməkdaşlıq müqabilində özü ilə bağlı heç bir tələb qoymur, yalnız ailəsinin qorunmasını istəyir. Ailəsi ABŞ-da gizlədilir, çünki İtaliyada etibarlı yer tapmaq çətin idi.

Özü bu barədə sonralar deyəcək: “Mənim üçün ölüm günəşli gündə kölgə kimi bir şey idi. Mafiozo kimi onun daim yaxınlıqda olmasına alışmışdım. Bu, qaydalara uyğun idi. Günahsız insanların ədalətsiz ölümü məni mafiyadan üz döndərməyə inandırdı”. Kristina isə deyirdi: “Omertanı pozmaq - həqiqətən də onun həyatının ən çətin qərarı idi, elə bilirdi ki, müqəddəs bir şeyi sındırıb”.

Buşettadan sonra istintaqla əməkdaşlıq edəcək mafiozolar çox olacaq. Onların hamısı özlərini peşmanlıq keçirən, islah olunmuş və haqq yoluna qayıtmış tövbəkar (ital: pentito) kimi qələmə verəcəklər. Don Mazino isə belə deyildi. O, heç bir peşmanlıq ifadə etmir, özünü yenə də “şərəfli adam” sayır və deyirdi ki, sadəcə indiki mafiya onun üzv olduğu mafiya deyil və buna görə də özünü ona sadiq qalmağa borclu hiss etmir.

Pentitolar əvvəllər də olmuşdu. Amma belələri kiçik fiqurlar idi, özləri də çox şey bilmədiklərindən dəyərli məlumat verməmişdilər. “İki dünyanın bossu” isə tamamilə başqa kalibr idi. O, mafiyanın ali orqanının - Komissiyanın yaradılmasında iştirak etmişdi. Onun mafiya ilə əlaqədar bilmədiyi çox az şey ola bilərdi, təşkilatın elə önəmli fiquru yox idi ki, onu şəxsən tanımasın, özü də təkcə Siciliyada yox, elə ABŞ-da da.

Don Mazino danışmağa başlamazdan öncə Falkoneyə xəbərdarlıq etdi: “Onlar əvvəlcə məni, sonra səni öldürməyə çalışacaqlar. İstədiklərinə nal olmayana qədər dayanmacaqlar”. Bundan sonra dörd ay ifadə verdi, bu ifadə minlərlə səhifə təşkil etdi. Mafiyanın tarixi, strukturu, coğrafi bölgüsü, ritualları, qaydaları barədə bildiyi hər şeyi anlatdı. Hansı qətli kimin əmri ilə kimin icra etdiyini söylədi. Covanni Falkone sonralar verdiyi müsahibələrin birində deyirdi: “Ona qədər mafiya fenomeni haqda yalnız səthi təsəvvürümüz vardı. Onunla təşkilatın daxilinə boylandıq. Bizə Koza Nostranın strukturu, cəlbetmə metodları və funksiyaları barədə xeyli informasiya verdi. Bu halın geniş və qlobal görüntüsünü yaratdı. İnterpretasiya üçün açar, dil, kod verdi”.

Məhz Buşettanın ifadələri əsasında mafiya vahid iyerarxiyaya malik mərkəzləşdirilmiş və hərbiləşdirilmiş təşkilat kimi qəbul edildi və “mafiya üzvüsənsə - cinayətkarsan” anlayışı yarandı. “Buşetta teoremi” adını alan bu qayda əsasında müvafiq qanun da qəbul edildi.

Covanni Falkone özü də siciliyalı idi, buna görə Buşettanın dünyagörüşünü, çərçivələrini gözəl anlayırdı və onunla necə qüruruna toxunmadan işləmək lazım gəldiyini bilirdi. Bu iki nəfər arasında qarşılıqlı rəğbət yaranmışdı. Falkone Buşettanın intellektinə, anadangəlmə bəsirətinə, Buşetta da Falkonenin prinsipiallığına, satılmazlığına hörmətlə yanaşırdı.

Don Mazinonun ifadəsi yekunlaşmamış ilk həbslər baş tutdu. Sentyabrın 29-da 366 order imzalandı və “San Mikele əməliyyatı” keçirildi: Palermodan əlavə Romada, Milanda yüzlərlə adam həbs olundu. Amma hamını həbs etmək mümkün olmadı, o cümlədən, Birinci mafiya müharibəsi dövründən axtarışda olan, amma heç vaxt ciddi axtarılmayan Toto Riina tutulmadı.

Don Mazinonun nümunəsi yoluxucu oldu. Stefano Bontatenin yaxın adamı, karleonluların qəsdindən möcüzə nəticəsində qurtulan Salvatore Konturno hələ 1982-ci ilin martında həbs olunmuşdu, amma polislə əməkdaşlıqdan imtina edirdi. 1984-cü ilin oktyabrında Buşetta ilə görüşdürüləndən sonra danışmağa başladı. Bir həftə sonra daha 127 order imzalandı.

Toto Riina bunu cavabsız buraxacaq adam deyildi. Dekabrın 7-də don Mazinonun bacısının əri Pyetro Busetta (soyadlar oxşardır) ödürüldü. “Yırtıcı” hətta dövlətə müharibə elan edərək bir sıra cinayətlər törətdi ki, onlardan da ən məşhuru Neapoldan Milana gedən 904-cü sürət qatarının dekabrın 23-də partladılması oldu. Nəticələrin ağır olması üçün partlayış qəsdən tuneldə törədildi: 16 nəfər həlak oldu, 267 nəfər yaralandı. . Riina bununla dövləti geri çəkilməyə məcbur etmək istəyirdi. “Sülh bağlamaq üçün əvvəlcə savaşmaq lazımdır”, - deyirdi.

Bütün bu müddət ərzində Buşetta Roma Kriminal polis idarəsinin təcridxanasında saxlanılırdı. İfadəsini bitirdikdən sonra onun taleyi gündəmə gəldi. İtaliyada hələ şahidlərin müdafiəsi haqqında qanun yox idi. Falkone amerikalı həmkarları ilə əlaqə saxladı və Buşetta 1984-cü ilin dekabrında ABŞ-a göndərilərək şahidlərin müdafiəsi proqramına daxil edildi.

Tommazonun saxlanıldığı yeri mühafizəçilərindən başqa kimsə bilmirdi, hətta arvadı Kristina da, ifadə alan müstəntiqlər də. O, burada “Pizza connection” adını alan narkotik ticarəti ilə bağlı iş üzrə önəmli şahid idi. Siciliyada hazırlanan heroin ABŞ-a göndərilir, pisseriya şəbəkələri vasitəsilə satılır və qazanc da elə onların vasitəsilə yuyulurdu. Buna görə də həmin cinayət işinə “Pizza connection” adı verilmişdi. Buşettadan ifadə alan müstəntiqlər onun saxlanıldığı yerə içəridən çöl görünməyən avtomobildə gətirilirdilər.

Donni Brasko adı altında 6 il ABŞ mafiyasının daxilində fəaliyyət göstərmiş FBI agenti Cozef Pistonenin ifadələri və başqa sübutlarla yanaşı Buşettanın və Kontornonun ifadələri “Pizza connection” işi çərçivəsində xeyli adamın həbsinə səbəb oldu.

***

İtaliyada isə jurnalistlərin “Maksiproses” adı verdikləri məhkəmə prosesinə hazırlıq gedirdi. Yüzlərlə mafiozonu mühakimə etmək üçün Palermonun “Ucciardone” həbsxanasının yanında “bunker” adını alacaq nəhəng salon tikildi. Burada bütün təhlükəszilik tədbirləri görülmüşdü, divarlar və qapılar hətta raket zərbəsinə belə davamlı idilər.

Məhkəmə o qədər təhlükəli idi ki, ona sədrlik etməyə razılıq verəcək hakim tapmaq asan deyildi. On hakim bundan imtina etdi və onlardan yalnız ikisinin həqiqətən səhhətlə bağlı problemləri vardı. Nəhayət, Palermodakı universitetlərdən birinin hüquq professoru Alfonso Cordano razılaşdı.

475 nəfərin mühakimə olunduğu (119 nəfər qiyabi mühakimə olunurdu, çünki həbslərdən gizlənə bilmişdilər) Maksiproses 1986-cı il fevralın 10-da başladı. İclasların birində don Mazino ifadə verməyə başladı. Müttəhimlərdən bir xeylisi onunla üzləşmə proseduru üçün növbəyə yazılmışdı.

Birinci üzləşən Cüzeppe (Pippo) Kalo oldu. O, Buşetta ilə köhnə dost idi. Hətta Kalonun oğlu bir dəfə qəza keçirəndə Buşetta ona qan vermişdi. Əvəzində Riinanın əmri ilə Buşettanın iki oğlunun oğurlanmasını və qətlini də məhz Pippo Kalo həyata keçirmişdi.

Onun “iki dünyanın bossu” ilə üzləşmək qərarı olduqca yanlış idi. İntellekti, natiqlik və diplomatik bacarığı ilə Kalodan bir baş üstün olan Buşetta opponentini elə nokauta saldı ki, daha heç kəs onunla üzləşmək istəmədi. Don Mazino yenidən ABŞ-a qayıtdı.

Maksiproses 1987-ci il dekabrın 16-da yekunlaşdı. 338 nəfərə ittiham hökmü çıxarıldı. Onlardan 19 nəfər (Toto Riina da qiyabi) ömürlük həbsə, qalanları isə ümumən 2665 il təşkil edən müddətli həbsə məhkum edildilər. Sonralar məlum olacaq ki, qiyabi məhkum edilən adamların bəziləri (Rozario Rikkobono, Cüzeppo Qreko, Filippo Markeze və s.) gizlənməyiblər, Riina tərəfindən hələ bir neçə il əvvəl öldürülüblər.

Müdafiəçilər hökmdən apelyasiya şikayəti verdilər. Apelyasiya məhkəməsi bəzi hökmləri ləğv etsə də, son instansiya olan Ali kassasiya məhkəməsi 1992-ci il yanvarın 30-da ilkin hökmləri təsdiqlədi.

***

Apelyasiya şikayətlərinə baxılan zaman Toto Riina ictimai rəyi əleyhinə çevirməmək üçün qətllər və partlayışlara ara vermişdi. Amma yekun qərardan sonra hücumları davam etdirmək qərara alındı. Bu hücumların hədəfləri məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, mafiya əleyhinə yazan və danışan jurnalistlər olmalı idilər. Belə hücumların bəziləri uğursuz oldu, bəziləri planlaşdırılsa da həyata keçirilmədi (məsələn, telejurnalist Maurisio Konstansoya qarşı).

1992-ci il martın 12-də Avropa parlamentinin deputatı Salvo Lima öldürüldü. Limanın çoxdan mafiya ilə əlaqələri vardı və Riina ona Ali kassasiya məhkəməsinin hökmünə təsir etməyi tapşırmışdı. Lima bunu bacarmadı və bədəlini həyatı ilə ödədi.

Mayın 23-də isə ömrünü Koza Nostra ilə mübarizəyə həsr etmiş Covanni Falkone öldürüldü. Onun Romadan Palermoya gələcəyini öyrənən Riinanın əmri ilə hava limanından şəhərə gedən avtomobil yolunun altında yerləşən, yağış suyunun axması üçün nəzərdə tutulan boruya partlayıcı yerləşdirildi. Partlayış nəticəsində Falkone ilə yanaşı arvadı və üç mühafizəçisi həlak oldu.

İki ay sonra isə Falkonenin yaxın dostu və əqidədaşı Paolo Borsellinonun növbəsi çatdı. Hakim anasının yaşadığı evə gedərkən yaxılıqda dayanan “Fiat 126” partladıldı. Nəticədə Borsellino və beş mühafizəçisi həlak oldu.

Amma Riina bu iki qətllə arzuladığının tam əksinə nail oldu. Cinayətlər İtaliya cəmiyyətində dərin hiddət doğurdu. İctimaiyyət hökumətdən mafiyaya qarşı qəti tədbirlər görməyi, 20 ildən çox müddətdə axtarışda olan Toto Riinanın tapılmasını tələb etdi.

Hökumət Siciliyaya hətta hərbi qüvvələr göndərməli oldu. Nəhayət, 1993-cü il yanvarın 15-də Salvatore Riina həbs edildi. Maksiprosesdə iki ömürlük həbsə məhkum edilən “Yırtıcı” Lima, Falkone, Borsellinonun qətllərinə görə əlavə bir neçə ömürlük həbsə məhkum edildi və 2017-ci il noyabrın 17-də həbsxanada öldü.

***

Tommazo Buşetta Falkoneyə ifadə verərkən ikincinin israrlarına baxmayaraq, mafiyanın siyasi əlaqələrindən danışmaqdan qəti imtina etmişdi. Amma hakimin öldürülməsindən sonra bu barədə danışmağa başladı və bildirdi ki, mafiya ilə əməkdaşlıq edən ən yüksək mənsəbli siyasətçi iki dəfə daxili işlər naziri, iki dəfə müdafiə naziri və üç dəfə baş nazir postunu tutan Culio Andreotti olub. Amma bir neçə məhkəmə prosesində mühakimə olunan Andreotti son nəticədə sudan quru çıxdı.



Don Mazino ömrünün sonunu ailəsi ilə birlikdə şahidləri müdafiə proqramı altında müxtəlif adlarla keçirdi. Onlar tez-tez yaşayış yerlərini dəyişirdilər. Hər gün bir qatil tərəfindən açılan atəşlə öləcəyini gözləyən “iki dünyanın bossunu”nun ölümü daha prozaik oldu: xərçəngdən 2000-ci il aprelin 2-də Florida ştatında vəfat etdi. O, hətta basdırılanda da başqa adla dəfn edildi.

Mafiya, Covanni Falkone, Toto Riina haqqında çəkilən bir neçə filmdə Buşetta personajı da yer aldı. 2019-cu ildə isə sırf özü haqqında iki film çəkildi: Buşetta rolunu Pyerfrançesko Favinonun oynadığı “Satqın” bədii filmi və arvadı Kristinanın, qızı Lizanın, oğlu Robertonun və başqalarının iştirak etdiyi “Bizim xaç atamız” sənədli filmi. İki qadından fərqli olaraq, oğlu Roberto çəkiliş zamanı üzünü gizlətdi. Don Mazinonun mafiozo dostu Stefano Bontatenin adını verdiyi sonbeşik övladı Stefano isə 2007-ci ildə motosikletdə qəzaya uğrayaraq həlak oldu.


Anadil.az


Oxunub: 331
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR