Məşhur əsərlərin dilimizə çevrilməsinin tarixçələri və çətinlikləri - TƏRCÜMƏÇİLƏR DANIŞIRLAR

Anadil dünya ədəbiyyatında xüsusi yeri olan əsərləri Azərbaycan dilinə çevirən tərcüməçilərin bu barədə açıqlamalarını təqdim edir:

XXX

Herman Hessenin "Yalquzaq" romanının tərcüməçisi Vilayət Hacıyev: ""Yalquzaq” ötən əsrin əvvəllərində Qərbi Avropa ədəbiyyatında yaranan, Almaniyada Hesse və Tomas Mann yaradıcılığında özünün ən yüksək zirvəsinə çatan “İntellektual roman” janrında yazılıb və mən bilən, bizdə, ən azı o vaxtlar bu səpkidə əsər yox idi. Sözüm odur ki, əsəri çevirməyə başlayanda, mən, bəlkə də, bunun məsuliyyətini yaxşı dərk eləməmişdim, ancaq sonradan bəlli oldu ki, Hesse poetikasının incəliklərini duymaq, üstəlik də, onu bu cür üslubun hələ formalaşmadığı bir dildə təzədən canlandırmaq nə qədər çətin imiş. Təsəvvür elə ki, o vaxt çox hörmətli “Yazıçı” nəşriyyatında kitabı, özü də tərcümə əsərini, plana saldırmaq nə qədər çətin idi və mənim bəxtim gətirmişdi, Remarkın “Zəfər tağı” tərcüməmdə nəşr olunmuş, özü də pis qarşılanmamışdı. İndi birdən-birə “Yalquzaq”ın tərcüməsi ilə, necə deyərlər, həvəslə başladığım bir işə nöqtə qoyula bilərdi. Əlbəttə, mən nəyisə şişirtmək, “Yalquzaq”ın yaxşı tərcümə olması fikrindən tamamilə uzağam, çünki “mükəmməl tərcümə”yə inanmıram, uzaqbaşı, orijinala “yaxın” və ya “daha yaxın” tərcümədən danışmaq olar. Sadəcə olaraq bir məsələyə münasibət bildirmək istəyirəm: bəziləri uğursuz tərcüməni, yöndəmsiz söz yığınını dilimizin lüğət tərkibinin “kasıblığı” ilə izah etməyə çalışır. Ancaq mən bu romanın tərcüməsi üzərində işləyəndə gördüm ki, dilimiz ən “qəliz” fikri sərrast ifadə etmək qabiliyyətinə malikdir, sadəcə, səbirli olmaq, müxtəlif variantları saf-çürük etmək lazımdır. Daha dəqiq desəm, Hesse, T.Mann kimi yazıçıları birnəfəsə tərcümə etmək olmaz. Məsələn, “Zəfər tağı”nın tərcüməsi üçün mənə bir ilə qədər vaxt lazım gəldi, ancaq həcmcə ondan xeyli kiçik olan “Yalquzaq”ın üzərində iki ildən çox işləməli oldum".

Çingiz Aytmatovun “Qiyamət” romanının tərcüməçisi Vaqif Əlixanlı: ""Qiyamət" dərin fəlsəfəsi olan bir əsərdi. SSRİ və dünya miqyasında “Edam kötüyü” adı ilə tanınır. Amma qırğız ədəbiyyatının özündə “Qiyamət” adlanır. Fikrimcə, keçmiş sovet ədəbiyyatında o cür fəlsəfi yükdə, ağırlıqda olan ikinci bir əsər yoxdu. Çünki o dövrün rus nəsri əsasən realist istiqamətdə inkişaf edirdi. Kənd prozası, şəhər prozası orada əsas yaradıcı xətt idi. Bu əsərdə təsvir olunan təbiət-insan probleminə bircə Valentin Rasputində rast gəlmək olardı. Əsəri 1990-cı ildə tərcümə etmişəm. Rəhmətlik Natiq Səfərov “Azərbaycan” jurnalında tərcümə şöbəsinin rəhbəri idi. Mənə bu işi o tapşırdı. Dedi, "əvvəlcə istədim özüm tərcümə edim, amma ilk abzasını oxudum, gördüm ki, mənlik deyil". Natiq Səfərov çox böyük tərcüməçi idi, belə söyləmişdisə, hər halda bildiyi nəsə var idi. Əsərdəki həm kənd, həm şəhər üslubu, oradakı dərin fəlsəfi qat üst-üstə qalanmışdı. O da, yəqin, bunları nəzərə alaraq, romanın tərcüməsini mənə tapşırmışdı".

Mixail Bulqakovun “Master və Marqarita” romanının tərcüməçisi Saday Budaqlı: "1980-ci illərin axırlarında mərhum tərcüməçimiz Natiq Səfərovla birgə “Yazıçı” nəşriyyatında çalışırdım. O, eyni zamanda Azərbaycan Dövlət Radiosu ilə də əməkdaşlıq edirdi. Bir gün “Master və Marqarita”nın pyes formasına salınmış variantını gətirdi ki, onu radio üçün tərcümə edim. Özünün vaxtı olmadığı üçün bu işi mənim görməyimi istədi. Mən də bir həftə müddətinə radiopyesi tərcümə etdim. Əsər indi də radionun “Qızıl fondu”nda qorunur. Sonra yaradıcılığımda bir müddət fasilə yarandı. Sözdən uzaq düşməmək üçün tərcümə ilə məşğul olmaq qərarına gəldim. Fikirləşdim, elə bir əsəri tərcümə edim ki, yaşasın, ədəbiyyatımızda qalsın. Beləcə, “Master və Marqarita”nın tərcüməsinə başladım. Heç bir yerdən sifariş almamışdım, sadəcə, tələsmədən özüm üçün romanı dilimizə çevirirdim.

Roman çox mürəkkəbdir, tərcümə prosesində xeyli çətinliklər meydana çıxırdı. Amma mən bilmədiyimi soruşmaqdan utanan adam deyiləm. Odur ki, bir çətinlik olan kimi soruşurdum, öyrənirdim, dəqiqləşdirəndən sonra tərcümə olunan varianta əlavə edirdim.

...“Master və Marqarita“ “roman içində roman” prinsipi ilə yazılıb, üç romandan ibarətdi. Biri, Masterin yazdığı Ponti Pilat dövrünə aid roman, ikincisi, Masterlə Marqaritanın sevgi romanı, üçüncüsü isə 1930-cu illərin Moskvası haqqında roman. Onların da hərəsi özünəməxsus yanaşma tələb edirdi. İşin bu tərəfi çətinlik yaradırdı. Əsas mürəkkəblik bunda idi. Hər romanın özünəməxsus üslubu tərcüməçidən əlavə bacarıq tələb edirdi. Bəlkə də, bu səbəbdən romanın tərcüməsi 2-3 il çəkdi".

Ernest Heminqueyin “Kilimancaro qarları” hekayəsinin tərcüməçisi Mahir N.Qarayev: "Heminquey sevdiyim yazıçıdı. Xeyli hekayəsini, “Ya var, ya yox” romanını dilimizə çevirmişəm. Məşhur “Qoca və dəniz”, “Əcəl zəngi” əsərlərini də redaktə etmişəm. Amma iki hekayəsindən – “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” – aldığım ləzzət tam başqa olub. Təkcə Heminqueydə yox, ümumiyyətlə, nəsr tərcümələrimin arasında ən çox bəyəndiyim “Kilimancaro qarları”dır. Rusca yazan bir şair dostumuz vardı, Aydın Əfəndi, o vaxt mənə Heminqueyin dördcildliyini bağışlamışdı. Sonradan baxıram ki, heç demə, hələ tələbə ikən oxuyanda hekayənin qırağında öz əlimlə yazmışam: “Gələcəkdə bunu tərcümə etməli!”

...Günlərin bir günü fikrimi qətiləşdirdim, hekayəni çevirib bir qırağa qoydum. Əsərdə çox çətin dörd-beş yer var, onlara görə tərcüməyə girişmək istəmirdim. Amma canımı dişimə tutub çevirdim. İndi yadımda deyil, ola bilsin, ilk varianta bir həftə vaxtım gedib, ya 10-15 günə tərcümə etmişəm. Amma sonra üzərində bir xeyli işlədim. Mən işi tez çapa vermirəm, adətən tərcümədən sonra ona bir neçə dəfə qayıdıram. “Kilimancaro qarları”nın tərcüməsində çalışdım ki, bircə söz belə kənarda qalmasın. Tərcümə zamanı nə əlavə, nə də ixtisar etdiyim bircə söz belə olmadı. Sözbəsöz hər şey yerindədir".

Uilyam Folknerin "Hay-küy və hiddət" romanının tərcüməçisi Etimad Başkeçid: "Bilmirəm hansı səbəbdən, amma bizdə "orijinaldan tərcümə" bir növ fetişləşib. Dastan açmaq istəmirəm – yanlış bidətdir. Orijinaldan tərcümə üçün bütün ilkin şərtlər yerinə yetirilə bilmirsə, yeri-göyü bir-birinə vurmağa ehtiyac qalmır. Ona görə ki, dünyada ələ gələn tərcümə mətnlərinin mütləq əksəriyyəti vasitəçi dildən istifadə etməklə ərsəyə gəlir. Tərcüməşünaslıqda vasitəçi dildən tərcümə ayrıca predmet kimi öyrənilir. Bizə gəlincə, əsərin sətri tərcüməsi və rus və türk dillərinə tərcümələrindən yararlanmışıq... Folknerin əsərləri ilk vaxtlarda tənqidçilər və ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılansa da, uzun müddət oxucuların rəğbətini qazana bilməmişdi. Bunun da öz səbəbləri vardı: bu əsərlər oxuculara qeyri-adi dərəcədə mürəkkəb, hətta qəliz təsir bağışlayırdı. Bu baxımdan onun əsas əsəri sayılan "Hay-küy və hiddət" romanı səciyyəvi sayıla bilər. İrland yazıçı, məşhur «Uliss» romanının müəllifi Ceyms Coysun modernist yazı texnikasından ("şüur axını", bir növ, personajın bütün fikirlərinin kağız üzərində öz əksini tapması) bəhrələnən Folkner tamamilə orijinal, eyni zamanda oxucunun hazırlıqlı olmasını tələb edən bir mətn ərsəyə gətirmişdir. Coysun mətnlərində olduğu kimi burada da proseslər xaotik, rabitəsiz təsir bağışlaya bilər. O dərəcədə ki, bir çox hallarda oxucu fantaziya, yoxsa gerçəklik və ya hadisələrin təhrif olunmuş versiyasından söhbət getdiyini başa düşməkdə çətinlik çəkir. Təsadüfi deyi ki, əksər naşirlər «Hay-küy və hiddət»in sonunda bütöv bir cədvəl yerləşdirirdilər. Burada ayrı-ayrı abzaslarda hadisələrin nə vaxt baş verdiyinə, kimin kimlə danışdığına və s. kimi məsələlərə aydınlıq gətirilir. Xüsusən də, əsərin əvvəlində, otuz üç yaşlı ağıldankəm Bencinin dilindən nəql edilən, onun daxili monoloqunu əks etdirən hadisələr dolaşıq təəssürat yarada bilər. Benci üçün ətrafda baş verənlər – anlaşılmaz yad emosiyalar və hadisələrin sayrışması, başa düşülməyən, dərk edilməsi mümkün olmayan "hay-küy"dən ibarətdir. Bencinin təəssüratlarını çatdırmaq üçün Folkner bir tərəfdən, mümkün qədər sadə konstruksiyalar seçir, digər tərəfdən bütün səbəb–nəticə bağlarını ortadan götürür, kənarlaşdırır: məsələn, "torpaq mənə sarı qaçdı və mən yıxıldım", "qutu məni vurdu", yaxud "kölgəm otun üstündə gedir" və s. Bencinin fikirləri dolaşır, keçmiş, indi və gələcək bir-birinə qarışır; onun monoloqunda xəyali və gerçək fiqurların replikaları da ehtiva olunur. Romanın mətni bir-birindən xüsusi işarələrlə fərqləndirilməyən dörd hissədən ibarətdir. Ayrı-ayrı personajların dilindən söylənən, bir-birinin üzərinə laylanan hadisələrlə səsləşən mətnlər, çox zaman seçilmiş təhkiyə texnikasına uyğun olaraq, durğu işarələrindən istfadə olunmasına ehtiyac görməyən fasiləsiz "axın"ı xatırladır. Klassik roman kanonları ilə heç cür uyuşmayan bu cür hallarda, oxucunun çaş-baş qalmaması, dolaşıq-absurd mətn oxuyurmuş kimi özünü hiss etməməsi üçün mən tərcümə mətnində əsərin siqlətinə xələl gətirməyən kiçik manipulyasiyaya yol vermişəm: məsələn, fasiləsiz mətndə cümlələrin baş hərflərini fərqləndirmək, bir-birinə “qarışmış” cümələlərdən birini kürsivlə vermək kimi. İnanmaq istəyirəm ki, Folknerin ruhu məndən inciməyəcək, minnətdar oxucu buna görə məni asıb-kəsməyəcək.

Yuxarıda qeyd etdiyimiz özəlliklər romanın başqa dillərə tərcüməsini hədsiz dərəcədə çətinləşdirir. Təsadüfi deyil ki, əsərin eyni dilə müxtəlif tərcümələri arasında əhəmiyyətli fərqliliklər mövcuddur. Müxtəlif dillərə, məsələn, rus və türk tərcümələri arasındakı fərqliliklər isə başqa söhbətin mövzusu ola bilər.

Folkner bu əsəri özünün "möhtəşəm məğlubiyyəti" adlandırırdı. Heç şübhəsiz, bu fikir boş yerə səsləndirilməyib və bu məqam əsərin tərcümə mətnlərində də özünü göstərməyə bilməz. Təbii ki, sonrakı nəşrlərdə və ya tərcümələrdə bizim təcrübəmizdən yararlanmaqla, daha təkmil mətnlər ərsəyə gətirmək olar".

Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" romanının tərcüməçisi Günel Mövlud: "Tələbə vaxtlarım idi. Neçənci kursda оxuduğum yadımda deyil. Bir gün Elman dayının Içəri Şəhərdəki kitab dükanından indinin pulu ilə beş qəpiyə "Gözlənilən bir qətlin tərixçəsi"ni aldım. Müəllifi tanımırdım, amma bir metrо jetоnunun qiymətinə kitab ala bilmək imkanını dəyərləndirdim. Tərcüməçinin adına baxdım: Əkrəm Əylisli. Çоx sevdiyim və heyran оlduğum yazıçı idi. Yəni birinci dəfə Markesin kitabını оna görə həvəslə açıb оxudum ki, müəllifi deyil, tərcüməçini yaxşı tanıyırdım. Əsər indiyə qədər оxuduqlarımdan xeyli fərqlənirdi, amma Markesə heyran оlmaq üçün az idi. Təxminən bir il sоnra dоstumuz vəkil Xalid Bağırоvun əlində Markesin "Yüz ilin tənhalığı" əsərini gördüm. Dedim ki, ver оxuyum. Xalid hər şeyi qəlizləşdirən bir adam оlduğu üçün məsələyə bir az fəlsəfi yanaşdı. Dedi ki, ehtiyatlı оl, bu çоx sirli əsərdi. Çоx adamı bədbəxt eləyib. Adam sоnra təsirindən çıxa bilmir. Elə adam var ki, həyatı bütün dəyişib bu kitabı оxuyandan sоnra. Daha da maraqlandım. Zоrla kitabı Xaliddən alıb, bir həftəyə оxuyub qurtardım. Və başa düşdüm ki, Xalid düz deyirmiş... О vaxt hələ çоx cavan idim. Məni ancaq rоmanın sehri, rоmantikası bürümüşdü. Rоmana vurulmuşdum... Əsəri təkrar-təkrar оxuyurdum. Оnu tərcümə eləyənə qədər, bəlkə, оn dəfə оxumuşam. Tərcümə fikri isə ağlıma gec gəldi və о dəqiqə də bu fikri özümdən uzaqlaşdırdım: Markesin cümlələrinin necə uzun və təsvirlə, hisslə, maraqlı fikirlərlə dоlu оlduğunu bilirsiniz. Bir cümləyə bəzən neçə ilin hadisəsini, hisslərini sığışdırır. Tərcümənin yaxşılığı isə о cümlələrin üslubunu, şəklini ən əsası isə «hava»sını qоrumaq, о cür çatdıra bilməkdir. Bunun üçün müəlliflə dоğmalaşmalısan, bəzən оnun yerinə düşünməyi bacarmalısan. Markesin az qala bütün əsərlərini оxuyandan, «Yüz ilin tənhalığı»nı isə оn dəfə оxuyandan sоnra qərar verdim оnu tərcümə eləməyə..."

Culian Barnsın "Aqibət duyğusu" romanının tərcüməçisi Seyfəddin Hüseynli: "2011-də Culian Barnsa "Buker” mükafatı qazandırmış romanının çap hüququnu və mənim "Aqibət duyğusu” adı verdiyim tərcüməmi "TEAS Press” nəşriyyatı bir müddət əvvəl almışdı. Sağ olsunlar, hər cəhətdən yüksək səviyyəli bir iş görüb, kitabı satışa çıxarıblar. Bu romanın tərcüməsi, ana dilimizdə nəşri ideyası "Dünya ədəbiyyatı” dərgisinin bu yaxınlarda çıxmış "İngiltərə” sayından xeyli əvvəl yaranıb. Yəni dostum, tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, mən isə "Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru təyin ediləndən təxminən 3 il əvvəlin işidir bu. Onda biz birlikdə həm "Kitabçı” jurnalını hazırlayır, həm də "ATV Kitab” seriyasından bir sıra nəşrlər üzərində işləyir, daha doğrusu, bəlli bir planlaşdırma aparırdıq. Onda Səlim müəllim mənim də tərcüməmdə bir kitab buraxmağın bu seriya üçün faydalı olacağını dedi. Mən çoxdan fikrimdə olan bir müəllifi – Barnsı, özü də onun həmin vaxt yenicə "Buker” almış romanını təklif elədim. Razılaşdıq, ləngimədən tərcüməyə başladım... Tərcümə prosesində ingiliscə, rusca və türkcə mətnləri ilə paralel iş apardım. İngiliscəni, ingilis ədəbiyyatını, ümumən ədəbiyyatı yaxşı bilən qədimi bir dostumdan vaxtaşırı aldığım məsləhətlər də çox faydalı oldu. Bəzi eyhamlı, sətiraltı ifadələri, frazemləri, obrazlı cümlələri daha yaxşı anlamaq və daha dəqiq ifadə etmək baxımından. Açığı, romanın rusca və türkcə tərcümələrində gördüyüm ciddi xətalar, dilin ağırlığı, üsluba xələl gətirən cəhətlər məni öz tərcüməmdə daha da vasvası davranmağa məcbur elədi. Bunlardan maksimum sığortalanmaq üçün davamlı tutuşdurmalar, dəqiqləşdirmələr lazım oldu. Çünki, elə bilirəm, Barns kimi müəllifi, xüsusən "Aqibət duyğusu” kimi romanı, istər orijinalda, istərsə də hansısa ikinci dildə olsun, yalnız bir mənbəyə baxmaqla uğurlu tərcümə etmək alınmaz. Üstəlik, ədəbiyyata, tarixə, fəlsəfəyə, psixologiyaya, incəsənətə və başqa sahələrə aid çox sayda qaynaqlara istinad da öz yerində... Düzü, Barnsın məşhur romanını dilimizə ilk dəfə özüm çevirdiyim üçün bir tərcüməçi kimi sevinirəm. Bəlkə bir azca qürurlanmağım da var. Amma ümumən ədəbi prosesimizin, tərcümə işimizin ləngliyinə görə məyusam, təəssüflənirəm. Culian Barnsı biz çoxdan oxuyub tanımalıydıq".


Anadil.az




Oxunub: 309
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR