"Qızıl Ayı"nı bu il hansı FİLM QAZANACAQ?

Anadil: Avropanın, ümumilikdə dünya kinosunun üç ən nüfuzlu festivalından biri olan və fevralın 15-də Almaniyanın paytaxtında başlayan 74-cü Berlin Beynəlxalq Film Festivalında (Berlinale) sona çatmaq üzrədir.

Əsas müsabiqə proqramında 20 ekran əsəri yarışır.

Festivalın baş mükafatı - “Qızıl Ayı”ya namizədlər arasında belçikalı kinorejissor Tim Milantsın “Belə xırda şeylər” tarixi dramı, mavritaniyalı rejissor Abderrahman Sissakonun “Qara çay”, Meksika kinorejissoru Alonso Ruispalasiosun “Mətbəx”, Seneqal əsilli Fransa rejissoru Mati Diopun “Daqomeya” filmləri yer alır.

Bundan əlavə, Bruno Dumontun (Fransa) “İmperiya”, Marqarita Vikarionun (İtaliya) “Qələbə!”, Olivye Assayasın (Fransa) “Vaxtdan kənar”, Andreas Drezenin (Almaniya) “Hildadan sevgi ilə”, Betaş Sanex və Miriam Mokvadamın (İran) “Ən sevdiyim tort”, Kler Byurgerin (Fransa) “Yad dil”, Meryam Juberin (Tunis əsilli Kanada rejissoru) “Mən kimə aidəm” filmləri də baş mükafata iddialıdır.

Builki beynəlxalq münsiflər heyətinə ABŞ-də yaşayan Meksika və Keniya əsilli aktrisa, “Oskar” mükafatçısı Lupita Nyonqo başçılıq edir.

Qaliblər sabah - fevralın 24-də açıqlanacaq və mükafatlandırılacaq.

74-cü Berlin Beynəlxalq Film Festivalı günlərində həmçinin “Avropa Film Bazarı” (European Film Market), “Berlinale Birgə İstehsalat Bazarı” (Berlinale Co-Production Market) keçirilir.

Berlinaledə məşhur rus rejissoru Andrey Tarkovskinin “Qurban” filminin bərpa edilmiş versiyası da nümayiş olunacaq.

Xatırladaq ki, 1951-ci ildə Qərbi Berlində təşkil edilən festival 1978-ci ildən bu yana hər fevral ayında təşkil olunur.


Anadil.az


Oxunub: 178
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR