Bir salam ver hər görəndə, bu, səadətdir mənə! - Əli Kərimin ilk və son QƏZƏLİ

Anadil bu gün ölümündən 55 il ötən unudulmaz şair Əli Kərimin Məhəmməd Füzulidən təsirlənərək yazdığı ilk və son qəzəlini təqdim edir:

XXX

Səndən ayrı min dərdi-qəmü məlamətdir mənə,
Nə xoşam, nə naxoşam, bilməm, nə halətdir mənə.

Min savab eyləyərək bir yol mənə xoş baxıbsan,
Əvəzin çıxmalıyam, bu nə xəcalətdir mənə.

Gözünü dikmə yerə, sən canın, ellər gözəli,
Bircə an görməməyim yüz illik həsrətdir mənə.

Hey keçirsən küçələrdən, niyə sinəm üstdən yox,
Torpaq içində yaxam, gör nə böyük dərddir mənə.

Gah baxırsan çox soyuq, gah da mehriban mənə, yar
Vallahi, baş açmıram necə məhəbbətdir mənə.

Yoxsa ki duymamısan aşiqini, məşuqəm,
Hər dönüb baxmağın bir müsibətdir mənə.

Əliyəm, ağlamaram, sevdiyin varsa, aç, de,
Bir salam ver hər görəndə, bu, səadətdir mənə!

______________________________________________

Qeyd:

Əli Kərimin sizə təqdim olunan yeganə qəzəlinin üzünü Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor işləmiş Əli Səmədov (1930-2006) köçürərək saxlayıb.


Anadil.az



Oxunub: 378
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR