"Anadil" tərcümə seriyasından İLK KİTAB – "Balaca Şahzadə"nin DİLİMİZƏ YENİ TƏRCÜMƏSİ

"Anadil" bilgi və sənət portalının eyniadlı tərcümə seriyasından ilk kitab işıq üzü görüb.

Bu, fransız yazıçısı Antuan dö Sənt-Eqzüperinin (1900 – 1944) məşhur "Balaca Şahzadə" əsəridir.

Əsəri orijinaldan Xədicə Eyyubova və Allahyar Eyyuboğlu çeviriblər.

Tərcümə zamanı "Balaca Şahzadə"nin özünəməxsus bədii üslubu qorunub-saxlanılıb. Bundan başqa, kitabda dö Sənt-Eqzüperinin özü tərəfindən əsərə çəkdiyi illüstrasiyalardan istifadə edilib.

Bildirək ki, "Anadil" tərcümə seriyasından ikinci kitab isə yaxın günlərdə çapdan çıxacaq. Bu, görkəmli tərcüməçimiz Vilayət Hacıyevin orijinaldan çevirməsində alman yazıçısı Mixael Kumpfüllerin "Həyatın möhtəşəmliyi" romanı olacaq. Roman məşhur yazıçı Frans Kafkanın son məhəbbətindən – yəhudi qızı Dora Diamantla sevgi macərasından bəhs edir.

Xatırladaq ki, dö Sənt-Eqzüperinin debüt əsəri "Pilot" hekayəsi sayılır. Ona dünya şöhrətini isə məhz "Balaca Şahzadə" gətirib. İlk dəfə 1943-cü ildə nəşr edilən əsər dünyanın əksər dillərinə tərcümə olunub və ən çox oxunan kitablardan biridir.

"Balaca Şahzadə"nin nəşrindən cəmi biri sonra peşəsi pilotluq olan yazıçının idarə etdiyi təyyarə sonuncu dəfə havaya qalxıb və qəzaya uğrayıb. Beləcə, dö Sənt-Eqzüperi həyatla vidalaşıb. Bu, eyni zamanda, onun – "Balaca Şahzadə" müəllifinin ikinci, lakin bu dəfə əbədiyyətə qədər davam edəcək ömrünün başlanğıcı idi...


Anadil.az
Oxunub: 466
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR