"Buker" mükafatının 2023-cü il üzrə qalibi AÇIQLANDI

Anadil: 2023-cü ilin “Buker” mükafatçısı açıqlanıb. Bu, irlandiyalı yazıçı Pol Linçdir. O, "Buker"ə antiutopik mövzuda yazdığı “Peyğəmbər nəğməsi” əsərinə görə layiq görülüb.

Münsiflər heyəti bu barədə qərarını yekdilliklə qəbul etməyib. Qalibi müəyyənləşdirmək üçün müzakirələr 6 saata yaxın davam edib və sonda səs çoxluğu ilə Pol Linçin ödülə layiq görülməsinə qərar verilib.

"Peyğəmbər nəğməsi" Linçin sayca beşinci romanıdır.

Əsərdə sosial və siyasi motivlər güclüdür. Belə ki, müəllif Qərbdə radikal sağın yüksəlişindən tutmuş öz ölkələrini tərk edib Avropada sığınacaq axtaran qaçıqınların problemlərinədək günümüzdə aktual olan bir çox məsələlərə işıq tutmağa çalışıb.

Pol Linç 1977-ci ildə İrlandiyada anadan olub. Əvvəllər jurnalist və kinotənqidçi kimi tanınıb.

Xatırladaq ki, Beynəlxalq Buker mükafatı (Man Booker Prize for Fiction) son dövrlərə qədər hər iki ildən bir ingilis dilində yazılmış və ya ingilis dilinə tərcümə olunmuş əsərə verilən ədəbi mükafat kimi tanınırdı. Lakin təşkilatçılar 2014-cü ildən təqdim olunan əsərlərlə bağlı dil və milli məhdudiyyətləri aradan götürüblər.

Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunub. Həmin vaxtdan 2002-ci ilə qədər mükafatın fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə “Men Qrup” şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra bu rəqəm 50 min ingilis funt sterlinqinə qədər artırılıb. Həmçinin, qalib yazıçıya əsərinin ingilis dilinə olan tərcümələri arasından seçim etmək imkanı verilir və qalib tərcüməçiyə təşkilatçılar tərəfindən 15 min ingilis funt sterlinqi həcmində mükafat təqdim olunur.

Mükafata təqdim edilən əsərlərin əvvəl “uzun”, sonra “qısa siyahı”sı elan olunur, ilin sonunda isə qaliblərin adları açıqlanır.



Anadil.az



Oxunub: 344
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR