25 il boyunca Norveçdə çap edilən ən yaxşı əsərin müəllifindən HEKAYƏ

Anadil tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının çevirməsində Norveç yazıçsı Kjell Askildsenin (1929 - 2021) "Şahmat" hekayəsini təqdim edir:

XXX

Dünya çox dəyişib. Misal üçün, həyat indi daha artıq vaxt alır. Səksəni arxada qoymuşam, hələ çabalayıram. Canım möhkəmdi, ancaq belə baxanda möhkəm olmağın da mənə bir faydası yoxdur. Həyat məni buraxmaq istəmir. Əgər yaşamağın mənası yoxdursa, demək, ölməyin də mənası yoxdur. Belə çıxır.

Ayaqlarım sözümə baxanda, qardaşıma dəydim. Üç ildi görüşmürdük, ancaq onu köhnə ünvanında tapdım. “Hələ sağsan”, – dedi, ancaq məndən böyükdü. Özümlə qəlyanaltı aparmışdım, o məni suya qonaq elədi. “Yaşamaq çətindir, – dedi. – Dözülməzdir”. Başım yeməyə qarışdığından cavab vermədim. Boş-boş danışmağı xoşlamıram. Nəhayət, yemək-içməyi bitirdim. Qardaşım başımın üstündən divara zillənmişdi. Ayağa dursam birbaşa mənə baxmalı olacaqdı – əgər baxışlarını yayındırmasaydı. Bunu da mütləq edərdi. Mənimlə özünü naqolay hiss eləyir. Daha doğrusu, mənə görə özünü naqolay hiss eləyir. Görünür, özünü qınayır, vicdan əzabı çəkdiyini heç demirəm. O, iyirmidən artıq qalın roman yazıb, mən isə bir neçə nazik roman yazmışam. O – məşhurdur, ancaq şöhrəti, doğrusu, bir az şübhə doğurur. Hamısı sevgidəndir, əsasən də cismani sevgidən. İlhamını da ondan alır.
O hələ də başımın üstündən nəyəsə baxırdı. Bəs necə, əlinin altında iyirmi romanın olanda, adam özünə nələri rəva görməz. Məsələyə keçmədən dərhal durub getmək istədim. Özümü əziyyətə salıb bu qədər yol gəlmişdim. Ona şahmat oynamağı təklif etdim. “Çox vaxt aparır, – sözümü kəsdi. – Mənimsə vaxtım, az qala, qurtarıb. Əvvəl gəlmək lazımdı”. Bu sözlərdən sonra qalxıb getməliydim. O da buna ümid eləyirdi. Ancaq mən son dərəcə nəzakətliyəm. Bu mənim zəifliklərimdən biridir. Ona görə dedim: “Bir saatdan artıq olmamaq şərtiylə”. “Yaxşı, – o razılaşdı. – Qələbədən, məğlubiyyətdən həyəcanlanmaqmənlik deyil. Ürəyimin belə şeylərə daha gücü çatmır. Elə sən də mən gündəsən”. Cavab vermədim, bircə səhhətimizi müqayisə eləmək çatışmırdı. Ancaq cavab gedişi etdim: “Hə, demək, ölümdən qorxursan”. – “Boş sözdür. Sadəcə, ömrüm boyu can qoyduğum işi sona çatdırmağa macal tapmalıyam”. Məhz belə ifadə elədi – təmtəraqla, adamın ürəyi bulanır.

Çəliyimi döşəməyə qoymuşdum, indi götürmək üçün əyildim, məzhəkəni qurtarmaq lazımdı. “Ən azından, öləndəsə özümüzə zidd getməyək”, – dedim, nəyi nəzərdə tutduğumu anlayacağını ağlıma belə gətirmirdim. Əlbəttə, onun təkəbbürü bunu başa düşməyə imkan vermədi. “Sənin xətrinə dəymək istəmirdim”, – dedi. “Xətrimə dəymək? Mənim vecimə də deyil, – kifayət qədər hündürdən etiraz etdim, görünür, bir az əsəbiləşmişdim, – yazdığım, yazmadığım o cəfəng şeylərin hamısına tüpürüm!” Sonra ayağa qalxıb əməlli-başlı nitq söylədim: “Dünya hər saat minlərlə gicdən canını qurtarır. Təsəvvür elə, sadəcə, beynində hesabla ki, gün ərzində nə qədər zəka sahibi yox olub gedir, bütün səfehliklərin baiskarı da onlardır. Axmaqlıqların isə kökünü kəsmək heç cür mümkün deyil, çünki onun bir hissəsi kimlərinsə yazdığı kitablara çökür. Adamlar nə qədər ki, həmin romanları oxuyacaqlar, səfehlik yaşayab artacaq! – Sonra, boynuma alıram ki, heç nəyə dəxli olmadan əlavə elədim: – Şahmat oynamağa, bax, elə ona görə gəlmişdim”. O, dinməzcə oturmuşdi, yalnız qapıya çatanda səsi eşidildi: “Ağzına gələni danışdın. Eybi yox, sənin çərənlədiyindən istifadə edəcəm, onu nadanın dilindən yazacam”.

Mənim qardaşım başqa cür deyə bilməzdi. Yeri gəlmişkən, o elə həmin gün də öldü. Görünür, son sözlərini eşitmək mənə qismət olub. Mənsə onun ümidini boşa çıxarıb, heç nə demədən getmişəm. O, son sözü özü deməyi arzulayırdı, buna da nail oldu, ancaq əvvəlcə ləzzətlə natiqlik etmək fikrindəydi. Söhbətimizin onu necə həyəcanlandırdığını xatırlayanda, həmişə çinlilər haqqında düşünürəm – onlarda cinsi əlaqə zamanı yorğunluqdan ölməyi bildirən xüsusi heroqlif var.

Necə olsa da, biz axı qardaşıq.

__________________________

Kjell Askildsen kimdir?

1929-cu ildə Norveçin Mandal şəhərində anadan olub. İlk hekayəsi 1953-cü ildə çap edilib. 1969-cu ildə nəşr olunan "Mühasirə" romanı 1973-cü ildə ekranlaşdırılıb. 1983-cü ildə işıq üzü görən "F.Tomasın son qeydləri" məcmuəsi 25 il ərzində Norveçdə çap olunan ən yaxşı bədii əsər sayılıb. Braqi, "Askekoyr" və Norveç tənqidçilər cəmiyyətinin mükafatlarına layiq görülüb.

2021-ci ildə vəfat edib.

Anadil.az
Oxunub: 373
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR