Şifahiləşdi kitablar, itdi hərf ənənəsi... - Mahir Mehdinin YENİ ŞEİRİ

Anadil Mahir Mehdinin yeni şeirini təqdim edir:

XXX

Beyin birlikdən çıxmamış
bitdi tamlıq yoqası...
Yazdıq
vəhşi dərisinə
bir insanlıq saqası.

Bir "ol"dan başlayıb, "öl"də
sona yetdin,
nəhayət...
Yazdığım
qısa şeirlər
sənə uzun səyahət.

Bu qaranlıq
pəncərələr
söndürülmüş ehtiras...
Yer üzünə
gəlişimiz
yaranışa etiraz.

Aldığımız süni nəfəs
var olmağın
son həddi...
Ölüm
başqa bir dünyanın
şəklinə
düşmək cəhdi.

...Şifahiləşdi kitablar,
itdi
hərf ənənəsi...
Biz burda
yaşamamağın
ən canlı nümunəsi.

Özününkü deyil
heç kəs,
hərə kiminsə payı...
Həyat
üstündə son eşqin
zorlandığı çarpayı.


Anadil.az

Oxunub: 276
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR