Azərbaycan kinosunun "Mazelli"si, "Göygöz kosa"sı: ölümqabağı yazdığı kitab niyə çap olunmadı? - MARAQLI FAKTLAR

Anadil Azərbaycan filmlərindən “Uzaq sahillər”də Mazelli, “Bir qalanın sirri”ndə Göygöz kosa rollarının ifaçısı kimi məşhurlaşan Andrey Fayt haqqında maraqlı faktları təqdim edir:

XXX

Andrey Fayt 1903-cü il avqustun 29-da Rusiyanın Nijni-Novqorod şəhərində anadan olub.

O, əslən XIX əsrin əvvəlində Rusiyaya köçmüş alman tacir ailəsində doğulmuşdu.

***

Andreyin ixtisasca həkim olan atası siyasi fəaliyyətə qoşulmuşdu, bolşeviklər partiyasının üzvü, "Xalq hərəkatı qrupu" adlı təşkilatın rəhbəri idi, hətta həyat yoldaşı da çar rejimi əleyhinə inqilabi mübarizədə ona kömək edirdi. Bu səbəbdən bir neçə dəfə Sibirə sürgün olunmuşdu. Hətta həyat yoldaşı Andreyə hamilə ikən belə, ata sürgündə idi.

***

1905-ci ildə növbəti sürgün təhlükəsindən qurtulmaq üçün Faytın valideynləri Fransaya qaçırlar. Bu qaçış Andreyin həkim olan atasının xeyirxah pasiyentlərinin dəstəyi sayəsində baş tutur.

Balaca Andrey Fransada liseydə oxumağa başlayır.

***

Fransada olarkən Faytın ata və anası siyasətdən əl çəkirlər. Birinci Dünya müharibəsi başlayanda Andreyin atası fransız ordusunun həkimi qismində könüllü kimi cəbhəyə yollanır. Bundan sonra öncə onun anası iki uşağı ilə Moskvaya qayıdır, Fevral inqilabından sonra isə Andreyin atası öz ailəsinin yanına qayıdır. Ata sanatoriyaların birində baş həkim işləməyə başlayır.

***

Andrey Faytın xalası oğlu, Rusiyada səssiz kinonun məşhur aktoyru Oleq Frelix ona Preobrajenskinin şəxsi incəsənət dərnəyinə yazılmasını məsləhət görür. Dərnək üzvləri rəsm çəkir, şeir yazır, aktyorluq edirdilər. Andrey isə onlardan fərqli olaraq mahnı bəstələyir.

***

Məktəbi bitirəndən sonra Fayt Hərbi Mühəndislik İnstitutuna daxil olur. İki il burada təhsil aldığı müddətdə dəqiq elmlərə marağının olmadığına əmin olur. Ona görə də sənədlərini Moskva Kinematoqrafiya İnstitutuna verir və qəbul olunur. İnstitutda oxuduğu vaxt aktrisa Qalina Kravçenko ilə tanış olur. 1928-ci ildə ailə həyatı qursalar da, bu izdivac çox sürmür və 1930-cu ildə ayrılırlar.

***

Tələbəlik illərində Andrey yoldaşları ilə birgə konsertlər təşkil edir. Belə konsertlərin birində rejissor Vladimir Qardinlə tanış olur. Rejissor Andreyi “Göyərçinlərin evi” (1924) filmində Azanqulov roluna dəvət edir. Bu filmdən sonra o, “Mosfilm” studiyasında rejissor Mixail Rommla tanış olur, “Qızıl ehtiyatı” filmində rol alır, sonra bir çox filmlərdə çəkilir.

***

Böyük Vətən müharibəsi başlayanda Andrey Fayt studiya ilə bərabər Stalinabada (Tacikistanın paytaxtı Düşənbə) köçür. Burada “Dəmir mələk” (1942) filminə çəkilir. 1948-ci ildə rejissor Qriqori Aleksandrov onu “Elbada görüş” filmində Şrank roluna dəvət edir. Daha sonra “Əyri güzgülər krallığı”nda Nuşrok roluna çəkilir. 60 yaşlı aktyor çəkiliş zamanı məharətlə at çapır. “Dulusçuluq aləti” filmində yaratdığı usta Bolotnikov rolu isə onun sənətdə böyük uğuru olur.

***

Faktyorun aktyorluq istedadı əksər rejissorun diqqətini cəlb edirdi, bu səbəbdən demək olar ki, ildə iki-üç filmə çəkilirdi. Xüsusən də mənfi rolları məharətlə canlandırırdı. Andrey Faytın özünəməxsus xarici görünüşü, istedadı bizim rejissorların da xoşuna gəlir və Tofiq Tağızadə onu “Uzaq sahillərdə” (1958) filmində Mazelli roluna, Əlisəttar Ataklişiyev isə “Bir qalanın sirri” (1959) filmində Göygöz kosa roluna dəvət edir. Aktyor hər iki rolu məharətlə oynayaraq adını həm tamaşaçıların yaddaşına, həm də kino tariximizə əbədi yazdırır.

***

«Ələddinin sehirli çırağı»nda Andrey Fayt və filmin quruluşçu rejissoru Boris Rıçarev Məğribli cadugər rolunu müxtəlif cür görürdülər. Aktyorun sözlərinə görə, çəkilişin sonuna qədər onlar razılığa gələ bilməyiblər. "Onu, Məğribli cadugər rolunu ironik planda vermək cəlb edirdi. Ancaq mən pisliyin, qəddarlığın gücünü göstərmək istəyirdim. Axı Məğribli cadugər sehrli lampanı ələ keçirib dünyanın hökmdarı olmaq istəyirdi" - deyə aktyor xatırlayırdı.

Maraqlıdır ki, hələ 1938-ci ildə bu nağılın ekranlaşdırılmasına və Məğribli cadugər roluna Faytı dəvət etmişdilər. Filmin rejissoru Andryevski çəkilişlərə başlasa da, tezliklə film istehsaldan yığışdırılmışdı. Üstündən 30 il keçəndən sonra eyni rol Fayta təklif olundu. "Bu unikal təsadüf idi. 30 ilə yaxın müddət keçəndən sonra eyni aktyora, eyni rolu təklif etmək və eyni studiyada çəkilişlərin aparılması çoxlarına inandırıcı görünməyə bilər. Bu, teatrda mümkün deyil. Kinoda isə yaşın sürətlə öz sözünü dediyi bir vaxtda bu, demək olar ki, inandırıcı deyil. Məsələ onda deyil ki, mən bu illər ərzində dəyişməmişəm. Təəssüf, dəyişmişəm. Məsələ ondadır ki, Məğribli cadugər yaşı olmayan varlıqdır. Təkcə bu aydındır ki, o, cavan deyil. 40-50 və ya 60 yaş – bu, rol üçün heç bir əhəmiyyət daşımır" - deyə Fayt qeyd edirdi

***

Aktyor bir qayda olaraq mənfi obrazları canlandırıb. Hətta buna görə, o, sovet ekranının «baş yaramaz»ı kimi tanınırdı.

Bu barədə o özü isə belə deyib: "Məndən həmişə soruşurlar, nə üçün mənfi rolları oynayırsan? Bu, çətindirmi? Əlbəttə, qəhrəmanları oynamaq xoşdur. Xüsusən, gənclikdə sənə zillənən ilhamlı gözləri seyr etmək məftunedicidir. Amma bu baxışlar mənə tanış deyil. Mən ekranda sui-qəsdlər törtəmişəm, satqınlıq və diversiyalara rəhbərlik etmişəm. Ən qərarverici məqam isə mənim öz məqsədimə çatmağım olub. Sonda mənim planlarım alt-üst olub və cəzalanmışam. Zalda isə qopan alqışlar mənə yox, qəhrəmana ünvanlanıb".

***

Andrey Fayt qocalana qədər əla fiziki formada olub. Filmlərdə tryuk səhnələrini özü ifa edib. Hətta 60 yaşında «Əyri güzgülərin krallığı» filminin çəkiliş meydanında atın üzərinə özü tullanıb.

***

Gəncliyində istedadlı aktyorun “Hərarətli şəlalə” şeirlər kitabı nəşr olunub. 1973-cü ildə isə “Olanlar haqqında” adlı memuarını yazsa da, nədənsə bu kitab çap edilmir.

Yalnız 1998-ci ildə həmin xatirələrdən müəyyən hissələr rus kinoşünas Sergey Kapkovun "Bu fərqli üzlər, fərqli simalar" kitabında işıq üzü görür.

***

Aktyor ikinci dəfə Mariya Brilinqlə ailə həyatı qurub. Onların bu evlilikdən Yuli adında oğulları dünyaya gəlib. Sonralar o da atasının yolunu davam etdirərək, Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. Əsasən sənədli və uşaq filmlərini çəkib. Uşaqlar üçün məşhur “Yeralaş” süjetləri hazırlayıb.

***

Fayt 1976-cı il yanvarın 17-də Moskvada həyata gözlərini yumub.


Anadil.az




Oxunub: 478
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR