Vətən xaini necə Sovet İttifaqı Qəhrəmanı oldu? - Məşhur şair haqqında MARAQLI FAKTLAR

Anadil bu gün anadan olmasından 118 il ötən tatar şairi Musa Cəlillə bağlı maraqlı faktları təqdim edir:

XXX

Musa Mustafa oğlu Cəlilov (Musa Cəlil) 1906-cı il fevral ayının 15-də Orenburq vilayətinin Şarlık rayonundakı Mostafa kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Musa 1914-1917-ci illərdə Orenburqdakı Hüseyniyyə mədrəsəsində oxuyub.

***

Şeir yazmağa 9 yaşında şeir yazmağa başlayıb. İlk mətbu şeiri isə 13 yaşında "Qızıl yıldız" qəzetində çap olunub. Elə həmin vaxt, 1919-cu ildə komsomola daxil olub və bolşeviklərlə ağqvardiyaçılar arasında gedən savaşda birincilərin sıralarında döyüşüb.

***

16 yaşında Tatarıstanın paytaxtı Kazan şəhərinə gələn və qəzetdə işləməyə başlayan Musanın 3 il sonra, 1925-ci ildə "Biz gedirik" adlı ilk şeirlər toplusu işıq üzü görüb.

***

1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil alıb. Moskvada oxuduğu illərdə komsomolun mərkəzi komitəsinin orqanı olan "Kiçik qardaşlar", "Oktyabr balaları" jurnallarına redaktorluq edib. 1929-cu ildə şairin "İptaşka" adlı növbəti şeir kitabı çap olunub.

1933-1934-cü illərdə Moskvadakı "Kommunist" qəzetinin ədəbiyyat və incəsənət şöbəsinə rəbərlik edən Musa Cəlilin bu dəfə "Ordenli milyonlar" şeir kitabı çap edilib.

***

1935-ci ildə o, Moskva Dövlət Universitetində açılan Tatar Opera Studiyasına işə dəvət edilib, studiya 1938-ci ildə Tatarıstana köçürüləndə Musa Cəlil də Kazana gəlib və ədəbi hissə müdiri vəzifəsində işləyib. 1935-1941-ci illərdə yazdığı "Altunsaç", 1940-cı ildə tamamladığı “İldar” librettolarını Tatarıstan Dövlət Opera Balet Teatrına səhnələşdirmək üçün təhvil verib.

***

Musa Cəlilin şairliyi ilə yanaşı, rəssamlıq qabiliyyəti də olub, musiqi istedadı libretto yazmasında ona çox kömək edib. O, bəzi şeirlərinə xalq mahnılarının üslubunda mahnılar da yazıb.

***

II Dünya müharibəısinin başladığı 1939-cu ilin iyulunda SSRİ Yazıçılar İttifaqının Tatarıstan şöbəsinin katibi seçilən Musa Cəlilin həyatında 2 il sonra yeni səhifə açılıb. 1941-ci ilin yayından "Otvaqa" (İgidlik) cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyətə başlayıb. Onun tərənnüm etdiyi Sovet Ordusu 1942-ci ildə Voloxov cəbhəsində ağır itki verərək şairi yaralı və hərbi müxbiri də səngərdə qoyub geri çəkilib. Beləcə, Musa Cəlilin əsirlik, ailəsinin və qohumlarının isə işgəncəli həyatı başlayıb.

***

1944-cü ildə Moabit düşərgəsindəki antifaşist gizli təşkilatın üzvləri Almaniyanın xüsusi xidmət orqanları tərəfindən yaxalanıb, uzun və ağır işgəncəli dindirmələrdən sonra gizli təşkilatın ideoloqu Musa Cəlilin günahkar olduğu sübut edilib, 1944-cü il avqust ayının 25-də Berlin yaxınlığındakı Plyotsenze hərbi həbsxanasında öldürülüb.

Vətən xaini necə Sovet İttifaqı Qəhrəmanı oldu? - Məşhur şair haqqında MARAQLI FAKTLAR

Musa Cəlil ölüm hökmündən əvvəl (Rəsmin müəllifi: Xaris Yakupov)

***

1945-ci ilin may ayının əvvəllərində sovet əsgərləri vuruşa-vuruşa Moabit həbsxanasının həyətinə girir. Döyüşçülərdən biri rus dilində yazılan bir kağız tapır. Əsgər vərəqi qaldırır və əli ilə hamarlayır. Sonra kağız parçasını oxuyur: “Mən tatar şairi Musa Cəliləm. Moabit həbsxanasında yatıram. Yəqin ki, faşistlər məni güllələyəcək. Xahişim budur ki, bu qeydləri oxuyan şəxs ruslar Berlini azad etdikdən sonra bu barədə Moskvaya və Kazana xəbər versin. Həm də Fadeyevə, Qladkova, Korneyçuka və başqa yazıçılara mənim salamımı yetirsin...”.

M.Cəlilin məktubu SSRİ Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyevə göndərilir.

Bir müddət sonra məktub Fadeyevə çatır.

***

Musa Cəlil faşist əsirliyində olarkən belə yazmışdı:

Əs, ey yad ölkənin acı rüzgarı,
Yollan düzənliklə, dağla, meşəylə.
Yetir doğma yurda bu mahnıları,
Onu əhvalımdan xəbərdar eylə.


Əsirlikdə ikən səsi heç yana çatmayan şairin Vətənində onun əhvalından ölümünün ardınca xəbərdar olurlar, lakin tam fərqli şəkildə!

***

Belə ki, II Dünya müharibəsi başa çatdıqdan sonra əsirlikdə faşizmə qarşı mübarizə aparan digər əsgərlər kimi, Musa Cəlilin də həyatı araşdırılır. Şairin antifaşist fəaliyyəti məlum olsa da, nəzərə alınmır. Əsir düşərkən özünü öldürmədiyi, almanlarla əməkdaşlıq etdiyi bildirilir və ən qatı cinayətkar elan edilir. Doğma vətənində ailəsi həbs edilərək sürgün olunur...

***

Aradan illər keçdikdən sonra belçikalı antifaşist Andre Timmermans şairin Moabitdə cib dəftərçəsinə yazdığı 115 şeirini Brüsseldəki SSRİ konsulluğuna təhvil verir. Şairin antifaşist təşkilatın üzvü olduğunu, buna görə də edam edildiyini (1944) bildirir. Həmin cib dəftərçəsi konsulluq tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə göndərilir.

***

Stalinin ölümündən sonra Musa Cəlilin işi bir daha araşdırılır. 1956-cı ildə ona bəraət verildiyi üçün "vətən xaini" damğası üzərindən götürülür. Üstəlik, ona "Sovet İttifaqı Qəhrəmanı" adı (ölümündən sonra) verilir.

Elə həmin il şairin əsirlikdə bir yerdə olduğu həmyerlisi Qimran Təlqətov onun şeirlər kitabını çap etdirir. “Moabit dəftəri” silsiləsi müxtəlif dillərə tərcümə olunur. Hətta bu silsiləyə görə "Lenin" mükafatına layiq görülür, xatirəsi SSRİ-nin əksər yerlərində əbədiləşdirilir...



Anadil.az


Oxunub: 323
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR