Ağrıdım hamının ağrısına mən... - Səməd Qaraçöpün YENİ ŞEİRİ

Anadil Səməd Qaraçöpün "Bir ürək ağrısı" şeirini təqdim edir:

XXX

Dünyaya gələndən ağrı çəkirəm,
Ağrı çəkir məni doğma qan qədər;
Allah bu ürəyi mənə verdi ki,
Get ağrı – ürəyin istəyən qədər.

Baxmadım gözümün ucuynan belə,
Dünyanın ürəkdən anrısına mən;
Allahın verdiyi o bir ürəknən
Ağrıdım hamının ağrısına mən.

Kimin ayağına bir daş dəyirsə,
Hər dəfə sinəmdə ürək can çəkir;
Hamının ağrısı doğmadı mənə,
Ağrı görən kimi məni qan çəkir.

Allahın verdiyi o bir ürəknən
Ağrıdım dünyada hər göz yaşına;
Əl boyda ürəyi böldüm hamıynan,
Böldüm ürəyimi ağrıbaşına.

07.01.2024

Anadil.az



Oxunub: 305
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR