Adın dilimi qanadır... - Xaqani Qayıblıdan ÜÇ ŞEİR

Anadil: Bu gün tanınmış şair, tərcüməçi və elm adamı Xaqani Qayıblının 60 yaşı tamam olur.

O, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim, Estoniyanın fəxri vətəndaşlığını alan ilk türkdür. “Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” (elmi rəhbəri akademik Ago Künnap) adlı elmi işinə görə şöhrət qazanıb.

Özünəməxsus bədii yaradıcılığı ilə Xaqani Qayıblı imzası çağdaş Azərbaycan poeziyasında xüsusi yer tutur.

60 illik yubileyi münasibətilə Xaqani bəyi təbrik edir və onun bir neçə şeirini oxucularla bölüşürük:

XXX

O mənəm...

O mənəm – Səndən ötəri
yağış yağanda darıxan.
Şaxtalı qış gecələri
isti yorğanda darıxan…

Xəbərin yox, yağan yağış
yaddaşıma nələr deyir.
Damlalar əllərin olub
pəncərəmi döyəcləyir.

Bir biləsən uzaqlarda
Sənsiz darıxmaq necədir!
Çaşıb adını çağırmaq,
Sonra karıxmaq necədir…

…Göy üzünü bulud alsa
Sən olursan dərdim-sərim...
Bilirəm ki, balkondasan.
– Üşüyərsən, gir içəri!

***

İndi – bu saat
bu meşənin qırağında,
bu çölün düzündə
məni yalnız qoymaya
bu qürbətin Göyüzündə
şimşək atam, bulud anam...

Qəfil bir yağmur başlaya –
torpaq kəndimiz qoxuya,
mən havalanam!

***

Adın dilimi qanadır...

Yayından çıxan ox kimi
Adın dilimə dartınır...
Sanki dan üzü yaz günü
Arı gülünə dartınır!

Çəkilməz pərim, bunca ah,
Desəm... deməsəm bir günah.
Adın içimdə dustaq,
İçim çölümə dartınır!

Adın dilimi qanadır...
Könlüm sevdadan yanadır.
Ruhum Tanrıma can atır –
Canım ölümə dartınır!


Anadil.az



Oxunub: 324
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR