Telekanallar Azərbaycan musiqisinin axırına necə çıxır? - Cəmil Həsənli YAZIR

Anadil tarixçi alim, professor Cəmil Həsənlinin Azərbaycan telekanallarında genetik musiqi yaddaşının məhvi ilə bağlı qeydlərini təqdim edir:

XXX

Son illərdə Azərbaycan televiziyaları Azərbaycan musiqisinin qəsdinə durub. Sözün tam mənasında ekranlarda milli musiqinin gözdən salınması, aşağılanması, təhqir edilməsi baş verir, insanların genetik musiqi yaddaşı məhv edilir. Hazırda televiziyalarda tamaşıçılara təqdim edilən musiqilərin, mahnıların çoxu GMO (Genetik modifikasiya olunmuş orqanizmlər) məhsullara bənzəyir. Bu gün bir vaxtlar çadır toyxanalarda oxunan “diringə” mahnılar, “Helhelyoza”, “Səkinə dayqızı laylay”, “Balıqların şahı ölüb dəryada” və bu qəbildən olan, heç bir bədii-estetik dəyər daşımayan ara mahnıları baş alıb gedir. Bu gün Azərbaycan televiziyalarında xalqa sırınan mahnıların, musiqilərin 80-90 faizinin sənətə və sənətkarlığı heç bir aidiyyəti yoxdur. Zövqsüz, bədii dəyəri olmayan, məzmunsuz mahnılar sözün tam mənasında Azərbaycan musiqisinin axırına çıxır. Amma şübhəsiz ki, bu musiqi talanının və yalanının içərisində çox az sayda sənətə töhfə verən, həqiqi sənət yolunda püxtələşən ifaçılar da var. Bu gün onlar mütləq azlıqdadırlar, lakin yeni şükür ki, vardırlar.

Şübhəsiz, bu proses bir tərəfdən televiziya rəhbərlərinin, aparıcıların intellektual səviyyəsinin aşağı olması ilə bağlıdırsa, digər tərəfdən proteksiya və rüşvətlə bağlıdır. Toy "tutmaq" üçün televiziyalara yol tapan və sənətə, musiqi mədəniyyətinə yad olan böyük bir dəstə əslində Azərbaycan musiqisinə toy tutur.

Telekanallar Azərbaycan musiqisinin axırına necə çıxır? - Cəmil Həsənli YAZIR


Not bilməyən mahnı yazır. Hələ üstəlik iddia edir ki, musiqisi də, sözləri də özünündür. Bu axsayan adamın rəqs təlim etməsi kimi bir şeydir. Bu gün pulla dissertasiya, diplom işi yazıldığı kimi, mahnı da yazılır. Yazılan və ifa edilən mahnılar heç bir rəydən keçmir. Hərə ağzına nə gəldi oxuyur.

Fonoqramalar sənəti kölgədə qoyub. Sazın çanağına bağlanan mikrofon az qalır onu gitaraya çevirsin.

Mahnının dəyəri həm də onun sözlərindədir. Bu gün bir birinə uyuşmayan söz yığınından mahnı düzəldilir. Məna yox, məzmun yox, fikir yox şeiriyyət yox. Hamı da efirdə bir-birinə böyük sənətkar deyib vəsf edir. Halbuki böyüklükdən əsər-əlamət yoxdur, olsa-olsa hər mənada “pota” sənətkardırlar. Yaqub Məmmədov kimi sözün tam mənasında böyük sənətkar ömrünün axırına qədar xalq artisti fəxri adı ala bilmədi. Sənətə, mədəniyyətə yad olan, sənətkarlıqdan əsər əlamət olmayan GMO sənətçilərin çoxu isə proteksiya və rüşvətlə fəxri adları ələ keçirdilər. Yaxşı, əgər siz böyük sənətkarısınızsa, onda bəs Arif Babayev kimdir, Zeynəb Xanlarova kimdir? Nə isə...

Ötən əsrin 50-ci illərində radioda efirə buraxılan bir aşıq mahnısında belə sözlər var idi:

Kaqanoviçin başına bax,
Bəstinin qardaşına bax.


Maestro Niyazi hiddətə gəlmişdi bundan. Məsələnin müzakirəsi Mərkəzi Komitəyə qədər gedib çıxdı.

1963-cü ildə Ağabala Abdullayev kimi ustad sənətkar Bakıdakı konserti zamanı “Zabul-Segah” muğamını sovet “şən həyatını” tərənnüm edən bir qəzəl üstündə oxuyarkən musiqi ictimayiyyəti buna etiraz etdi. Hətta Mərkəzi Komitənin ideloji məsələlər üzrə katibi 1963-cü ildə Azərbaycan ziyalılarının Respublika müşavirəsində demişdi: “Xanəndələr içərisində elələri var ki, həzin, qəmli əhvali-ruhiyyə ifadə edən “Segah” muğamını kommunizmə, kolxoz, yaxud sülh uğrunda mübarizəyə aid şeirlə oxuyurlar. Əlbəttə, belə müasirləşdirmə heç kəsə lazım deyil”.

1969-cu il yanvarın 28-də Qara Qarayev “Sovetskaya kultura” qəzetində “Həyat həqiqəti uğrunda mübarizədə” adlı məqaləsində yazırdı: “Həyatını həqiqi sənətə həsr edən hər adamın qarşısında yeni ifadə vasitələri axtarışı, musiqi dilini zənginləşdirmək problemi həmişə durub və duracaqdır. Bizim günlərimizdə bu problemlər daha kəskin şəkil alır və bəzən əzablı günlər keçirmək lazım gəlir”.

O, kütləyə hədəflənmiş qeyri-professional musiqi nümunələrinin yüksək səviyyəli bədii əsərləri sıxışdırıb çıxarmasından narahat olaraq musiqi redaksiyalarına deyirdi: “Bu işdə radio və televiziya həlledici rol oynayır və yüz minlərlə adamın zövqünə, şüuruna mənfi təsir göstərir. Mənə etiraz edib deyə bilərlər ki, həmin mahnıların oxunmasını dinləyicilər özləri xahiş edirlər, biz də veririk. Çünki xalqa xidmət edirik. Ancaq məsələ təkcə xalqa xidmət etməklə bitmir, biz həm də xalqda musiqi zövqü tərbiyə etməliyik. Yoldaş musiqi redaktorları, başa düşmək lazımdır ki, belə vəziyyətdə dinləyicilərin tələb və xahişi sizin hərəkətinizə bəraət qazandırmır, əksinə, musiqi mədəniyyətimizin yüksəlməsi uğrunda uzun və əziyyətli işimizə nə qədər ağır zərbə vurduğunu ifşa edən sənədə çevrilir”...


Cəmil Həsənli


Anadil.az



Oxunub: 290
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR