Bir böyük sevgidən yıxılmışam mən... - Məmməd İlqarın ŞEİRİ

Anadil: Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məmməd İlqarın doğum günüdür. Onun 74 yaşı tamam olur.

Bu münasibətlə görkəmli şairimizi təbrik edir və "A dağ yolları" şeirini oxucularla bölüşürük.

XXX

Ömrün o başından dönüb gəlmişəm,
Mənəm, başınıza dönüm, gəlmişəm.
Bəs məni yandırıb, nə yaxırsınız,
Belə maddm-maddım nə baxırsınız.
Bax bu palıdların budaqlarında
Yellənən oğlanam, a dağ yolları.
Sorub baldırğanla bulaqlarından
"Keflənən" oğlanam, a dağ yolları,
Mən həmən oğlanam, a dağ yolları.

Qayalar belində gül bitirərdi,
Di gəl ki, xoşluqla gül verməzdilər...
Əlimi uzatsam əl yetirərdi,
Gicitkanlar mənə gün verməzdilər,
Qanıma bələrdi moruq kolları,
Mən həmən oğlanam, a dağ yolları.

Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı - qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam, a dağ yolları.

Sinəmdə bir belə sevgi varikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol taparikən
Bir şəhər qəlbinə yol tapammadım...
Gəlmişəm- ətək boş, ömür-gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.

Bir böyük sevgidən yıxılmışam mən,
Bilirəm dadını diz ağrısının.
Babamın başına qaxılmışam mən,
Bələdəm oduna söz ağrısının.
Bu qədər sınağa çəkməyin məni,
Siz mənim xətrimə dəyməyin barı.
A dağ yolları...

Getdi o dumanla güvəndiklərim,
Əlim ətəyinə yetməz, bilirəm,
Qalan gümanlarım- saman çöpləri...
Mən sevən ölümə getməz, bilirəm
Bu tale yolları, bu baxt yolları.
Məni qinamayin,a dag yollari
Mən həmən oğlanam, a dağ yolları.


Anadil.az


Oxunub: 326
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR