"Titanik"də batan möhtəşəm kitab - Bu hadisədən sonra onun cildçisi də suda boğulmuşdu...

Anadil BBC Culture-dən Joobin Bekhradın "Tarixin möhtəşəm kitabı: "Xəyyam rübailəri"" məqaləsini (2018) təqdim edir:

XXX

1909-cu ildə Londonun iki cildçisinə dünyanın ən möhtəşəm kitabını hazırlamaq sifarişi verilmişdi: "Ömər Xəyyamın rübailəri". Lakin bu kitabın taleyində Atlantik okeanının dibinə düşmək varmış.

"1912-ci il aprelin 14-də "Titanik" gəmisi Yeni dünyanın sularına qərq olarkən, onun məşhur qurbanlarından biri də elə bu kitab olmuşdu".

Yuxarıdakı sözlər Livan əsilli fransız yazıçı Amin Maaloufun tarixi mövzuda yazdığı "Səmərqənd" romanından götürülüb.

Düzdür, XI əsrin Şərq mütəfəkkirlərindən iranlı Ömər Xəyyamın bu kitabdakı şeirlərinin başqa-başqa kitablarda çoxsaylı nüsxələri vardı, lakin istənilən halda həmin kitab yeganəydi.

Maaloufun romanında da söhbət məhz onun taleyindən gedir.

1900-cü illərin əvvəllərində Londonda iki cildçi - Corc Satkliff və Fransisk Sanqorski cildlədikləri kitabların ecazkar və təkrarsız dizaynı ilə tanınırdılar.

Henri Sotheran adlı bir kitabçı onlara tayı-bərabəri olmayan bir kitab sifariş eləmişdi. O demişdi ki, kitabın neçəyə başa gələcəyi heç də mühüm deyil. Dünyanın ən möhtəşəm kitabını hazırlayacaq iki cildçiyə açıq çek verilmişdi.

İki illik məşəqqətli zəhmətdən sonra ərsəyə gəlmiş kitabda Ömər Xəyyamın rübailərinə rəssam Elihu Vedderin illüstrasiyaları yoldaşlıq edirdi.

Hər bir rübainin qarşısında onun ingiliscə sətri tərcüməsi və açımı verilmişdi.

Kitab həm "Böyük Ömər", həm də "Möhtəşəm kitab" adları ilə tanınırdı.

Onun üz qabığında üç tovuz quşunun nəfis şəkli vardı. Arxa qabığda isə yunan musiqi aləti olan buzukinin rəsmi çəkilmişdi.

Bu hələ harasıydı? Kitabın cildi mindən çox yaqut və zümrüdlə, beş min parça dəri, gümüş, fil sümüyü, ebonit və 600 vərəq qızılla bəzənmişdi.

Sifarişçi Sotheran bu kitabı New York-a göndərmək istəyirdi. Amma Amerika gömrüyündə onun üçün çox böyük rüsum istəndiyindən kitab İngiltərəyə qayıtmışdı.

Elə həmin vaxt Qabriel Uells bir auksionda bu kitabı 450 funt sterlinqə almışdı, halbuki onun aşağı qiyməti 1000 funt olaraq müəyyənləşdirilmişdi.

Wells də kitabı Amerikaya göndərmək istəmişdi, lakin üz tutduğu gəminin kapitanı onu götürməkdən imtina eləmişdi.

Növbəti cəhddə kitab "Titanik" gəmisi ilə yola salımndı. İntəhası, onun acı hekayəti Titanik gəmisinin batması ilə sona çatmadı. Qəzadan bir neçə həftə sonra kitabı hazırlayan cildçilərdən biri olan Sanqorski da suda batdı.

Digər cildçinin - Satkliffin bacısı oğlu Stenli Brey "Böyük Ömər"in "dirildilməsinə" qərar vermişdi.

O, boğularaq ölmüş Sanqorskinin eskizindən istifadə edərək 6 illik zəhmətdən sonra kitabın yeni bir nüsxəsini ərsəyə gətirmişdi. Həmin kitab qorunub saxlanılması üçün üçün bir banka verilmişdi.

Lakin İkinci Dünya müharibəsi zamanı nasistlərin Londonu bombardman etməsi nəticəsində həmin kitab da param-parça olmuşdu.

Amma Brey qollarını bir daha çirmələyərək yeni bir nüsxənin hazırlanmasına başlamışdı.

O, 40 il çalışdı və və nəhayət ki, hazır olan hazır nüsxəni Britaniya kitabxanasına verdi.

Daha doğrusu, Breyın ölümündən sonra bu nadir kitab onun vəsiyyəti ilə kitabxanaya bağışlandı. O, bu gün də oradadır.

Brey dünyasını dəyişməzdən az əvvəl demişdi: "Mənim kafir inanclarım yoxdur, amma tovuz quşunun fəlakət simvolu olduğunu eşitmişdim".

İndi görək Ömər Xəyyamın rübailəri nəyi ifadə edirdi ki, Sotheran və saysız-hesabsız insan ona bu qədər heyran kəsilmişdi?

Ömər Xəyyam XI əsrdə İranın şərqində yaşamış bir münəccim və riyaziyyatçı, eyni zamanda, İbn Sina və bir çox başqa şərqli alimlər kimi həm də şair idi. Amma başqa alimlərdən fərqli olaraq onun şeirləri ədəbiyyat taxtında möhkəm otura bilmişdi.

Xəyyamın ən maraqlı cəhətlərindən biri də o idi ki, şair başqalarının üzərində düşünmədiyi inanc, o biri dünya, həyatın nə olduğunu başa düşməyə çalışırdı.

O, dinin vədlərinə inanmırdı, buna görə də cənnət və cəhənnəmi, hətta Allahın məntiqini sorğu-suala çəkirdi.

Xəyyamın gəldiyi nəticə "bu dünyadakı həyatın" həqiqiliyi idi.

Belə bir qənaət, bəlkə də, onun yaşadığı zamanın təlatümlərindən irəli gəlmişdi. XI yüzillikdə öncə İran türk tayfalarının əlinə keçmiş, daha sonra monqolların hücumlarına məruz qalmışdı.

Xəyyam bütün bu baş verənlərə dünyanın ötəriliyi prizmasından baxır, hadisələrin fövqündə dayana bilirdi. "O biri dünya" haqqında deyilənlər ona boş görünürdü.

Xəyyam dünyanın faniliyinə heyfslənir, onun kefini bol şərab və sevgili-cananla çəkməyi tövsiyə edirdi.

Qərbli ziyalılar İran şairlərinə həmişə bir heyranlıq duyublar. Alman şairi Hötenin Hafizə, fransız Volterin Sədiyə heyranlığı olan qədər, ingilis Fisceüraldın da Xəyyama məhəbbəti vardı.

Fiscerald təkcə heyran olmaqla kifayətlənməmiş, Xəyyamı ingiliscəyə çevirmişdi. Bu tərcümələr orjinala tam uyğun gəlməsə də, Fiscerald rübailərin ruhunu tuta bilmişdi.

Elə tuta bilmişdi ki, onu "FisÖmər" adlandırnmağa başlamışdılar.

"Titanik"də batan möhtəşəm kitab - Bu hadisədən sonra onun cildçisi də suda boğulmuşdu...


Ömər Xəyyamın rübailəri İngiltərədə əvvəl-əvvəl bu əsər elə bir maraq oyatmasa da, getdikcə böyük populyarlıq qaznmışdı. Hətta Londonda indi də mövcud olan Xəyyam Klubu yarandı. Bu klub XIX əsrdə elitanın toplandığı bir ədəbi məclis idi.

Aqata Kristinin 1942-ci ildə yazdığı "Cinayətin resepti" adlı romanında Xəyyama istinad var. 1957-ci ildə çəkilmiş Hollywood filmində isə Xəyyamın həyatından bəhs edilir.

1960-cı ildə Xəyyamın rübailərini amerikalı aktyor Alfred Dreyk oxuyub. 1967-ci ildə Martin Lüter Kinq alovlu çıxışlarından birində Xəyyamdam sitat gətirib.

Ümumiyyətlə, 1950-ci illərdə Xəyyam o qədər populyar idi ki, onun rübailəri ən çox istinad edilən əsərlər siyahısına düşmüşdü.

Xəyyamın şeirləri zamanın sınağından keçib.

İranda Hafiz kimi onun da kitablarını hər bir evdə tapmaq olar. Fisceraldın tərcüməsində isə Xəyyam ingilis klassiki səviyyəsinə qalxlıb.

Bugün dünyanın bütün ölkələrində Xəyyamın rübailərindən xəbərdardırlar.

Axı necə olur ki, XI yüzillikdə yaşamış bir şairin şeirləri həm Viktoriya dövrü (Britaniya kraliçası I Viktoriyanın (1819-1901) hakimiyyətdə olduğu 1837-1901-ci illər - red.) İngiltərəsində, həm də XXI əsrdə məna daşıya bilir?

Buna səbəb rübailərin zamandan yüksəkdə durması, bəşəri dəyərlərin daşıyıcısı olmasıdır. Əslində müasir təlatümlü zəmanəmizdə Xəyyamın rübailəri, bəlkə də, yazıldığı XI yüzillikdəkindən daha böyük məna daşıyır.


Anadil.az



Oxunub: 403
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR