Hitler fanatı, olmuş, 11 sentyabr terrorunu alqışlamış əfsanəvi şahmatçının QALMAQALLI HƏYATI

Anadil: Əfsanəvi şahmatçı Bobbi Fişerin ölüm ildönümüdür. O, 2008-ci ilin məhz bu günü dünyasını dəyişib. Bu münasibətlə tarixçi Yadigar Sadıqlının Fişerlə bağlı araşdırmasını təqdim edirik:

XXX

Mən şahmat dahisi deyiləm. Mən şahmat oynayan dahiyəm.
Bobbi Fişer


Şahmat üzrə dördüncü dünya çempionu Aleksandr Alexin 1946-cı ilin martında qəfildən vəfat etdi. Bununla da onun sovet şahmatçısı Mixail Botvinniklə artıq təyin edilən çempionluq qarşılaşması baş tutmadı, şahmat tacı isə sahibsiz qaldı.

Beynəlxalq şahmat federasiyası (FİDE) çempionu müəyyən etmək üçün son illərdə ən yüksək nəticələr malik olan şahmatçılardan ibarət turnir keçirməyi qərara aldı: Botvinnik, Smıslov, Keres (SSRİ), Reşevski, Fayn (ABŞ) və Maks Eyve (Niderland). Fayn son anda imtina etdiyindən turnirdə beş nəfər iştirak etdi. Həmin turnirin qalibi və yeni dünya çempionu Botvinnik oldu. Bununla da sovet şahmatçılarının təxminən əsrin ¼ qədər davam edən hegemoniyası başladı.

Yeni çempion müəyyənləşəndən sonra FİDE çempionatın mütəmadi keçirilməsini nəzərdə tutan qaydalar tərtib etdi. Zonalararası turnirdə ilk 8 yeri tutan şahmatçılar dairəvi sistemlə yarışırdılar və birinci yeri tutan dünya çempionu ilə qarşılaşmaq hüququ qazanırdı. Çempionluq uğrunda matç üçün 24 oyun nəzərdə tutulurdu. Daha çox xal toplayan şahmatçı qalib elan olunacaqdı. Hesab 12:12 olduğu təqdirdə çempion öz titulunu qoruyurdu. Məğlub olduğu halda çempionun matç-revanş hüququ vardı (1963-cü il qarşılaşması zamanı bu hüquq lğv edildi).

İddiaçıların birinci turnirində sovet şahmatçısı David Bronşteyn qalib gəldi və Botvinniklə oynamaq hüququ qazandı. Matç bərabər səviyyədə keçdi. Rəqiblərdən biri digərindən 1 xaldan çox üstün olmurdular. İyirmi oyundan sonra Botvinnik 10,5:9,5 hesabı ilə öndə idi, amma 21 və 22-ci partiyaları Bronşteyn uddu və hesabda irəli çıxdı. Botvinnik çempion adını qorumaq üçün ağlarla oynadığı 23-cü partiyada mütləq qalib gəlməli idi və o, bunu bacardı. Son oyun isə heç-heçə bitdi – 12:12. Beləliklə Botvinnik titulunu qorudu.

Növbəti illərdə də şahmat tacının nəinki sahibi, elə iddiaçılar da yalnız sovet şahmatçıları olurdu. 1954-cü ildə Botvinnik Smıslovla yenə heç-heçə etməklə titulunu qorudu. 1957-ci ildə ona məğlub oldu (9,5:12,5), amma bir il sonra revanş götürdü – 12,5:10,5.

1960-ci ildə Mixail Tal Botvinniki ağır məğlubiyyətə uğradaraq (12,5:8,5) cəmi 23 yaşında ən gənc dünya çempionu oldu. Amma o da bir il sonra revanşı daha böyük hesabla (8:13) uduzaraq 24 yaşında ən gənc eks-çempion oldu. 1963-cü ildə Tiqran Petrosyana uduzan (9,5:12,5) Botvinnik daha şahmat tacı uğrunda mübarizə aparmadı.

Növbəti iki çempionat isə iki başqa sovet şahmatçılarının, Petrosyan və Boris Spasskinin mübarizəsinə çevrildi. Birinci dəfə Petrosyan öz titulunu qoruya bildi (12,5:11,5). Amma 1969-cu ildə Spasski daha güclü oldu – 12,5:10,5.

Elə görünürdü ki, sovet şahmatçılarının bu hegemoniyası sonsuza qədər davam edə bilər. Amma bu gedişlə barışmayan, bunu pozmağa gücü çatacaq bir nəfər vardı – Robert Ceyms Fişer.

Hitler fanatı, olmuş, 11 sentyabr terrorunu alqışlamış əfsanəvi şahmatçının QALMAQALLI HƏYATI


***

Robert və ya Bobbi Fişer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində dünyaya gəlib. 1949-cu ildə ailələrində iki önəmli hadisə baş verir: Nyu-Yorka köçürlər və özündən beş yaş böyük bacısı Coan Bobbiyə şahmat oynamağı öyrədir və tezliklə öz şagirdinə məğlub olmağa başlayır. Bacısının onunla oyanamağa həvəsinin itməsi səbəbindən Bobbi öz-özü ilə oynayır, əlinə keçən şahmat kitablarındakı oyunları öyrənir.

1951-ci ilin yanvarında o, Maks Peyvi adlı şahmatçının birdəfəlik seansında iştirak edir. Məğlub olsa da Bobbinin oyunu Bruklin şahmat klubunun prezidenti Karmin Niqronun diqqətini cəlb edir və 8 yaşlı uşağı öz klubuna dəvət edir. Niqro 1956-cı ildə Floridaya köçənə qədər Fişerə məşqçilik edir.

Bobbi hələ yeniyetmə ikən ABŞ-ın ən güclü şahmatçılarından birinə çevrilir və artıq 1958-ci ildə, 14 yaşında ölkə çempionatının qalibi olur. O, 13 görüşdə 8 qələbə və 5 heç-heçə ilə (+8-0=5) 10,5 xal topladı. ABŞ çempionatı həm də dünya çempionluğu uğrunda zona turniri olduğu üçün Fişer zonalararası turnirdə iştirak etmək hüququ əldə etdi.

Həmin turnirdə iştirakı uğurlu alındı. O, 5-6-cı yerləri bölüşdürərək iddiaçıların turnirinə vəsiqə qazandı. Ən əsası isə, 15 il 6 aylığlnda qrossmeyster normativini yerinə yetirdi və Spasskinin rekordunu 3 ildəm çox qabaqladı. Onun bu rekord 33 il ərzində yenilənmədi. Yalnız 1991-ci ildə yeniləndi, özü də bir qız tərəfindən: Yudit Polqar kişilər arasında qrossmeyster balını toplayarkən Fişerdən 1 ay kiçik idi.

1959-cu ildə keçirilən, səkkiz şahmatçının iştirak etdiyi və dörd dövrədən ibarət iddiaçılar turnirində isə Fişer 6-cı yeri tutdu. O, 29 görüşdə yalnız 8 qələbə qazandı, 11 dəfə məğlub oldu və 9 dəfə heç-heçə etdi (+8-11=9). Xüsusən turnirin qalibi Mixail Tala qarşı uğursuz oynadı, dörd görüşün dördündə də məğlubiyyətə uğradı. Bu turnir Fişerin şahmat hazırlığındakı zəiflikləri aşkar etdi, onun xüsusən debüt repertuarı çox kasad idi. Bununla belə, iddiaçılar turnirində iştirakının özü fantastik nəticə idi.

İddiaçılar turnirində ikinci yer tutan Kereslə dörd oyunun ikisində Fişer, ikisində Keres qalib gəldi.

***

Bobbi qanunun imkan verdiyi minimum yaşda, 16 yaşında məktəbi tərk etdi. O, yalnız şahmatla məşğul olmaq arzusunda idi. Şahmatdan başqa bir də xarici dillərə həvəsi vardı, çünki həmin dillərdə şahmat partiyalarının təhlili ilə tanış olmaq istəyirdi. Buna görə də rus, alman, ispan və serb-xorvat dilini öyrənmişdi.

Fişerin şahmata aludəçiliyi heyrətamiz idi. Mixail Talın məşqçisi olan Aleksandr Koblents xaıtlayır ki, 1959-cu ildəki iddiaçılar turniri zamanı Tal Fişerdən həmin vaxt qadınlar arasında SSRİ çempionu olan Larisa Volpertin oyunu haqqında rəyini soruşur. Fişer “Çox ehtiyatlıdır. Sizdə başqa birisi var, Dmitriyeva, onun oyunlarını bəyənirəm” deyir. Tal heyrət içində qalır, çünki Flora Dmitriyeva sadəcə idman ustası idi və Tal onun yalnız adını eşitmişdi. Fişer isə oyun tərzinə bələd idi.

Bobbi yeniyetməlik yaşlarından ambisiyası, ekssentirkliyi və ötkəmliyi ilə seçilirdi. Cəmi 15 yaşı olarkən şahmat olimpiadasında iştirak etməkdən imtina edir, çünki ən güclü üçün nəzərdə tutulan birinci lövhədə oynamağı tələb edirdi. Birinci lövhəyə isə Samuil Reşevski təyin olunmuşdu. Halbuki o, ABŞ çempionatında Fişerdən sonra ikinci yer tutmuşdu.

Olimpiadaya Fişersiz yollanan amerikalılar SSRİ, Yuqoslaviya və Argentinadan sonra dördüncü yeri tutaraq medalsız qaldılar. Sonralar Fişer dörd dəfə (1960, 1962, 1966, 1970) olimpiadalarda iştirak etdi və hər dəfə birinci lövhədə oynadı. Bunları ikisində (1960 və 1964) ABŞ komandası ikinci, digər iki olimpiadada isə dördüncü oldu.

ABŞ çempionatları mövzusuna yenidən qayıtmamaq üçün qeyd edim ki, Fişer iştirak etmədiyi 1962-ci il istisna olmaqla dalbadal daha 7 dəfə, yəni ümumən 8 dəfə ABŞ çempionu oldu. Onun altıncı çempionluğu xüsusilə möhtəşəm idi: 11 oyunda 11 qələbə və 100 faizlik nəticə.

***

1960-cı il ölkə çempionatındakı qələbə 17 yaşlı Fişerə yenə dünya çempionluğu uğrunda zonalararası turnirdə iştirak etmək hüququ qazandırdı. 1962-ci ilin yanvar-mart aylarında Stokholmda keçirilən turnir Fişerin parlaq qələbəsi ilə yekunlaşdı. O, 22 oyunda +13-0=9 nəticə ilə 17,5 xal topladı və ən yaxın izləyicisini 2,5 xal qabaqladı.

Zonalararası turnirdə ən yaxşı nəticə göstərən altı nəfər (Fişer, Geller, Petrosyan, Korçnoy (hər üçü SSRİ) Miroslav Filip (Çexoslovakiya) və amerikalı Benko), eləcə də ötən iddiaçılar turnirinin iki ən yaxşı şahmatçısı (sovet şahmatçıları Keres və Tal) növbəti iddiaçılar turnirində iştirak etdilər. Turnir dörd dövrədən ibarət idi.

Mütxəssislərin və şahmatçıların əksəriyyəti qalibin ya Fişer, ya da keçmiş dünya çempionu Mixail Tal olacağını proqnozlaşdırırdılar. Amma Tal səhhətindəki problemlər üzündən zəif çıxış etdi və üçüncü dövrədən sonra iştirakını ümumiyyətlə dayandırdı. Fişer isə zonalararası turnirdəki özünü heç xatırlatmadı. O, 27 oyunda 14 xal toplayaraq yalnız dördüncü yeri tutdu. Zonalararası turnirdə xalların 79,5 faizini toplamışdısa, iddiaçılar turnirində bu nəticə 50 faizdən bir qədər çox idi.

Fişer uğursuzluğunun səbəbini sovet şahmatçılarının bir-birləri ilə razılaşdılmış heç-heçələr etməsindən gördü. İlk üç yeri tutan Petrosyan, Keres və Geller öz aralarındakı 12 oyunun hamısını həqiqətən də heç-heçə etmişdilər. Amma Fişer daha yaxşı oynasaydı, bu heç-heçələr onun xeyrinə ola bilərdi. O zaman sovet şahmatçıları onun qarşısını almaq üçün özlərindən birinə uduzmalı olacaqdılar ki, Fişerdən daha çox xal toplasın.

Bobbi elan etdi ki, nə qədər ki, iddiaçılar turniri dairəvi sistemlə keçirilir, daha bu yarışlarda iştirak etməyəcək. Onun iddiaları haqlı idi, deyildi, hər halda FİDE növbəti çempionatdan etibarən iddiaçılar turnirini olimpiya sistemi (pley off) keçirməyi qərara aldı. Buna baxmayaraq, o, yenə də iştirak etmədi.

***

1967-ci ildə səkkizinci dəfə ABŞ çempionu olan Fişer yenə də zonalararası turnirdə iştirak etmək hüququ qazandı. Amma Tunisin Sus şəhərində keçirilən bu turnir onun həyatında ən qalmaqallısı oldu. O, dini görüşləri səbəbindən cümə günü axşamdan şənbə günü axşama qədər oynaya bilməyəcəyini söylədi. Təşkilatçılar onun və Reşevskinin bu şərtini qəbul etdilər.

Amma Fişer bununla qane olmayaraq, başqa şahmatçıların da həmin qrafiklə oynamasını tələb edəndə rədd cavabı aldı və baş hakimə “Siz kommunistsiniz” ittihamını irəli sürdü. Beləliklə, elə alındı ki, digər şahmatçılar oyunlarını altı günə oynayırdılarsa, Fişer və Reşevskinin bunun üçün beş günləri vardı. Reşevski bunun öhdəsindən gələ bildi, Fişer isə yox.

Yeddi görüşdən sonra Fişerin aktivində 5 qələbə və 2 heç-heçə vardı. Amma növbəti turda oyuna gəlməyərək texniki məğlubiyyət aldı. Bununla razılaşmayaraq turniri tərk etdiyini açıqladı. Təşkilatçılar əsas favoritlərdən birinin getməsini istəməyərək onu dilə tutdular və texniki məğlubiyyət qərarına FİDE prezidentinin yenidən baxa biləcəyini söylədilər.

Geri dönən Fişer Reşevski ilə qarşılaşmalı idi. O, oyuna xeyli gecikdi. Saatı artıq işə düşmüşdü. Qaydalara görə, 1 saat keçdikdə şahmatçıya texniki məğlubiyyət verilir. Fişer son dəqiqələrdə özünü yetirdi və qalan vaxt ərzində Reşevskini çox ağır vəziyyətə saldı. Vaxt bitdikdə təxirə salınan oyun (indi təxirə salmaq yoxdur), ertəsi gün davam etdirilməli idi. Amma indi Reşevski oyuna gəlməyərək Fişeri 1 saat gözləməyə məcbur etdi.

Onun daha bir heç-heçə və bir qələbəsindən sonra FİDE prezidenti texniki məğlubiyyət qərarını təsdiqlədi. Fişer bundan sonra daha bir oyunu buraxdı və ikinci texniki məğlubiyyətini aldı. İşə qarışan ABŞ səfirliyi ona Amerikanı təmsil etdiyini xatırladanda Bobbi “Mən burada yalnız Robert Fişeri təmsil edirəm” cavabını verdi.

Bununla belə o, turnirə qayıtmağa razılıq verdi, amma yetişə bilməsi üçün növbəti görüşün vaxtını axşam 6-dan 7-yə keçirilməsini istədi. Onun rəqibi, turnirin lideri Bent Larsen razılaşdı. Amerika səfirliyi onun üçün xüsusi avtomobil ayırdı, yola nəzərət etmək üçün havaya polis helikopteri qaldırıldı.

Fişer isə saat 6-da yola düşmək əvəzinə təşkilatçılara zəng edərək texniki məğlubiyyət aldığı oyunları yenidən oynamaq barədə 1 saat nəticəsiz danışdı. Sonra da oyunun başlanğıcının saat 8-ə keçirilməsini istədi. Səbri tükənən Larsen bu dəfə razılaşmadı. Beləliklə, Fişer üçüncü texniki məğlubiyyətini alaraq turnirdən xaric edildi, oyunlarının nəticələri isə ləğv olundu.

Fierin tərcümeyi-halına o qədər də bələd olmadığım zamanlar onun dünya çempionluğunu istedadına görə xeyli gec, 29 yaşında qazanmasına təəccüblənirdim. Sonra aydın oldu ki, istər 1966-cı, istərsə də 1969-cu ildə daha gənc yaşda dünya çempionu olmasına yalnız bir nəfər mane olub - Robert Ceyms Fişer.

***

Sus turnirini qalmaqallı şəkildə tərk edən Bobbi Fişer 1968-ci ildə İsraildə və Yuqoslaviyada o qədər də güclü tərkibi olmayan iki turnirdə iştirak edir və hər ikisində birinci yeri tutur. O, bu turnirlərdə keçirdiyi 26 oyunda 19 qələbə qazandı və 7 heç-heçə etdi.

Bundan sonra ilyarım müddətində oynamağı dayandırdı və “Mənim 60 yaddaqalan partiyam” adlı kitabını buraxdı. Başqa şahmatçılar adətən “Mənim ən yaxşı oyunlarım” adı altında yalnız qələbə qazandıqları oyunları çap etdikləri halda Fişerin kitabında 48 qələbə, 9 heç-heçə və 3 məğlubiyyət vardı. Məğlubiyyətlər 1959-cu ildə Taldan, 1960-cı ildə Spasskidən, 1967-ci ildə Gellerdən idi. Hərtərəfli və obyektiv təhlilə görə kitab indi də yüksək qiymətləndirilir.

Qalmaqallı xarakteri Fişeri növbəti dəfə çempionluq adından məhrum edə bilərdi. O, zonalararası turnirə vəsiqə qazanmaq üçün 1969-cu ilin ABŞ çempionatında iştirak etməli idi, amma yenə də bəzi tələblər irəli sürdü, mükafat fondunu az hesab etdi və iştirak etmədi.

Həmin çempionatda üç şahmatçı eyni nəticə göstərərək çempion oldular və onardan biri, Pol Benko vəsiqədən Fişerin xeyrinə imtina etdi. Benko macar idi və ölkəsi SSRİ tərəfindən 1956-cı ildə işğal ediləndən bir il sonra Qərbə qaçmışdı. Ola bilər ki, özünün sovet şahmatçılarına qalib gələ bilməyəcəyini anladığından vəsiqəsini Fişerə verməklə SSRİ-dən qisas almağa çalışırdı. Əgər belə idisə, bu qisası alındı. Bu jestinə görə, Benkoya 2000 dollar kompensasiya da ödənildi.

***

Zonalararası turnirdən əvvəl isə başqa bir önəmli şahmat hadisəsi baş verdi. 1970-ci il mart-aprel aylarında Belqradda SSRİ və dünyanın qalan hissəsi arasında “əsrin matçı” keçirildi. Hər komandada şahmatçılar 10 lövhədə yarışırdılar. Fişer görüşə birinci lövhədə oynamaq iddiası ilə gəlmişdi, amma danimarkalı Bent Larsen son nəticələrini əsas gətirərək özünün birinci lövhədə oynamalı olduğunu bildirdi. Fişerin adi halda oynamayıb geri qayıtmalı idi, amma gözlənilmədən ikinci lövhəyə razılaşdı.

Beləcə, birinci lövhədə Larsen dünya çempionu Spasski ilə, ikinci lövhədə isə Fişer eks-çempion Petrosyanla oynadı. Dörd dövrədən ibarət matçda üç oyundan sonra Laren-Spasski görüşündə hesab bərabər idi – 1,5:1,5. Son oyunda isə Spasskini Şteyn əvəz etdi və uduzdu. Fişer ilk iki oyunda Petrosyanı məğlub etdi, ikisində isə heş-heçə qeydə alındı – 3:1. Ümumiyyətlə, 1-4-cü lövhələrdə dünya yığması qalib gəldi, doqquzuncu lövhədə heç-heçə oldu, amma digər lövhələrdəki nəticələrin hesabına sovet komandası 20,5:19,5 hesabı ilə qalib gəldi.

Əsrin matçından sonra bir sıra güclü şahmatçıların (Petrosyan, Tal, Smıslov, Korçnoy, Bronşteyn, Reşevski və s. cəmi 12 nəfər) iştirakı ilə blits üzrə iki dövrədən ibarət turnir keçirildi. Fişer 22 oyunda 19 xal (+17-1=4) toplayaraq fantastik nəticə göstərdi. O, ikinci yeri tutan Talı 4,5 xal qabaqladı. Uduzduğu yeganə adam üçüncü yeri tutan Korçnoy oldu.

Bundan sonra Fişer Yuqoslaviyanın iki şəhərində (Rovin və Zaqreb) keçirilən turnirdə 17 oyundan 13 xal (+10-1=6) toplayaraq qalib gəldi. O, cəmi bir dəfə, 8-ci turda heç qrossmeyter titulu olmayan Vladimir Kovaçeviçə gözlənilmədən məğlub oldu, özü də ağlarla.

Növbəti turnir Buenos-Ayresdə keçirilirdi. Özünə sadiq olan Fişerin iştirakı son ana qədər sual altında idi. Gəlmədiyinə görə onun ilk üç oyunu təxirə salındı və sonra oynanıldı. Turnirin vaxtı uzadıldı. Fişer turnirə dalbadal 6 qələbə ilə başladı. Yeddinci turda Naydorfla heç-heçədən sonra daha beş qələbə qazandı. Sonda 17 oyunda 15 xal (=13-0=4) toplayaraq ikinci yeri tutan Tukmakovu (SSRİ) 3,5 xal qabaqladı.

Sentyabrda Qərbi Almaniyada şahmat olimpiadası keçirildi. Bu dəfə Fişer birinci ola bilmədi. ABŞ komandası dördüncü oldu. Üstəlik, Fişer SSRİ ilə qarşılaşmada Spasskiyə uduzdu (komanda hesabı 1,5:2,5) və birinci lövhədə çıxış edən şahmatçılar arasında yekun nəticədə ikinci oldu. Spasskini bu qələbəsini sonralar Kasparov onun “çempionluq dövrünün çələngi” adlandırırdı.

Noyabrda isə İspaniyanın Palma-de-Malyorka şəhərində dünya çempionluğuna iddiaçıları müəyyənləşdirəcək zonalararası turnir start götürdü. 24 şahmatçının iştirak etdiyi turnirin ilk turunda Fişer alman Hübnerlə heç-heçə etdikdən sonra dalbadal beş qələbə qazandı. O, yenə də möhtəşəm oyun göstərirdi. Turnirdə qələbə çalmasının şübhəsizliyi barədə söhbətlər yenicə başlamışdı ki, nə isə baş verdi.

Əvvəlcə o, elə də güclü olmayan iki şahmatçı – Matulovuç (yekunda 18-ci yer tutan) və Naranya (21-ci yer) ilə heç-heçə etdi. Doqquzuncu turda isə Bent Larsenə məğlub olması xüsusilə acınacaqlı idi. Bu qələbə sanki Larsenin Əsrin matçında birinci lövhədə oynamaq iddiasının haqlı olduğunu sübut edirdi. Növbəti iki turda da Portiş və Poluqayevski ilə heç-heçə qeydə alındı.

Bu zaman amerikalıları ən çox narahat edən Fişerin yenə nədənsə narazılığa başlaması, yeni tələblər irəli sürməsi, təşkilatçıların razılaşmadığı halda isə turniri tərk etməsi perspektivi idi. Sovet nümayəndələri isə əksinə, buna ümid edirdilər. Bəlkə də belə ola bilərdi, əgər vəziyyət dəyişməsəydi.

Növbəti rəqib Geller idi. O Fişer üçün rahat rəqib sayılmırdı və şəxsi görüşlərdə üstün idi. Uzun sürən bu partiya da heç-heçə bitməli idi, amma Geller 71-ci gedişdə primitiv səhvə yol verərək uduzdu. Bundan sonra Fişer daha iki qələbə qazandı və iki heç-heçə etdi.

Turnirin sonunu isə möhtəşəm keçirdi: yeddi oyunda yeddi qələbə. Beləliklə o, 23 oyunda 18,5 xal topladı (+15-1=7). 2-4-cü yerləri bölüşdürən Larsen, Geller və Hübner ondan 3,5 xal geri qaldılar. Zonalararası turnirlər tarixində belə fərqli qalibiyyətə ilk dəfə rast gəlinirdi. 1970-ci ildə göstərdiyi parlaq nəticələr sayəsində o, reytinqi 2700 həddini keçən ilk şahmatçı oldu.

***

Zonalararası turnirdə ilk altı yeri tutanların (Fişer, Larsen, Geller, Hübner, Taymanov, Ulmann) və ötən iddiaçılar turnirinin iki finalçısının (Petrosyan və Korçnoy) iştirakı ilə keçirilən iddiaçılar turniri olimpiya sistemi üzrə keçirilirdi. Fişer ¼ finalda SSRİ-dən Mark Taymanovla qarşılaşdı.

10 partiyadan ibarət olması planlaşdırılan matç 1971-ci ilin mayında Kanadanın Vankuver şəhərində keçirilirdi. Qalib gəlmək üçün beş xaldan artıq toplamaq lazım idi. Fişer favorit idi, amma baş verəcək hadisələr kimsənin ağlına gəlməzdi. Amerikalı şahmatçı altı oyunda altı qələbə qazandı – 6:0. Bu inanılmaz nəticə idi.

Taymanov vətənə qayıdarkən sürprzilə üzləşdi. Adətən idmançılar gömrüyü keçərkən yoxlamaya məruz qalmırdılar. Bu dəfə isə onun yükünü əməlli-başlı axtardılar, deklarasiya olunmayan valyuta (1100 qulden) və daha pisi, Soljenitsının xaricdə çap olunan və SSRİ-də qadağan edilən “Birinci dairədə” kitabını tapdılar.

Taymanovun sonralar verdiyi müsahibədə deyilirdi ki, pullar sovet qrossmeysteri Salo Florun xaricdə çap edilən məqalələrinin qonorarı idi. Bunu FİDE prezidenti Maks Eyvenin məktubu da təsdiqləyirdi. Amma sovet rəsmilərinə “SSRİ-ni biabır edən” şahmatçını cəzalandırmaq üçün bəhanə lazım idi.

Onu əməkdar idman ustası adından məhrum etdilər, dövlətin qrossmeysterlərə verdiyi təqaüdü azaltdılar, Fişerlə görüş ərəfəsində verilən mənzili geri aldılar, xarici səfərlərə buraxmadılar. Halbuki, Taymanov təkcə şahmatçı deyil, həm də tez-tez qastrollara çıxan məşhur pianoçu idi.

Taymanov o qədər təzyiqlərə məruz qaldı ki, kitabına görə cəzalandırıldığı Soljenitsından daha arzuolunmaz şəxsə çevrildi. Özünün dissident əhvalı ilə seçilən musiqiçi Rostropoviçin hadisəyə reaksiyası da bununla bağlı idi: “Soljenitsının başına gələnlərdən xəbəriniz var? Onda Taymanovun “Nimtsoviç müdafiəsi” kitabını tapıblar”. Yalnız ilyarımdan sonra bir qədər yumşalma oldu. Əməkdar idman ustası adını qaytarmaları üçün isə 20 il lazım gəldi.

***

İddiaçılar turnirinin yarımfinalında Fişerin rəqibi Ulmanna qalib gəlmiş Bent Larsen oldu. ABŞ-ın Denver şəhərində iyulda keçirilən matç yenə 10 görüşdən ibarət idi. Fişer yenə inanılmaz oyun göstərərək yenə altı oyunda altı qələbə qazandı – 6:0. Bobbi bununla sanki əsrin matçından qalan acığını çıxdı.


Bent Larsen o zamana qədər dünyanın ən güclü şahmatçılarından biri və dünya çempionluğuna namizəd sayılırdı. Amma Hamletlə analogiya əsasında “danimarkalı şahzadə” adlandırılan Larsenin kral olmaq arzusu bununla puç oldu. Fişerlə görüşdən sonra o heç zaman əvvəlki formasına qayıda bilmədi.

Digər yarımfinalda isə iki sovet şahmatçısı – Korçnoy və Petrosyan qarşılaşdı. On partiyadan doqquzu heç-heçə bitdi, yalnız doqquzuncu partiyada erməni şahmatçı qalib gəldi. Beləliklə, matç 5,5:4,5 Petrosyanın xeyrinə bitdi və o, iddiaçılar turnirinin finalında Fişerlə görüşmək hüququ qazandı.

Final sentyabr-oktyabr aylarında Buenos-Ayresdə keçirildi. Matç 12 partiyadan ibarət olmalı idi, 6 xaldan çox toplayan oyunçu qalib olacaqdı. İlk oyunda yenə Fişer qələbə çaldı. Beləliklə, o, zonalararası turnirin son yeddi turundan etibarən dalbadal 20 oyunda 20-ci qələbəsini qazandı. Bu fantastik nəticə idi və çətin ki, kimsə bu rekordu yeniləyə bilsin.

Amma növbəti turda Petrosyan qələbə çaldı və hesab bərabərləşdi. Sonrakı üç tur heç-heçə bitdi. Elə təəssürat yaranırdı ki, Fişer, nəhayət, bərabər səviyyəli oyunçu ilə rastlaşıb. Amma bundan sonrakı dörd partiyada Fişer dalbadal dörd qələbə qazandı.

Petrosyan şahmat tarixinin ən yaxşı müdafiəçilərindən biri idi. Onun ifrat ehtiyatkarlığı bəzən qalib gəlməli olduğu oyunların heç-heçə bitməsinə səbəb olurdu. Belə bir oyunçu üzərində dörd oyunda dörd qələbə çalmaq da inanılmaz nəticə idi. Beləliklə, 6,5:2,5 hesabı ilə qalib gələn Fişer çempionluq uğrunda matçda Boris Spasski ilə görüşmək hüququ qazandı.

Zonalararası turnirdən iddiaçılar turnirinin finalına qədərki dövrü götürsək, şahmat tarixi nə əvvəl, nə də sonra öz rəqiblərinə bu qədər əzici üstünlüklə qalib gələn başqa şahmatçını tanımır. Beləcə, son 24 il ərzində ilk dəfə idi ki, şahmat tacı uğrunda yarışacaq iki nəfərdən biri SSRİ-ni təmsil etmirdi.

***

SSRİ-də idman yarışlarına xüsusi önəm verilirdi və sosialist quruluşunun üstünlüyünü sübut etmək üçün təbliğat vasitəsi hesab edilirdi. İstənilən uğursuzluq ciddi narazılıq doğururdu. Məsələn, 1964 və 1968-ci il yay olimpiadalarında qızıl medalların sayına görə ABŞ-dan geri qalmaq dövlət rəhbərliyinin narazılığına səbəb olmuşdu.

Bu sırada şahmatın əlahiddə yeri vardı. Son 24 il ərzində nəinki təkcə dünya çempionlarının, eləcə də onlarla görüşən iddiaçıların yalnız SSRİ-ni təmsil etməsi sovet insanının intellektual üstünlüyünün sübutu kimi təqdim olunurdu. İndi başqa birisi, özü də Finlandiya və ya Argentina, hətta Fransa deyil, əsas düşmən olan ABŞ nümayəndəsi bu ada iddialı idi və qarşısına çıxanı darmadağın edirdi.

Şahmat üzrə dünya çempionuluğunu heç cür əldən vermək olmazdı, xüsusən də ABŞ-dan olan birisinə. Bunun yanında olimpiadaların komanda hesabında ikinci yer tutmaq, hətta İkinci dünya müharibəsindən cəmi 27 il sonra futbol üzrə Avropa çempionatının finalında almanlara 0:3 hesabı ilə uduzmaq heç nə idi.

Buna görə də sovet hökuməti şahmat tacının SSRİ-də qalması üçün bütün qüvvələri səfərbər etdi. Spasskinin hazırlığı hərbi əməliyyat məxfiliyi şəraitində keçirilirdi. Prosesə cəlb olunan adamlar sirri qoruyacaqları barədə iltizam verirdilər. Fişerin son 15 ildə oynadığı 500-dən çox partiyadan ibarət xüsusi kartoteka yaradıldı.

SSRİ-nin aparıcı şahmatçılarının üzərinə Fişerin zəif və güclü tərəflərini hərtərəfli təhlil edən hesabat yazmaq və İdman komitəsinə təhvil vermək öhdəliyi qoyuldu. Beş aylıq təlim-məşq toplantısını keçirmək üçün dövlətin ən komfortlu sanatoriyaları və bağ evləri Spasskinin ixtiyarında idi. Dünya çempionunu həvəsləndirmək üçün ona dördotaqlı yeni mənzil verildi, özünün və məşqçilərinin maaşı artırıldı.

Fişer isə Katskill dağlarındakı Qrossinger kurortunda tək hazırlaşırdı. O, burada şahmatdan əlavə həm də fiziki hazırlıqla məşğul idi, qaçır, üzür və boks oynayırdı. Getdiyi hər yerdə əlində qırmızı rəngli, Spasskinin oyunlarından ibarət kitab olurdu. Bəzən yemək yeyərkən belə cib şahmatını çıxarır, kitabdakı oyunlardan birini oynayırdı.

Yalnız yaxın dostları, şahmatçılar Larri Evans, Robert Birn, Uilyam Lambardi, Antoni Seydi və başqaları ona baş çəkə bilərdilər. Jurnalistlər demək olar ki, yaxın buraxılmırdılar, yalnız Petrosyanla görüş zamanı Buenos-Ayresdə dostlaşdığı şotland fotoreportyor Harri Bensona güzəşt edildi. Bensonun sayəsində Fişerin həmin dövrdə çəkilən bir neçə fotosu mövcuddur. Bir də populyar “60 Minutes” verilişinə müsahibə verildi.

***

Çempionluq matçını keçirməyə bir neçə şəhər iddialı idi. Həm Spasski, həm də Fişer üstünlük verdikləri bir neçə şəhərin adını FİDE-yə göndərdilər. Bu zaman Spasski birinci yerə Reykyaviki, Fişer isə Belqradı qoydu. Martın 20-də FİDE, eləcə də ABŞ, SSRİ, İslandiya və Yuqoslaviya şahmat federasiyalarının Amsterdamda imzaladıqları sənədə əsasən matçın birinci yarısı Belqradda, ikinci yarısı isə Reykyavikdə keçiriləcəkdi.

Amma bir neçə gün sonra Fişer əlavə tələblər irəli sürdü, bu tələblər həm yuqoslav, həm də island təşkilatçılar tərəfindən rədd edildikdən sonra bildirdi ki, nə Belqradda, nə Reykyavikdə oynamaq fikrində deyil.

Razılaşmanı imzalayan üç federasiyanın tələbi ilə FİDE martın 31-də ABŞ şahmat federasiyasına ultimatum göndərərək Fişerin aprelin 4-ə kimi Amsterdam razılaşmasının şərtlərini qəbul etməli olduğunu, əks halda iddiaçılıq hüququndan məhrum ediləcəyəni bildirdi. Amma göstərilən vaxt Fişerdən xəbər çıxmadıqda, FİDE ultimatumunu yerinə yetirmədi. Əvəzində Yuqoslaviya öz təklifini geri çəkdi.

Növbəti ultimatum sovet şahmat federasiyasından FİDE-yə gəldi. Moskva şahmat tacı uğrunda matçın Amsterdam razılaşması və mövcud qaydalar çərçivəsində Reykyavikdə keçirilməsinin təmin olunmasını tələb etdi. Əgər Fişer bununla razılaşmazsa, çempionla görüşmək üçün yeni iddiaçı müəyyən olunmalı idi.

Nəhayət, mayın 2-də FİDE prezidenti, keçmiş dünya çempionu Maks Eyve elan etdi ki, matç iki ay sonra, iyulun 2-də başlayacaq. Qaydalar əvvəlki kimi idi: maksimum 24 oyun, tərəflərdən biri 12,5 xal topladıqda matç erkən dayandırılır, 12:12 olduğu təqdirdə çempion öz titulunu qoruyur. Mükafat fondu 125 min dollar idi.

Mükafat məbləğini eşidən sovet qrossmeysteri Paul Keres “bu şərtlərlə lap Şimal qütbündə də oynamaq olar” söylədi. Amma bütün şərtləri qəbul etməyə məcbur qalan Fişer bununla razı deyildi. O, fondun iki dəfə artırılmasını tələb etdi.

İddiaçı iyulun 1-də püşkatma mərasiminə gəlib çımadı. O, İslandiyaya yola düşmək üçün gəldiyi Nyu-Yorkun Kennedi hava limanında fotoreportyorları görən kimi dönüb qaçdı. FİDE yenə də bu hadisəyə yumşaq yanaşdı. Amma daha maraqlısı dünya çempionu Boris Spasskinin mülayim mövqeyi idi.

Statusunun Fişerin statusundan yüksək olmasına baxmayaraq Spasski bundan istifadə etməyə, öz şərtlərini diktə etməyə çalışmadı. Sonralar o bildirirdi ki, sovet rəsmiləri dəfələrlə oyundan imtinasını tələb ediblər, o isə Fişerə şahmat taxtası arxasında qalib gəlmək istəyib. Kənar müşahidəçilər isə Spasskinin o dövr üçün görünməmiş mükafat fonduna görə oyundan imtina etmək istəmədiyini söyləyirlər.

Hava limanından qaçan Fişer dostu Antoni Seydinin atasının Nyu-Yorkdakı evində gizlənir. Məsələyə o zaman ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer qarışmalı olur. O, şahmatçıya zəng vuraraq “biz sənin ruslara qalib gəlməni, Amerika üçün savaşmağını istəyirik” deyir.

Kissinecerin zəngimi, yoxsa iş adamı Cim Sleyterin mükafat fonduna daha 125 min dollar ianə etməsimi (indi fond 250 min dollar idi, onun 156250 dollarını qalib, 93750 dollarını məğlub alacaqdı) həlledici oldu, söyləmək çətindir, hər halda Fişer iyulun 4-də Reykyavikə gəldi və jurnalistlərə “anladım ki, ölkəmin maraqları mənim maraqlarımdan üstündür” söylədi. İllər ötəcək və Fişer öz ölkəsinə qarşı ağlagəlməz ittihamlar irəli sürəcək.

***

Matçla bağlı proqnozlar haçalanırdı. Bir yandan Fişer son dövrdə olduqca güclü görünürdü və onun reytinqi 1972-ci ilin iyulunda 2780 bal kimi rekord göstərici təşkil edirdi (bu rekordu 1990-cı ildə Kasparov yenilədi) və Spasskinin reytinqini 90 bal qabaqlayırdı. Digər tərəfdən, o vaxta qədər keçirdikləri oyunlarda Fişer Spasskidən zəif idi – beş görüşün üçündə məğlub olmuş, ikisində heç-heçə oynamışdı.

Amma hər iki şahmatçını yaxşı tanıyan Viktor Korçnoy İdman komitəsinə göndərdiyi hesabatda yazırdı: “Fikrimcə, Spasski indi böhran keçirir. Hazırda Spasskinin oyununda əsas çatışmazlıq – debüt geriliyidir. Onun debüt bilikləri orta səviyyəli qrossmeysterdən geri qalır”.

Harri Kasparov sonralar “Mənim böyük sələflərim” adlı kitabında yazırdı: “Fişer hiss edirdi ki, yüksəlişdədir, Spasski isə, etiraf etmək lazımdır ki, aşağı gedirdi. Zirvəni fəth etdikdən sonra, görünür, motivasiyanı itirmişdi, az oynayırdı, keçmiş məqsədyönlülüyü, həvəsi azalmışdı”.

O zaman parıldamağa doğru gedən Anatoli Karpov hazırlıq dövründə Spasskinin sparrinq-partnyoru kimi cəlb olunmuşdu və çempionun “heç nə etməməsini heyrətlə” izləyirdi: “Spasski sonda mənimlə bir neçə partiya oynamağı qərar verdi. Birincidə ispan partiyasını sifariş verdi, mən ağlarla oynayırdım və tezliklə uduşlu vəziyyət əldə etdim, ancaq çaşdım və uduzdum. Spasski qərara gəldi ki, əla formadadır və daha oynamağa ehtiyac yoxdur”.

Matç öncəsi Spasskini məşqçisi İqor Bondarevski tərk etdi. Sovet şahmat funksioneri Viktor Baturinski sonralar yazırdı: “İqor Zaxaroviç öz addımını mənə səmimi izah etdi: Spasski matça qeyri-ciddi hazırlaşır və o, Bondarevski, qarşılaşmanın nəticəsinə görə məsuliyyət daşımaq istəmir”.

***

Fişerin qalmaqalları Reykyavikə gəlməklə bitmədi. Oyun yerinə baxarkən nə oynayacaqları stolu, nə lövhəni bəyəndi, onları tələsik düzəltmək lazım gəldi. Nəhayət, püşkatma mərasiminə özü gəlməyərək sekundantını göndərdi, halbuki qayadalara görə, şəxsən iştirak etməli idi. Bu zaman artıq Spasski etiraz püskürdü. O bildirdi ki, rəqibi yazılı üzr istəməyənə qədər matça başlamayacaq. FİDE prezidenti də çempionun tərəfini tutdu. Çarəsiz qalan iddiaçı məktub yazaraq Spasskidən üzr istədi.

İlk oyun iyulun 11-nə təyin olundu və ağlarla Spasski oynayırdı. Fişerin 6 dəqiqə gecikdiyi oyunda 28 gedişdən sonra qəti heç-heçə vəziyyəti yaranmışdı. Amma qaralar 29-cu gedişdə şahmata yenicə başlayanlara xas səhv etdilər və uduzdular – 0:1. Həmin gedişin səhvən, yoxsa bilərəkdən edildiyi barədə fikirlər 50 ildir ki, davam edir.

Məğlubiyyətdən sonra Fişer zaldan telekameraların yığışdırılmasını tələb etdi. Amma ona bildirildi ki, çəkiliş aparılması onun nümayəndələrinin də razılaşdığı reqlamentlə təsdiq olunub. Belə olduqda, iddiaçı ikinci oyuna gəlmədi və ona texniki məğlubiyyət verildi – 0:2

Uzun mübahisələrdən sonra Spasski üçüncü partiyanı izolə olunmuş otaqda və kameralarsız keçirməyə razı oldu. Karpov, Kasparov və bir çoxları əmindirlər ki, bu, Spasskinin həlledici psixoloji səhvi idi. “O, əvvəlcə şahmat taxtasından kənarda öz şərtlərini diktə etməyə başladı, sonra da taxta arxasında davam etdi”, - Kasparov yazır. Elə Spasski də bunu inkar etmirdi: “Üçüncü partiyanı oynamaqla mən Fişeri xilas etdim. Mahiyyətcə, mən həmin partiyada bütün matçın kapitulyasiyasını imzaladım”.

Əsl matç üçüncü partiyadan başladı və Fişer xarüqələr göstərdi. Növbəti səkkiz oyunda o, 6,5 xal, çempion isə 1,5 xal topladı (3, 5, 6, 8 və 10-cu partiyalarda qalib gəldi, digərlərində heç-heçə oynadı). Bu inanılmaz nəticə idi. On partiyadan sonra hesab onun xeyrinə 6,5:3,5 idi (dördüncü partiyadan başlayaraq oyunlar Spasskinin istəyi ilə əsas səhnədə və Fişerin istəyi ilə kamerasız keçirilirdi).

Spasskinin 11-ci partiyada qələbə çalması və qaralarla dalbadal üç məğlubiyyətdən sonra 12-ci partiyada heç-heçə etməsi matça intriqanın qayıtması kimi qiymətləndirildi. Amma çempion daha qələbə qazanmadı. Fişer 13-cü partiyanı udandan sonra yeddi oyun heç-heçə bitdi.

Matçın sonu yaxınlaşdıqca və Spasskinin vəziyyəti dəyişəcəyinə ümid azaldıqca sovet qəzetlərində qarşılaşma haqqında informasiyalar da kiçilirdilər. Nəhayət, 21-ci partiya Spasski üçün ağır vəziyyətdə təxirə salındı və o, ertəsi gün, sentyabrın 1-də davam etdirmədən təslim oldu. Bununla da Fişer matçda 12,5 xal topladı və sona üç oyun qalmış dünya çempionu oldu.

Sentyabrın 3-də yeni dünya çempionunun təltif mərasimi keçirildi. Robert Ceyms Fişer təkbaşına, yalnız öz dühası hesabına böyük bir şahmat mexanizminə qalib gəldi. Niderlandlı qrossmeyster Yan Timman bunu “bütöv imperiyaya qalib gələn tənha qəhrəmanın hekayəsi” adlandırırdı.

Yeni çempion İslandiya televiziyasına müsahibəsində söylədi: “Mən ruslara qalib gəldiyimə görə şadam. Boris Spasski əleyhinə bir şey demirəm, o, yaxşı adamdır, amma dünya çempionu titulunu ruslardan aldığıma şadam. Onlar uzun müddət şahmatı öz şəxsi mülkiyyətləri sayırdılar, onlar darıxdırıcı oyun tərzi ilə, özlərinin darıxdırıcı ölkələrində darıxırıcı matçlarla şahmat sənətini öldürürdülər”.

***

Spasski-Fişer qarşılaşması Amerikada böyük maraqla izlənilirdi. “Dünənə qədər at ilə fili ayıra bilməyən insanlar indi Fişerin növbəti gedişinin nə olacağı barədə mərcə gəlirdilər”, - “Nyu York Tayms” qəzetinin müxbiri Harold Şonberq yazırdı.

Qələbə isə son dərəcə böyük coşğu doğurdu. Şahmat komplektləri ən çox satılan mallardan birinə çevrildilər, şahmat klublarına axın yaşandı. Robert adı yeni doğulan uşaqlara ən çox qoyulan ada çevrildi. İslandiyadan qayıdan çempion milli qəhrəman kimi qarşılandı.

Nyu-York meri 1972-ci il sentyabrın 22-ni “Bobbi Fişer günü” elan etdi. Həmin gün merin tərif dolu çıxışına cavab verən çempion “Düşünmürdüm ki, gün gələcək, şahmat xəbərləri bizdə manşet başlığına çıxacaq, “Pravda”da isə kiçik materiala çevriləcək”.

Fişer prezident Nikson tərəfindən Ağ evə ziyafətə dəvət olundu, amma qəbul etmədi: “Xörək yeyəndə kiminsə ağzıma baxmasına xoşum gəlmir”. Müxtəlif istehsalçılar ona milyonluq reklam müqavilələri təklif etdilər, amma Fişer onlardan da imtina etdi. O, bunu şahmatın nüfuzuna zərbə olacağını iddia etdi, halbuki tamamilə əksi ola bilərdi.

Əvəzində sentyabr-oktyabrda Skopyedə keçirilən növbəti şahmat olimpiadasında iştirak etmək üçün 150 min dollar, onun şöhrətinin şüası altında qızınan Lombardi və Evans isə 20 min dollar istədilər. Sponsorlardan çox şey qoparmaq, əvəzində heç nə verməmək cəhdi bu dəfə faydasız oldu. Nəticədə ABŞ komandası onlarsız yola düşdü və o dövrə qədərki tarixində ən zəif nəticə göstərərək 9-cu yeri tutdu.

Fişer çempion olduqdan sonra öz titulunun müdafiəsi barədə “Mən harada gəldi və hər bir layiqli iddiaçı ilə oynamağa hazıram. Lap hər il. Mübarizə aparmağa və öz titulumu qorumağa hazıram” söyləmişdi. Əslində isə 1972-ci il avqustun 31-də Spasskiyə qarşı oynadığı 21-ci partiya onun son rəsmi oyunu oldu.

***

FİDE-nin 1971-ci ildə keçirilən konqresində növbəti, 1975-ci ildə keçiriləcək çempionluq matçının formatında dəyişiklik etmək qərara alınmışdı. Yeni formata görə matç heç-heçələr nəzərə alınmadan tərəflərdən birinin 6 qələbəsinə qədər davam edəcəkdi.

Dünya çempionu olduqdan sonra Fişer bu formatın bir qədər başqa, Steynits modelini təklif etdi: heç-heçələr nəzərə alınmadan 10 qələbəyə qədər. İlk dünya çempionu Vilhelm Steynitsin çempionluq uğrunda beş görüşündən üçü 10 qələbəyə qədər keçirilmişdi.

Amma nəzərə almaq lazımdır ki, Steynits zamanında xeyli az heç-heçə edilirdi. Sözügedən üç matçda (Zukertortla, Çiqorinlə ikinci və Laskerlə) ümumilikdə 62 oyun oynanılmış, bunlardan yalnız 14-ü heç-heçə nəticələnmişdi. Müasir dövrdə isə hətta Fişerin Spasski üzərində parlaq qələbəsi ilə nəticələnən matçda 21 oyundan 11-i heç-heçə bitmişdi. Belə olduqda, 10 qələbəyə qədər matç olduqca uzana bilərdi.

Üstəlik, Fişerin tələbinə görə, hesab 9:9 olduğu halda çempion öz titulunu qoruyacaqdı (mükafat fondu isə tən bölünəcəkdi). Bu müddəa isə Steynitsin matçlarında yox idi. Yalnız Çiqorinlə ikinci matçda belə bir şərt vardı ki, 9:9 olduqda matç 12 qələbəyə qədər davam edəcək. Fişerin tələbinin qəbulu o demək idi ki, iddiaçı çempion olmaq üçün iki qələbə fərqi ilə (10:8) qalib gəlməlidir, bu da böyük ədalətsizlik idi.

FİDE-nin 1974-cü ildə keçirilən konqressində dünya çempionunun tələbi qismən qəbul edildi. Matç 10 qələbəyə qədər oynanılacaqdı, amma maksimum 36 partiya olmaqla. 36-cı partiyadan sonra hesabda irəli olan çempion olacaqdı, heç-heçə təqdirində çempion titulunu qoruyurdu. İkinci tələb isə (9:9 hesabı ilə bağlı) rədd edildi.

Bu arada yeni iddiaçılar turnirinin qalibi gənc sovet şahmatçısı Anatoli Karpov oldu. Zonalararası turnirdə 1-2-ci yerləri bölüşdürərək iddiaçılar turnirinə vəsiqə qazanan Karpov burada ardıcıl üç həmyerlisini – Poluqayevskini, Spasskini və Korçnoyu məğlub edərək Fişerlə görüşmək hüququ qazandı. FİDE çempionluq matçının aprelin 1-də Filippinin paytaxtı Manilada keçiriləcəyini elan etdi. Mükafat fondu ötən matçla müqayisədə iyirmi dəfə çox idi – 5 milyon dollar.

1975-ci ilin martında amerikalılar 30 ölkənin şahmat federasiyasının dəstəyini alaraq FİDE-nin növbədənkənar konqresini çağırmağa nail oldular və Fişerin tələblərini yenidən müzakirəyə çıxardılar. Bu dəfə matçın limitsiz olması təklifi qəbul olundu, amma hesabın 9:9 olduğu təqdirdə çempionun titulunu qoruması müddəası yenə rədd edildi.

FİDE-nin qərarını eşidən Fişer “Mən şahmat dünyasını cəzalandıracağam. Onlar mənim partiyalarımı daha görməyəcəklər” söyləyir. O, bəlkə də inana bilmirdi ki, iddiaçı olarkən az qala bütün tələblərini qəbul etdirdiyi halda, indi bunu bacarmır. Bəlkə də FİDE-nin prinsipiallığına inanmırdı.

Amma bu dəfə hər şey başqa cür oldu. Şahmat dünyası Fişerin ərköyünlüyündən daha bezmişdi. Bu qədər sürprizlər, naməlumluqlar heç kimə, xüsusən də elə Fişerin sayəsində şahmatda reklam imkanlarını kəşf edən sponsorlara lazım deyildi. Onlar hər şeyin daha proqnozlaşdırılan olmasını arzulayırdılar.

Fişer aprelin 1-də Manilaya gəlib çıxmadı. Ertəsi gün FİDE prezidenti Maks Eyve dünya çempionuna daha bir şans verdi: “Əgər mən 1975-ci il aprelin 3-ü saat 11:00-a qədər Fişerdən heç bir izahat almasam, Karpova yeni çempion olması barədə teleqram göndərəcəyəm”. Fişerdən heç bir xəbər çıxmadı və Karpov 12-ci dünya çempionu elan edildi.

***

Harri Kasparov özünün “Mənim böyük sələflərim” adlı kitabında Fişerin 1970-ci il zonalararası turnirdə çıxışından bəhs edən fəsli “Şaquli qalxış” adı ilə verir. Fişerin çempion titulunu itirdiyi dövrdən sonrakı bütün həyatını da “şaquli eniş” adlandırmaq olar.

O, 17 il ərzində gözdən uzaq həyat keçirdi. Yalnız 1981-ci ildə yenidən mətbuata düşdü. Yaşadığı Pasadena şəhərinin polisi onu axtarışda olan bank qarətçisinə oxşayaraq həbs etdi. Fişer dünya çempionu olduğunu söyləyərək polislərə müqavimət göstərməyə çalışdı, nəticədə onlar tərəfindən döyüldü. İki gün sonra azad edilsə də, polisə müqavimət və təcridxana əmlakına vurduğu zərərə görə 1000 dollar cərimə olundu.

Fişerin 1992-ci ildə yuqoslaviyalı bir bankirin Spasski ilə matç-revanş təklifinə razılıq verməsi hamı üçün gözlənilməz oldu. Qarşılaşma Fişerin təklif etdiyi formatda - 10 qələbəyə qədər – keçirildi və +10-5=15 hesabı ilə onun qələbəsi ilə yekunlaşdı. 5 milyon dollarlıq mükafat fondunun 3,35 milyonu qalibə çatdı. Mütəxəssislərin fikrincə, hər iki şahmatçı 20 il əvvəlkindən zəif oyun nümayiş etdirdilər.

Qarşılaşma Belqradda keçirilirdi, halbuki Yuqoslaviyaya qarşı ABŞ tərəfindən sanksiyalar tətbiq olunurdu. Matç öncəsi Dövlət departamenti Fişerə bu barədə xəbərdarlıq məktubu göndərdi. Keçmiş çempion həmin məktuba mətbuat konfransı zamanı ona tüpürməklə cavab verdi. Bundan sonra Fişerin ABŞ-a yolu qapandı.

Özü yəhudi olan Fişer ömrünün son illərində qatı antisemitə, Hitlerin fanatına və sui-qəsd nəzəriyyələrinin tərəfdarına çevrilir. 11 sentyabr terroru ilə əlaqədar Filippin radiosuna müsahibə verən Fişer bu cinayəti alqışlayır və əlavə edir: “Ümid edirəm ölkəni (ABŞ-ı) hərbçilər tutacaq, bütün sinaqoqları bağlayacaqlar, bütün yəhudiləri həbs edəcəklər, yüzminlərlə yəhudi başçılarını öldürəcəklər”.

ABŞ tərəfindən pasportu ləğv edilən və buna görə səkkiz ay Yaponiya həbsxanasında keçirən Bobbi Fişerə vaxtilə çempion olduğu İslandiya 2005-ci ildə vətəndaşlıq verdi. İslandiyaya gələn keçmiş şahmatçı 2008-ci il yanvarın 17-də böyrək çatışmazlığından vəfat etdi.



Anadil.az



Oxunub: 397
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR