Məmməd İsmayılla bağlı ÇAĞIRIŞ: "Vəziyyəti çox ağırdır, HƏR AN GEC OLA BİLƏR"

Anadil: "Ağrılar Məmməd İsmayılı əldən salıb, nə yuxusuz gecələrinin sayı-hesabı var, nə də canına daraşan iztirabların... Səhhəti olduqca pisdir, getdikcə ağırlaşır, bu vəziyyətdə qələm adamlarının əlindən heç nə gəlmir, indiki halda yalnız əlaqədar qurumlar onunla bağlı təşəbbüs göstərməlidirlər". Bunu şair Ehtiram İlham Anadil.az-a açıqlamasında deyib.

E.İlham qeyd edib ki, M.İsmayıl yalnız böyük şair deyil, eyni zamanda görkəmli ictimai xadimdir: "1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" komitəsinin sədri vəzifələrində çalışıb. Bədii yaradıcılıqla yanaşı, Məmməd İsmayıl uzun illər Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub, professor dərəcəsinə qədər yüksəlib. Belə bir şəxsiyyətin bu gün dəhşətli ağrılar içərisində sonunu gözləməsi faciədir, kimsəyə başucalığı gətirmir".

Məmməd İsmayılla bağlı ÇAĞIRIŞ: "Vəziyyəti çox ağırdır, HƏR AN GEC OLA BİLƏR"


E.İlham qələm adamları adından əlaqədar qurumlara səslənərək onları M.İsmayılın vəziyyətilə maraqlanmağa çağırıb: "Əminəm ki, həmin qurumlar onun qapısını döyüb hazırkı vəziyyətin nə qədər ağır olduğunu görəcək və sevimli şairimizdən dəstəyini əsirgəyəməcəklər. Məmməd İsmayıl şair ömrünün əbədilik məqamına çoxdan yetişib, heç vaxt da şəxsi təmənnası olmayıb, öz dərd-sərindən gileylənməyib. İndi bizim borcumuz yaşının ahıl çağında, ağır xəstəliyin onu əldən saldığı bir vaxtda sevimli şairimizdən dəstəyimizi əsirgəməməkdir. Bu çağırışımızın cavabsız qalmayacağına inanıram. Tələsmək lazımdır, inanın, hər an çox gec ola bilər".


Anadil.az


Oxunub: 428
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR