Azərbaycan kinosunun "qoçu"su: “Şeytanbazar”da hamballıq etdi, milyonçu qızı ilə evləndi - MARAQLI FAKTLAR

Anadil iyunun 19-da anadan olmasından 124 il ötən mərhum aktyor Möhsün Sənani haqqında maraqlı faktları təqdim edir:

XXX

Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin məşhur “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb.

***

1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.

***

Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, “Şeytanbazar”da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

***

Səhnə həvəsi M.Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir.

***

1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və həmin dərnəklərdə birpərdəli pyeslərdə özünü sınamağa başlayır. Möhsünün ilk rejissoru isə komik aktyoru Mirzəxan Quliyev olub.

Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları onun istedadına böyük ümid bəsləyirlər. Lakin...

***

Lakin Möhsünün sənət yolunu kəsmək istəyənlər də vardı.

Bunlar atası Molla Sadığın dostları idi.

Axı qatı dindarlar, xürafatçı möminlər üçün həmin dövrdə aktyorluq şeytan işi sayılırdı.

***

Nəticədə işsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.

***

Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.

Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar həmin teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşıyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyli və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olub.

***

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, öz rolunu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur.

***

Həmin dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Bu rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır.

Azərbaycan kinosunun "qoçu"su: “Şeytanbazar”da hamballıq etdi, milyonçu qızı ilə evləndi -  MARAQLI FAKTLAR


***

M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır.

Qızı Gülər xanımın dediklərindən: "Atamın Bakıya gəlməsində Mustafa Mərdanovun çox köməyi olub. Bakıda atam Mirzağa Əliyev kimi böyük aktyorların imtahanıyla teatra qəbul edilib və daim sənət-səhnə irəliləyişində olub, həmişə baş rollar verilib. Hamı onun səs diapazonundan, komik və tragik rolları eyni peşəkarlıqla oynaya bilməsindən, sözünə səhnəyə çıxmazdan əvvəl başlamaqla, həm səhnə məkanına bir mizan yeniliyi, həm də özü üçün əlçalma “avans”ı qazanma kimi bacarıqlarından danışırdı".

***

Bakıya gəldikdən sonra M.Sənani nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.

***

M.Sənani iki dəfə ailəli olub. İlk həyat yoldaşından tez ayrılıb. 40 yaşında isə bu dəfə özündən 20 yaş kiçik qadınla ilə qurub. Həmin xanım Bakı milyonçusu Nəcəf Əmiraslanovun qızı, başqa bir Bakı milyonçusu Haci Aslan Aşurovun isə nəvəsi olub.

Ölməz aktyor iki dəfə elçi gedib, ancaq hər ikisində rədd cavabı alıb, yalnız üçüncü cəhddə istəyinə çatıb. Qızın ailəsi onun da Möhsün Sənanini sevdiyini görüncə razılaşmaq məcburiyyətində qalıb.

M.Sənaninin ikinci həyat yoldaşı Üzeyir Hacıbəyovun tələbəsi olub və Dövlət Filarmoniyasında solist işləyib.

Aktyorun qızı Gülər xanımın dediklərindən: "Anam deyərdi ki, konsertlərimdə zal dolurdu. Anam məktəbdə, ya da institutda oxuyan vaxt, dəqiq yadımda deyil, deyirdi ki, qızlar Möhsün Sənani üçün ölürdülər. Zəng edib, onun nömrəsini öyrənmişdilər. Ancaq zəng edib telefon trupkasını mənə verərdilər və mən də mahnı oxuyardım. Anam “Durna” mahnısını çox gözəl oxuyardı. Təsadüfən atam bir dəfə Filarmoniyaya konsertə gedir və bu zaman anam həmin mahnını oxuyur. Atam anamın səsindən tanıyır, deyir ki, mənə zəng edən bu qızdır. Konsertin sonunda anama yaxınlaşır və beləcə tanış olurlar. Ondan sonra sevgi münasibətləri başlayıb. Atamla tanış olduqdan sonra anam sənətdən uzaqlaşıb".

***

Qızı Gülər xanımın dediklərindən: "“Gözlərim önünə” ifadəsi atamın son obrazlarından birini (N.Dumbadze - “Darıxma, ana”) yadıma saldı... Hə, artıq görmə qabiliyyəti tamam zəifləmişdi və o tamaşanın bir məqamında “sevinirəm ki, sağam, nəfəs alıram, görürəm...” deyəndə, gözlərindən yaş gedirdi. Tamaşaçılar bunu da əsər mizanı kimi qəbul edirdilər, mənsə...

Elə axırıncı rolunu da həmin tamaşada oynadı, birdən ayağı büdrədi və bir daha teatra getmədi..."

***

M.Sənani 1981-ci il fevralkın 12-də vəfat edib.

Qızı Gülər xanımımn dediklərindən: "Atam özünə çox baxan insan olub, yeməyi az yeyərdi, eyni çəkidə qalardı. Amma evdə oturduqdan sonra kökəlməyə və ağırlaşamağa, səhhəti dəyişməyə, təzyiqi qalxmağa başladı. Yadıma düşür ki, axırıncı dəfə xəstəxanaya yüksək təzyiqlə apardıq. Teatrdan, yoldaşlarından ayrı düşdüyünə görə çox həyəcan keçirirdi. Xəstəxanada iki dəfə infarkt keçirmişdi. Həkim mənə dedi ki, ürək parçalınıb. Bilirdim ki, artıq atamın son günləridir. Hər dəqiqə xəstəxanada atamın yanında olurdum. Xəstəxanada olan adamın gözü həmişə yolda olur. Yanına çox adam gəlirdi".

***

M.Sənani xəstəxanada mülaicə olunarkən belə bir hadisə baş verib: o, bir ay yarım xəstəxanada qalıb, həmin vaxt o zamankı mədəniyyət naziri Zakir Bağırov da xəstəxanaya düşübmüş.

Gülər xanımın dediklərindən: "Atam yatdığı otağın yanında qalırdı. Dedim, ata, Zakir müəllim də xəstəxanadır. Soruşdu ki, xəstəliyi nədir? Dedim bilmirəm. Zakir müəllim bir həftə qaldı. Onun xəstəxanadan çıxdığını atama deyəndə dedi ki, yanıma gəlmədi? Atamın yanına gəlmədiyinə görə çox pis oldu. Amma atam rəhmətə gedən gün axşamı teatrın direktoru ilə nazir gəldi. Dedim ki, sizin bura gəlməyinizin nə mənası var, sağ ikən gəlsəydiniz, atam da sevinərdi..."


Anadil.az



Oxunub: 368
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR