Azərbaycan kinosu bu gün azaddırmı? - Dövlət film çəkilişlərinə pul ayırır, amma...

Anadil Fatimə Mövlamlının ""Pərakəndə uğurlar" – Azərbaycan kinosunun bu günü" adlı araşdırmasını təqdim edir:

XXX

“Müstəqillik dövründən bəri öz yolunu tapmağa çalışır, amma tapa bilmir”, – kinoşünas Hacı Səfərov müasir Azərbaycan kinosunun bu gününü belə təsvir edir.

1990-cı illərin əvvəlinə qədər Azərbaycanda da kino sovet ittifaqına daxil olan digər respublikalarda olduğu kimi Moskvanın nəzarətində idi. Çəkilən filmlər bir mərkəzdən idarə olunur, kino sənayesi hökumət tərəfindən maliyyələşirdi. İttifaq dağılandan sonra isə kinonun bu düzəni də dağıldı.

Bundan sonra Azərbaycanda kino tənəzzül dövrünü yaşadı. Bütün sahələrdə olduğu kimi uzun illər kino sənayesində də xaos və qeyri-müəyyənlik hakim idi. Həmin dövrün incəsənət adamları ölkədə kino təsərrüfatının tamamilə dağıldığından, lazım olan avadanlıqların və maliyyə dəstəyinin tapılmadığından gileylənirdilər.

Bəs, müstəqillik dövründən bu yana kinomuzda nələr dəyişib? Azərbaycanda kino sahəsi özünü nə qədər inkşaf etdirə bilib?

Azərbaycan kinosu bu gün azaddırmı? - Dövlət film çəkilişlərinə pul ayırır, amma...

Kinoşünas Hacı Səfərov

Sosial şəbəkədə kino haqda kontentlər hazırlayıb, paylaşdığı “Film Aç” kanalı ilə geniş izləyici kütləsinə malik olan kinoşünas Hacı Səfərov müasir Azərbaycan kinosunun problemləri barədə danışıb.

“Hazırda Azərbaycanda kino industriyasını çox yavaş addımlarla da olsa qurmağa çalışırlar. Nəyə görə yavaş deyirəm? Çünki, Azərbaycan kimi kino bazarı nisbətən kiçik olan ölkələrdə kino industriyası sərbəst bazar tərəfindən qurula bilmir. Bu da dövlət dəstəyini zəruri edir.

İndiki halda isə Azərbaycanda son bir neçə ildə xüsusilə Mədəniyyət Nazirliyindəki dəyişikliklər, ümumiyyətlə kino sahəsinə dırnağarası münasibət bütün bu prosesin daha da ləngiməsinə gətirib çıxardıb. Məsələn, Azərbaycan Respublikası Kino Agentliyinin yaranmasına çox böyük vaxt sərf olundu və hamıda bundan sonra hər şeyin yaxşı olacağına dair bir ümid vardı. Amma agentlik yaranandan sonra məlum oldu ki, bizdə bu fəaliyyət mexanizmi tam formalaşmayıb deyə, uğurlu nəticələr üçün hələ bir neçə il də vaxt lazımdır”, – Səfərov deyir.

Azərbaycanda hazırda iki özəl kinoteatrlar şəbəkəsi – “Park Cinema” və “Cinema Plus” fəaliyyət göstərir. Bir də hələ sovet dövründən mövcud olan keçmiş “Nizami” kinoteatrı və ya indiki Nizami Kino Mərkəzi.

Bu kinoteatrlarda 2024-cü ilin ilk üç ayı ərzində 12 yerli film nümayiş olunub.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2022-ci ildə ölkə kinoteatrlarında nümayiş olunan 560 filmdən cəmi 60-ı yerli film olub. Ötən ilin statistikasında isə bu rəqəm 40-ı ötməyib.

Hacı Səfərov bunu tamaşaçı və kino industrayası arasındakı əlaqələrin zəif olmasına bağlayır.

“Təbii ki, kinoteatrlarda yerli filmlər nümayiş olunur. Amma bütün filmlərimiz bu imkana malik deyil. Çəkilən heç də bütün filmlər kinoteatrlarda nümayiş oluna bilmir. Bunun səbəblərindən biri tamaşaçı və kino industrayası arasındakı əlaqələrin qopuqluğu ilə bağlıdır. Yəni bu əlaqələr düzgün qurulduğu, filmlərin tamaşaçılarda maraq yaratdığı zaman istənilən nəticəni əldə eləmək olar”, – Səfərov deyir.

Dövlət dəstəyi və senzura
Azərbaycanın dövlət büdcəsindən demək olar ki, hər il kino sahəsinə müəyyən həcmdə vəsait ayrılır. Məsələn 2019-cu ildə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalının və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılmışdı.

Yaxud 2022-ci ildə ölkə başçısının Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərmanla müəyyən edilmişdi ki, agentliyin nizamnamə fondu (100 min manat) dövlət büdcəsi hesabına formalaşsın.


2022-ci ildə Azərbaycan kinoteatrlarında nümayiş etdirilən 560 filmdən yalnız 60-ı yerli film olub.

Bəs, dövlətin bu qədər sərmayə qoyduğu kino sahəsi nə qədər azad ola bilər və ya azaddırmı? Dövlət dəstəyi senzuraya yol açırmı?

“Beynəlxalq təcrübə göstərir ki, kinonun inkşafında maraqlı olan istənilən ölkədə bu sahəyə dövlət dəstəyi var. Hətta Amerikada belə müəyyən qədər bu dəstək var. Amma necə? Məsələn, elan edirlər ki, siz filan ştatda film çəksəniz, biz sizə vergidə güzəşt edəcəyik və ya xərclədiyiniz pulun bir hissəsini sizə geri qaytaracağıq.

Avropada isə bu sistem belə formalaşıb ki, dövlətin bu sahəyə ayırdığı müəyyən büdcələr var və onlar müxtəlif müsabiqə, qrantlar yolu ilə kino işçilərinə paylanır ki, onlar yeni filmlər çəksinlər. Amma əsas prioritet budur ki, pul versələr də, filmə heç bir müdaxilə olmasın.

Azərbaycanda problem budur ki, çəkilən filmlərin hamısını dövlət maliyələşdirir. Bu da istər-istəməz problemlərə gətirib çıxarır. Çünki dövlət bütün filmin bütün xərclərini ödədiyi üçün özlərində kinoya müdaxilə etmək haqqı görür və bu yaradıcılığın senzuraya məruz qalmasına səbəb olur”, – kino tənqidçisi sualı belə cavablandırıb.

Azərbaycanda dövlət kinematoqrafı necə maliyyələşdirir və bundan nə ərsəyə gəlir?
Filmlərə görə kimin və necə pul xərclədiyini və yeni dövlət strukturunun – Azərbaycan kinematoqrafını diriltmək vəzifəsi daşıyan kino agentliyinin necə işləyəcəyini izah edirik

Hacı Səfərov hesab edir ki, kinoya dövlət dəstəyi vacibdir, çünki bu sahə kifayət qədər böyük vəsait tələb edir. Bu baxımdan, ona görə, Avropa təcrübəsi ideal sayıla bilər:

“Dövlət filmə tam yox, bir miqdar pul ayırır, qalan vəsaiti isə prodüserlər özləri əldə etməyə çalışırlar. İstehsaldan sonra da film öz xərcini kinoteatrlarda baxışdan çıxarır”.

“Azərbaycanda kino tam azad deyil”
Hacı Səfərov senzuranın bürokratik formasına diqqət çəkir:

“Azərbaycanda kino sahəsinin azad olduğunu demək olmur. Amma tam senzura var da demək doğru deyil. Çünki bizdə senzura mexanizmi bir o qədər formalaşmayıb. Məsələn, müstəqil şəxslər istədikləri mövzuda film çəkə bilirlər. Sadəcə burada bürokratik tərəfdən əngəllər var. Həmin o problemlər ümumilikdə film istehsalını çətinləşdirir.

Məsələn film çəkmək istəyirsənsə, bir neçə dövlət qurumundan icazə almalısan ki, heç bir problem olmadan çəkilişlərini rahat həyata keçirəsən. Çünki 5 nəfərdən artıq bir komanda ilə nəisə iş görəndə, istər-istəməz diqqət çəkirsən və müxtəlif dövlət qurumlarının əməkdaşları səni sorğu-sual edir ki, “siz kimsiniz, nə çəkirsiniz burada?”

Amma beynəlxalq təcrübədə belədir ki, vahid sistem var və sən ora filmin mövzusunu təqdim edəndən sonra lazımı bütün icazələri operativ şəkildə əldə edirsən. Bizdə isə məsələn, Bakının Suraxanı rayonunda film çəkəcəksənsə, Suraxı rayon İcra Hakimiyyətindən, Bakı Şəhər İcra Hakimiyyətindən, Daxili İşlər Nazirliyindən, çəkilişin olacağı ərazinin polis şöbəsindən və s. icazə almalısan”, – deyə Səfərov izah edir.

O əlavə edir ki, bəzən bu icazələri almaq çox uzun vaxt apardığından film yaradıcıları əlavə xərcə düşürlər. Çünki filmin rejissoru çəkilişləri iki həftə sonraya nəzərdə tutursa, bütün yaradıcı heyət də o tarix üçün başqa bütün işlərini təxirə salır. Amma icazələr o vaxta kimi alına bilməyəndə, çəkiliş ləngiyir və nəticədə heç bir iş görmədiyin günlər üçün də yaradıcı heyətə qonorarlarını ödəməli olurlar. Bu da onsuz da qıt olan büdcəni, daha da azaldır.

“Kinonun pərakəndə uğurları”
Azərbaycanda son illər çəkilən bəzi film və serialların ən azından yerli auditoriyada səs gətirdiyini görmək mümkündür. Hacı Səfərov əsasən müstəqil sənət adamları tərəfindən ərsəyə gətirilən bu işləri kinonun “pərakandə uğurları” hesab edir. Çünki bu işlər davamlı və artan xətt üzrə irəliləmir.

“Elvin Adıgözəlin “Biləsuvar” filmi “Busan” Beynəlxalq Film Festivalına, “Daxildəki ada” filmi “Sarayevo” festivalına seçilmişdi və ya rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi iki böyük festivalda mükafat qazanıb. Yəni tək-tük də olsa, belə filmlər ərsəyə gəlir, gənc nəsil arasında xeyli proqramlara seçilən, layihələri dəstək görənlər var ki, kütlə arasında çox da tanınmırlar, amma kino ictimaiyyəti onlardan xəbərdardır.

Digər tərəfdən xüsusilə İctimai Televiziyada yayımlanan seriallar uğur qazandı. Son yayımlanan “Alatava” serialı insanlar tərəfindən izləndi və maraqla qarşılandı. Bu, özlüyündə bir uğurdur.

Ya da Taleh Yüzbəyovun “Zəhər Tuluğu” filmi kimoteatrlarda xeyli uğur qazandı.

Amma bu uğurlar davamlı deyil. Davamlı olaraq belə iş getmir ki, bu insanlar yenidən başqa işlərlə ortaya çıxsınlar. Adam bir film çəkir, sonra 10 il heç nə çəkə bilmir.

Yəni yaxşı filmlər təbii ki var, amma söhbət bir neçə filmin uğur qazanmasında yox, bunun daimi olmasındadır”.

Azərbaycanda incəsənət işçilərinin yaralı yerlərindən biri də qazandıqları qonorarların azlığıdır. Həm aktyorlar, həm rejissorlar, ssenaristlər və kino sahəsində çalışan hər kəs əməyinin lazımınca dəyərləndirilmədiyindən şikayət edir. Bu problem bir çox istedadlı, sənətdə potensialı yüksək olan insanların daha rahat pul qazana bilmək üçün şou-biznesə, hətta “toy biznesi”nə meyllənməsinə səbəb olur.

“Məsələn, sən rejissorsansa, kino sənin üçün o qədər də gəlirli sahə deyil. Çünki bir rejissorun filmini ərsəyə gətirməsi üçün heç olmasa iki il vaxt lazımdır. O, bu filmdən o qədər pul qazanmalıdır ki, həmin iki ilin borcunu-xərcini ödəyə bilsin. Bu da təəssüf ki, real deyil.

Yaxud ssenaristlər. Adam film və ya serial ssenarisi yazmaq istəyir. Amma davamlı olaraq iş imkanına malik deyil deyə, keçir reklam senarisi yazmağa, öz bacarıqlarını orada istifadə edir.

Yəni kino industriyası özünü dolandıra bilir desək, şişirtmiş olarıq. Mən özümdən də bilirəm ki, bu işdən elə də çox pul qazanmaq mümkün deyil. Mütləq əlavə işlər görməlisən. Mənim “Film aç”da auditoriyamın olması belə mənim üçün böyük qazanc mənbəyi deyil. Kanala daim yeni videolar hazırlayıb yükləməliyəm, sponsor dəvət etməliyəm, onlarla işləməliyəm və bu heç də həmişə uzunmüddətli olmur.

Qısası, bu sahədə çalışan insanlar qaz vurub, qazan doldurmurlar. Sadəcə kinoya olan sevgilərindən bu işlə məşğul olurlar”, – deyə Səfərov bildirir.

Bununla belə Hacı Səfərova görə, Azərbaycan kinosunun 90-cı illərdən bəri müsbətə doğru irəlilədiyini demək mümkündür, amma bunu kifayət qədər yaxşı nəticə hesab eləmək olmaz: “Azərbaycanda dövlətin siyasi iradəsi lazımdır ki, kinonun inkşafında maraqlı olsun. Eyni zamanda kino industriyasında çalışan insanların da sözü bir olmalı, onlar ortaq hədəf üçün çalışmalıdırlar. Bunun üçün də ilk öncə fikir ayrılıqlarını kənara qoyub, eyni tələblərdən çıxış eləməlidirlər ki, həmin siyasi iradə də hərəkətə keçsin”.

/Qaynaq: JAMnews/


Anadil.az




Oxunub: 363
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR