Sultan Usuvəliyev: "Monomədəniyyət, özünə qapanmaq həmişə deqradasiya ilə nəticələnir"

Müsahibimiz qırğız kinoşünası Sultan Usuvəliyevdir. Sultan VIII Bayqonur Qısametrajlı Film Festivalı çərçivəsində keçirilən II MDB ölkələri kinoşünasları və kinotənqidçilərinin Forumundakı məruzəsində kino tənqidi və kinoşünaslığın inkişafı ilə bağlı proqram təqdim etmişdi. Sultanla söhbətimizdə bu proqramdan və tənqidin kino prosesindəki rolundan danışmışıq.

– Sultan, Azərbaycanda kinematoqrafiyanın müxtəlif qolları – ssenari, film layihələri, film festivalları, hətta telefonla çəkilən filmlər üçün də müsabiqələr keçirilir, ancaq gəncləri kinoşünaslıq, kino tənqidi ilə məşğul olmağa ruhlandıracaq bir şey, demək olar ki, yoxdur. Bir analitik çap jurnalımız vardı, onun da nəşri maliyyə olmadığına görə dayanıb. Mən ixtisasımı, yazmağı, filmləri təhlil etməyi sevirəm, amma etiraf edim ki, heç vaxt əhəmiyyətli bir işlə məşğul olduğumu fikirləşməmişəm. Bayqonur festivalında, kinotənqidçilərin forumunda Gulnara Abıkeyevanı, sizi, digər məruzəçiləri dinləyəndən sonra fikrim dəyişdi. Başa düşdüm ki, biz çox vacib bir işlə məşğuluq və bəlkə də, artıq daha konseptual bir iş görmək barədə düşünmək lazımdır.

– Bir dəfə tələbələr üçün mühazirə hazırlayanda oxuduğum çox sadə bir məqalədə belə sual qoyulmuşdu: Tənqid-təhlil nədir? Tənqidçilər nə işlə məşğul olurlar? Və belə cavab verilmişdi: ədəbi tənqidin funksiyalarından biri kommunikativ meydanın, ünsiyyətin yaradılmasıdır. Yəni, biz öz sahəmizə aid insanları bir yerə toplayırıq. Əks halda, hər kəs öz “yağında bişir”. Mən resenziyalar yazıram, başqası film çəkir. Bəlkə onlara kinoşünas, kinotənqidçi, ümumiyyətlə, lazım deyil? Elə insanlar var ki, tənqidə qarşı çox həssasdırlar. Adətən, onlara ancaq prodüser, pul, öz sənətlərini, özlərini irəli çəkmək lazımdır. “Özümüz”, “öz aramızda” söhbətlər… Amma birdən kinoşünas gəlib deyir ki, bir dəqiqə, burada maraqlı bir şey var və tendensiyalar qurmağa başlayır. İdeal variantda kinotənqid özündə nəzəriyyəni, yazını, sənəti və publisistikanı birləşdirir. Biz ən müxtəlif mənbələrdən qidalanmalıyıq. Sadəcə təəssüratlarımıza istinad edəndə resenziyalarımız maraqsız alınır, “yaxşı filmdir, pis filmdir” çərçivəsində qalırıq. Onda biz də öz “yağımızda bişməyə” başlayırıq.

– “Yeni dalğa”, “Neorealizm” də daxil olmaqla, kino tarixində əhəmiyyətli yer tutan cərəyanların, az qala, hamısı yazıdan başlayıb. Yəni əvvəlcə kinojurnallarda, qəzetlərdə çap olunan tənqid-təhlil məqalələri, köhnə kino dilini araşdıran müzakirələr meydana çıxıb, sonra onların əsasında yeni kino dili yaranıb. Necə fikirləşirsiniz, müasir dövrdə də kinotənqidin belə gücü varmı? Kinematoqrafiyanın inkişafında əvvəlki kimi iştirak edə bilirmi?

– Əgər ümumi götürsək, təbii ki, iştirak edir. Məsələn, Gulnara xanım bir neçə festivalın proqram direktorudur. Mən böyük festivallardakı seçim sistemindən danışmıram, orada filmləri toplayıb seçənlərin kinotənqidçi olması vacib deyil, amma orada da kinotənqidçilər iştirak edirlər. Yəni, biz kino prosesində də işitrak edirik. Amma bunlardan əlavə, əsas işimiz olan resenziya yazmaqdan əlavə bizim bir çox funksiyamız da var. Biz kino prosesini analiz edirik, nələr baş verdiyini danışırıq. Həmçinin maarifləndirici funksiyamız var. Biz dərs deyirik, kitablar yazırıq. Bir kinotənqidçi dostuma kimsə kinoşünasların faydasız olduğunu söyləmişdi. Yeri gəlmişkən, bunu deyən adam həmin vaxt kino tarixindən imtahan verirmiş. Dostum cavabında ona demişdi ki, bir dəqiqə, əzizim, sən imtahana hansı kitablarla hazırlaşırsan? Kinoşünasların yazdıqları kitablarla, elə deyil? Kinoşünasların, kinotənqidçilərin prosesdə iştirak etmədiyini, film çəkmədiyini deyən bir rejissoru isə “iyirmi il keçəcək və sənin haqqında yazıb-yazmamağa, sənin yadda qalmağına, yoxsa unudulmağına mən qərar verəcəyəm” deyib susdurmuşdu. Düzdür, bu, bir az kobud və şişirdilmiş cavabdır, amma biz məhz bunu edirik. Tacik kinoşünası Şarofat Arabovanın da dediyi kimi, adları, hansısa filmləri unudulmaqdan biz qoruyuruq. Bu, bir az da Don Kixotluqdur; kimsə köhnə filmləri sevmir, kimsə yaddan çıxarır, ancaq biz onlara təkrar həyat veririk. Buyurun, kinonun üç istiqaməti – kino nəzəriyyəsi, kino tarixi, kinotənqid. Bura festival, tədris, informativ fəaliyyəti də daxil edək. Təbii ki, biz kinematoqrafiyanın inkişafında iştirak edirik. Amma hansısa həlledici, parlaq məqamlardan danışmalı olsaq – məsələn, bir qrup kinotənqidçinin yığışıb yeni cərəyan yaratması – bunlar nadir hallarda olur. Hətta bu zaman da bir-birilə uzlaşan bır yığın meyar olmalıdır. Baxın, fransız “Yeni dalğa”sı haqqında çoxlu ədəbiyyat var. Orada baş verənlər inanılmazdır. Hər şey, demək olar ki, bir anda, bir il-ilyarım içində baş vermişdi. Ancaq onlar uzun illər hazırlaşmışdılar, sosial araşdırmalar aparmışdılar, jurnallar buraxmışdılar, gəncləri üzə çıxarmışdılar və birdən “partlatmışdılar”. Odur ki, indi bizim elə dünyəvi bir hökmümüz olduğunu demək mümkün deyil. Digər tərəfdən, bu, bizə lazımdırmı? Bilmirəm.

– Siz forumdakı məruzənizdə kinoşünaslığın inkişafı üçün müxtəlif strategiyalar, taktikalar təklif etmişdiniz. Oradakı bəndlərdən biri tamaşaçıların hazırlığı haqqında idi. Tamaşaçını necə hazırlamaq olar? Təklif etdiyinizə görə, yəqin ki, bu suala cavabınız da var.

– Bu sualdan çoxlu yan mövzular çıxır: Yaxşı kino nədir, pis kino nədir? Yaxşı kino deyəndə daim festivallarda nümayiş etdirilən filmlər nəzərdə tutulmalıdır, yoxsa tamaşaçının baxdığı filmlər? Bu, kommersiya cəhətdən uğur qazanan kinodur, ya da, məsələn, kino dili, ifadə vasitələri, estetik problemləri araşdıran avanqard? Sual həddindən çoxdur. Mən gələcək kinematoqrafiya üçün gələcək tamaşaçıların hazırlanması barədə danışanda nəyi nəzərdə tuturdum? Çox sadə bir istinad nöqtəm var. Adətən, gənc kinematoqrafçılar onların çəkmək, göstərmək istədikləri filmlərin tamaşaçısının az olmağından, ya da ümumiyyətlə, olmamağından şikayətlənirlər. Burada onların nə demək, ya da nə göstərmək istədikləri vacib deyil. Vacib olan başqa şeydir. Mən belə şikayətlər eşidəndə onlardan tamaşaçılarla işləyib-işləmədiklərini soruşuram. Ümumiyyətlə, kim tamaşaçılarla işləyir? Bizdə kinoklublar, həmin filmlərə baxıb müzakirə etmək üçün yerlər varmı? Məlum olur ki, yoxdur. Bişkekdə üç kinoklub var. Daha doğrusu, mən üçünü tanıyıram, bəlkə başqaları da var, bilmirəm. Onlardan birində – Kino evində insanlar öz çəkdikləri filmləri göstərirlər və onlar peşəkarlıq nöqteyi-nəzərindən müzakirə olunur, yəni öz aramızda. İkinci klubda da filmlər göstərilir və müzakirə olunur, ancaq bu, daha çox kinomarafonu xatırladır. Yəni həftədə üç dəfə filmlər göstərilir, gözəl afişalar hazırlayırlar, qızğın müzakirələr, mübahisələr gedir. Bu da əladır. “Alternativ” adlı kinoklub Gennadi Bazarovun (qırğız rejissoru-red.) şərəfinə yaradılıb. Orada – onlar da Kino evində fəaliyyət göstərirlər – nadir hallarda nümayişlər olur, ən müxtəlif yaş qruplarından insanları dəvət edirlər. Bu klubların üçünə də giriş sərbəstdir. Yəni, klublardan biri peşəkar müzakirəyə, digər ikisi daha çox, tamaşaçıya fokuslanıb. Ancaq məhz maarifləndirici klublar, ya da Sovet dövründə adlandırıldığı kimi kinolektoriyalar, təqaüdçülər üçün klublar, uşaqlar üçün klublar və s. yoxdur. Belə klublarda müzakirələr də keçirilə bilər, ya da sadəcə film nümayişləri ola bilər. Ancaq məhz bundan, yəni tamaşaçılarla söhbət etməkdən başlamaq lazımdır. Bəli, bu ayrıca bir iş tələb edir. Ya da məsələn, film təqdimatları, premyeradan əvvəlki qapalı nümayişlər… Kinotənqidçi, kinoşünas həm də çox danışmalıdır. Bu, o demək deyil ki, mən kinoşünas olduğum üçün hər kəsdən daha məlumatlı olacağam. Qətiyyən yox. Amma mən prosesin bərabərhüquqlu iştirakçısı olacağam. Çünki kinoşünas da kinematoqrafçıdır. Məruzəmdə Merab Mamardaşvilidən sitat gətirmişdim: Bura Aqoradır, burada danış. Mən səliqəli, bəlağətli danışmağı nəzərdə tutmuram. Məsələ bu deyil. Məsələ, fikirlərini formalaşdırmağı, hansısa material əsasında konstruktiv danışmağı bacarmaqdır. Bu, açıq, ictimai fəaliyyətdir. Və kino bu açıqlıqda, filosofların, sosioloqların, ən müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu Aqorada, bu forumda mövcud olur. Mamardaşvilinin dediyi kimi, – mən onun pərəstişkarıyam – mətn, kitab sən onu oxuyanda mövcuddur; elə ki kitabı örtdün, o, artıq mövcud deyil. Eyni şey filmə də aiddir. Buna görə də, mən “gəlin, kinoya baxmağı, onu anlamağı öyrənək” deyəndə bu, o demək deyil ki, ağıllı oğlan Sultan gəlib “uşaqlar, siz filmə düzgün baxmırsınız” deyəcək. Heç mən özüm də kinoya necə baxmalı olduğumu bilmirəm. Əgər siz insanların kinoya gəlmələrini istəyirsinizsə, onlar, ən azı, sizin varlığınızdan, haradasa böyük ekranda film göstərildiyindən xəbər tutmalıdılar və heç olmasa, eyni tərzdə bir neçə film görməli, ya da müəyyən estetik diapazona sahib olmalıdırlar. Qoy başa düşməsinlər, eybi yox. Siz danışarsınız, izah edərsiniz. Bununla kinorejissor yox, biz məşğul olmalıyıq. Amma bizim sayımız azdır, meydançamız yoxdur və biz onu özümüz yaratmalıyıq. Ya anderqraund kimi, ya da haradansa dəstək taparaq. Bu da normaldır. Maddi dəstək kinotənqidçilərin, kinoşünasların öz işləri ilə mütəmadi, sistemli məşğul olmasına imkan yaradır. Xüsusən də, otuz yaşdan sonra, vaxt və çörəyinin, siqaretinin pulunu qazanacağına zəmanət lazım olduğunu başa düşəndə. Bu, səni əlavə işlərdən azad edir, sən də bütün diqqətini öz işinə cəmləyə bilirsən.

– Sultan, məruzənizdə “qırğız möcüzəsi”ndən danışmışdınız. Nədir “qırğız möcüzəsi?” Bir də qırğız kinosu 1990-cı illərin böhranından necə çıxdı?

– “Qırğız möcüzəsi”ndən başlayım, çünki o, daha əvvəl meydana çıxıb. Hərçənd “qırğız möcüzəsi” artıq mifoloji məfhuma çevrilib, çünki heç kim onun qaynağını bilmir, müxtəlif şayiələr gəzir. Gülnara Tolomuşova (məşhur qırğız kinotənqidçisi-red.) mənə demişdi ki, bu ifadəni ilk dəfə 1962-ci ildə Sergey Yutkeviç işlədib. O hansısa kino tədbirində qırğız sənədli filminə baxıb və “bu möcüzədir, qırğız möcüzəsi” deyib. Başqa bir kinoşünasın dediyinə görə, Jorj Sadul Moskva kinofestivalına gəlibmiş, ona Dövlət Kino Fondunda qırğız filmi göstəriblər, o da filmi möcüzə adlandırıb. Tolomuş Okeyev (tanınmış qırğız rejissoru-red.) bu əhvalatı dramaturq Leonid Qureviçə aid edirdi. Uzun sözün qısası, mənbə naməlumdur, amma bir danılmaz fakt var: söhbət 1960-cı illərin əvvəllərinə aid qırğız sənədli kinosundan gedir. Sözügedən filmlər çoxlu mükafatlar qazanıblar, qırğız kinosunda güclü dokumentalistlər olub. Daha sonra bu məfhum bədii kinoya da – Melis Ubukeyevin, Bolotbek Şamşiyevin, Tolomuş Okeyevin (məşhur Sovet qırğız rejissorları-red.) filmlərinə və təbii ki, Aytmatovun dünyasına da aid edilib. İndi bunların hamısı, 1960-cı illərdə kinomuzu məşhurlaşdıran, bizə hazırkı enerjini verən pioner rejissorlarımız qırğız kinematoqrafiyasının əsasını təşkil edir. Təbii ki, bütün bunları xatırlayanda hər kəsdə bir sual yaranır: bəs yeni qırğız möcüzəsi haradadır? Ancaq bu, son dərəcə mürəkkəb bir təzahürdür, sadəcə daxili resursların hesabına yox, həm də zamanın hesabına meydana çıxır. Belə izah edim. 1960-cı illər təkcə qırğız, ya da Sovet kinosunda yox, dünya kinematoqrafiyasında partlayış baş vermişdi, bütün dünyada gənc, yeni kino meydana çıxmışdı.

– Doğrudur, 1960-cı illər Azərbaycan kinosu üçün yeni nəslin və yeni kino dilinin gəlişi ilə xarakterikdir.

– Çünki biz dünyəvi trendin tərkibində idik. O ki qaldı 1990-cı illərə… Mənim üçün həmin dövr hələ də araşdırılmamış mövzudur. Hətta həmin illərlə bağlı kitab yazmağı düşünürəm, hamıdan 1990-cı illəri soruşuram. “Yeddilər”, “Səkkizlər”, “Onlar” barədə, (Qırğız kinosunun inkişaf strategiyaları; Bir neçə dəfə yenilənib -red.), böhranın necə başladığı, ondan necə çıxdığımız və s. barədə. Hələlik konkret bir şey söyləmək çətindir. İş ondadır ki, 1990-cı illərin tarixi hələ yazılmayıb. Odur ki, kinoşünas kimi, akademik cavab verə bilmərəm. Belə fərz edirəm ki, yaradıcı, kinematoqrafik bir mühit olub və həmin mühit hər şeyi öz əlinə alıb. Bu, hansısa hərəkat, ya da cərəyan olmayıb, onların jurnalları və ya buna bənzər başqa fəaliyyətləri olmayıb. Hətta bir çoxu fərqli sahələrdən gəlirdi. Məsələn, Ernest Abdujaparov müəllim idi, yaxud Aktan Arım Kubat kinostudiyada quruluşçu rəssam işləyirdi. Birdən-birə o sıçrayış necə baş verdi? Gülbara Tolomuşova deyir ki, həmin prosesə Aktan Arım-Kubatın “Yelləncək” filmi təkan verib, qırğız kinosunun yeni səhifəsi bu filmdən başlayır. Mən Aktan Arım-Kubatdan bu barədə soruşmuşam. Bunu başladanların heç bir nizamnaməsi olmayıb, heç bir daxili sənədləşdirmə və s. aparılmayıb. Sadəcə dar çərçivədə şifahi razılaşmaları, bir qaydaları olub. İldə bir neçə dəfə görüşürdülər. Aktan Arım-Kubatın dediyinə görə, ilk dəfə görüşəndə Kino evinin bütün borclarını ödəyiblərmiş. Bəs niyə bu birlik davam etmədi, niyə dağıldılar? Məncə, bunun səbəbi onların yaradıcı insanlar olması idi. Bu, uzun müddət üçün nəzərdə tutulmuş birləşmək, nəyisə idarə etmək cəhdi deyildi. Onlar sadəcə işləri yoluna salmaq, kino sahəsini hərəkətə gətirmək, dövlət strukturları – Kinematoqrafçılar İttifaqı, Kino departamenti və s. kino ilə məşğul olan hansı idarə, şöbə vardısa – arasında əlaqə yaratmaq, yaxın zaman üçün strategiya hazırlamaq məqsədilə toplaşmışdılar. Mən heç bilmirəm, bunu necə adlandırım. Yalnız rejissorlardan ibarət yaradıcı bir qrupun, ya da təşkilatın impulsu… Bütün prosesi, sistemi qısa zaman içində, sürətlə yenidən qurmaq üçün toplaşdılar və işlərini görüb dağıldılar. Bu ideyanın qəribəliyi, paradoksallığı da elə bundadır. Onlar sadəcə Kino Evinin borclarını ödəmirdilər. Əlaqələr qururdular, strategiya hazırlayırdılar, kurslar təşkil edirdilər. Bu niyə daimi fəaliyyət göstərən struktur ola bilməzdi? Niyə orada ancaq yaradıcı insanlar vardı? Yəqin ki, bunların hamısını hələ dərk etmək lazımdır. Bəlkə də, belə daha yaxşıdır? Bu qruplar ehtiyac yarananda peyda olurlar və bizdə onların fəaliyyətinə, kinoya nəzarət edəcək yeganə dövlət orqanı yoxdur. Bəlkə də, belə yaxşıdır. Çox güman ki, davam etsəydilər, məmura çevrilərdilər. Dediyim kimi, paradoks da elə bundadır. Hansısa qruplar yaranır, sonra dağılır. Bəs Kinematoqrafçılar İttifaqı nə işə məşğul olurdu? Kino Departamenti nə iş görürdü? Hələ kino qanunundan, qanunvericilikdən danışmıram. Odur ki, artıq hər şeyi araşdırmaq, anlamaq vaxtı gəlib. Bu artıq tarixi təzahürdür və araşdırılmalıdır.

– Hər halda “Yeddilər”, “Səkkizlər” strategiyası Qırğız kinosunun inkişafı proqramı işə yaradı.

– Belə deyək. Hətta tarixi, bütün təfərrüatları, tarixi kontekstdə ardıcıllığı bilməsək belə, yaradıcı kollektivlərin, insanların gücünə arxalanmaq lazımdır. Onlar nəyə ehtiyacları olduğunu özləri bilirlər. Bəlkə, bu da sözügedən birliklərə niyə məhz rejissorların rəhbərlik etdikləri sualının cavabıdır. Bunu etmək lazımdır. Çünki məmurların məsələlərə özünəməxsus yanaşmaları olur. Mən indi məmurları tənqid etmirəm. Onsuz da hər kəs onları tənqid edir. Mən elə insanlarla ünsiyyətdə olmuşam. Onlar məqsədyönlü hərəkət edirlər, məsələn, qanunda “a” bəndinə, “b” bəndinə və s. riayət etməyə çalışırlar. Odur ki, gərək onlara ümumi mənzərəni göstərib “bu bənd bizə lazım deyil, bizə tamamilə başqa şey lazımdır” deyək. Onlar ümumi mənzərəni bilmirlər, onlar təlimatları, vəzifə səlahiyyətlərini bilirlər. Yaradıcı insanlar isə belə şeyləri sevmirlər. Yaradıcı insan üçün dövlətdən nəsə istəmək, harasa getmək, kiminləsə danışmaq o qədər də yaxşı şey sayılmır. Yəni hərdən biz özümüz passivlik göstəririk və bu passivlik daha sonra ümumi mühitə mənfi hal kimi qayıdır. Əgər bu mühiti elə qura bilsəydik ki, orada sadəcə bir-birimizdən impuls almayaq, həm də müzakirə, özü də konkret nəticələri olan müzakirə meydançaları yarada bilək… Mən sadəcə strategiya hazırlamaqdan danışmıram. Tutaq ki, 500 nəfər yığışdı, cürbəcür bəndlər fikirləşdi. Sonra da icra olunmayacaq və zibil yeşiyinə gedəcək. Strategiya bayaq dediyim ümumi yaradıcı mənzərənin əksidir. Onu konkretləşdirən isə taktiki addımlardır. Məsələn, strategiya bizə deyə bilər ki, yaxın 25 il ərzində kino istehsalı ildə 20-25 bədii film buraxacaq səviyyəyə çatmalıdır. Bəs buna nail olmaq üçün hansı taktika tətbiq olunacaq? Siz konkret sualların cavablarını bilməlisiniz. Hər il hansı layihəyə nə qədər vəsait ayrılacağını və s. Yalnız bu halda nəyəsə nail olmaq mümkündür. Və məhz bu məqamda müəlliflər, rejissorlar vacibdirlər. Onlar nəyə ehtiyacları olduğunu, nə etmək lazım gəldiyini bilirdilər. Bir də həmin birlikdə təşkilati məsələlərə cavab verən bir nəfər olub, indi soyadını unutmuşam. Deyilənə görə, siyasi texnoloq kimi bir insan olub. Uzun sözün qısası, istənilən qədər görüşmək, ümumi söhbətlər etmək olar, amma nəticə əldə etmək üçün konkret fəaliyyətlər lazımdır. Mən bunu “kiçik addımlar strategiyası” adlandırıram. Yəni 50 ildən sonra dahi kinematoqrafiya qurmaq barədə yox, xırda addımlar – indi nəyin mümkün olduğu barədə düşünməliyik. Məsələn, bizim kinoşünaslığın inkişafı ilə bağlı strategiyamız var. Bunun üçün nə etmək lazımdır? Seminarlar keçirməliyik, tamaşaçılarla işləməliyik, müxtəlif rejissorları bu işə cəlb etməliyik, öz kinomuzdan, Mərkəzi Asiya kinosundan və s. danışmalıyıq, bununla bağlı, məsələn, Gülnara Abıkeyevaya məqalələr sifariş verməliyik. Film nümayişlərini harada keçirmək olar? Məsələn, Kino evində. Orda proyektor zəif ola bilər. Həll etmək lazımdır. Bizə nə qədər vəsait veriləcəyini bilmirəm. Əgər dövlət müstəqilliyimizə toxunmadan bizi dəstəkləsə, sadəcə əllərini sıxaram və təşəkkür edərəm. Əgər onlar ümumi kinonun keyfiyyətini qaldırmaq istəyirlərsə, təbii ki, kinotənqid və kinoşünaslığı da dəstəkləməlidirlər.

– Hazırda qırğız kinosu dövlətdən nə qədər asılıdır?

– Düzü, bu suala cavab verə bilmərəm, çünki dəqiq məlumatım yoxdur. Sadəcə bir sənədli film çəkmiş adam kimi deyə bilərəm ki, “haradan pul tapa bilərik?” sualını verdiyimiz hər kəs bizə “heç yerdən” deyirdi. Ancaq bu doğru deyil. Ən azı, ona görə ki, dövlət “Qırğızfilm” vasitəsilə ildə bir dəfə müsabiqə keçirir. Yəni, müəyyən bir vəsait ayrılır.

– Azərbaycanda kino maliyyə məsələsində dövlətdən çox asılıdır. Məsələn, əgər kimsə iribüdcəli – müstəqil, azbüdcəli kino ilə müqayisədə böyük büdcə – film çəkmək istəyirsə, ehtiyacı olan məbləği ancaq dövlət verə bilər.

– Bildiyim qədər, bizdə də eyni sistemdir. O mənada yox ki, dövlət hər kəsdən daha çox vəsait verir. Müraciət edə biləcəyimiz müxtəlif fondlar, təşkilatlar var. Amma bunu məhz öz ölkəndən etməlisən, yəni büdcədə öz ölkənin də müəyyən dəstəyi olmalıdır. Ancaq kinoya super dəstək verən hansısa xüsusi fondlar tanımıram.

– Qırğız kinosunda yaşlı və gənc nəsil arasında münasibət necədir?

– Mənə elə gəlir ki, nəsillərarası münaqişə hər zaman olacaq. Məsələn, 40 il keçəcək və 40 il sonrakı gəncləri, çəkdikləri filmlərə görə biz qınayacağıq. Bəlkə də, belə vəziyyətə düşməmək üçün daim dövrün nəbzini tutmağa çalışmalıyıq. Bununla belə, artıq ənənə, müəyyən konvensiya kimi formalaşmış şey – gəlin, bunu səliqəli bir sözlə adlandıraq, autentlik deyək – təbii ki, müəyyən mərhələdə öz-özünə formalaşır. Onun konkret harada mövcud olduğunu, ya da onu göstərməyin qaydasını, üsulunu heç kim dəqiq deyə bilməz. Doğrusu, bizdə nəsillər arasında qarşılıqlı ittihamların səsləndiyi qızğın münaqişə yoxdur. Sadəcə kino yox, bütün mədəniyyət sahəsində gedən “biz hara gedirik?” tipli ümumi söhbətlər var. Məncə, ənənəçilik hər yerdə var və bu, normaldır. Onlarla da danışmaq lazımdır, belə mövzular da müzakirə olunmalıdır. Mənə elə gəlir ki, Qırğızıstanda millik kimlik, autentlik məsələsinə heç bir dünya mədəniyyəti, hansısa trendlər mane olmur. Əksinə. Burda Leninin burjua mədəniyyəti barədə fikrindən istifadə edək: “Biz burjua mədəniyyəti ilə məşğul olmuruq, ancaq, oradan ən yaxşı şeyləri götürürük”. Dünya incəsənətinin ən yaxşı tərəflərindən istifadə et və özünü zənginləşdir. Monomədəniyyət, özünə qapanmaq həmişə deqradasiya ilə nəticələnir. Məncə, burada istisnalar yoxdur. Sadəcə, buna ağılla yanaşmaq lazımdır. Hansısa ideyanı reallaşdırmaq istəyən müəllif isə, ümumiyyətlə, bu barədə düşünməməlidir. Bu onun işi deyil. Bu, nə bilim, mədəniyyət nazirliyinin, dövlətin, ya da belə təzahürləri araşdıran sənətşünasların işidir. Müəllif öz filmini çəkməlidir. Ən yaxşı şeyləri özündə cəmləməlidir və dünya səviyyəsində olmağa çalışmalıdır, vəssalam.

Müsahibəni hazırladı: Aygün Aslanlı


/Qaynaq: Kinoyazar/


Anadil.az



Oxunub: 218
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR