Nizami Gəncəvini onun yaratdığı portretlə tanıyırıq - Mirzə Cəlilin dəvəti ilə "Molla Nəsrəddin"ə karikaturalar da çəkibmiş...

Anadil Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrindən Qəzənfər Xalıqov haqqında maraqlı faktları təqdim edir:

XXX

Qəzənfər Ələkbər oğlu Xalıqov 16 dekabr 1898-ci ildə Bakının Qobu kəndində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərir. Atası onun təlim-tərbiyəsinə diqqətlə yanaşır, şəhərdəki “Səadət” məktəbinə qoyur. Qəzənfər təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur. Burada M.Gerasimovdan sənətin sirlərini öyrənir. 1928-ci ildə məzun olduqdan sonra müstəqil rəssamlıq fəaliyyəti göstərir.

***

Cəlil Məmmədquluzadənin dəvəti ilə Q.Xalıqov “Molla Nəsrəddin” jurnalında karikaturalar dərc etdirir. C.Məmmədquluzadə ilə tanışlığı, jurnalla əməkdaşlığı barədə xatirələrində rəssam yazır: “Atam “Molla Nəsrəddin” jurnalına abunəçi idi. Onun hər nömrəsi mənim üçün toy-bayrama çevrilirdi. Birinci növbədə jurnalın böyük satirik qüvvəyə malik olan canlı və cəlbedici şəkillərinə baxmaqdan doymazdım. 1924-25-ci illərdə “Gənc işçi” qəzetində rəssam işləyirdim. Bir gün işə gələndə mənə dedilər ki, səni “Molla Nəsrəddin” jurnalına çağırırlar. Getdim, çox sıxıldığımı görən Mirzə Cəlil dedi ki, cavan rəssamsan, gəl bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda işləmək üçün kifayət qədər təcrübəm yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi: “Hamı əvvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmayıb. Görürsən, bu saat bizim rəssamlarımız azdır. Gərək cavanlardan təzə-təzə rəssamlar yetişsin”. Mirzə Cəlil məni işə həvəsləndirdi. Çox keçmədi jurnalın əsas rəssamlarından biri oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni nağıl edir, ya da materialı verirdi. Deyirdi oxu, bunun əsasında karikatura çək. Şəkil hazır olanda Mirzə onu diqqətlə nəzərdən keçirərdi. Bəzən də göstərişlər verər və yenidən işlədərdi...”.

***

1939-cu ildə dahi Azərbaycan şair və mütəfəkkiri N.Gəncəvinin bədii obrazının yaradılması ilə bağlı müsabiqə elan olunur. Müsabiqədə Q.Xalıqovla bərabər Xalq rəssamları Kamil Xanlarov, Tağı Tağıyev, Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov və başqaları da iştirak edirlər. Müsabiqəyə Rusiya və Gürcüstandan da 30-dək portret təqdim olunur. Ancaq Q.Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etmir. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində hazırladığı portret müsabiqəyə təqdim edilir və birinciliyə layiq görülür.

***

Məşhur şərqşünas və Nizami irsinin araşdırıcısı akademik Yevgeni Bertels böyük şairin Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portreti haqqında deyib: “Portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi”.

***

Qeyd edək ki, rəssam böyük Nizaminin portretini çəkərkən Y.Bertleslə yanaşı filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslıdan elmi məsləhətlər alıb.

Deyilənlərə görə, bu məsləhətlərdən sonra Üzeyir Hacıbəyov bildirir ki, "oxşar görkəmdə Ağcəbədidən bir axund tanıyıram". Həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra, rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq, müsabiqənin qalibi olur.

Nəticədə 80 ildən çoxdur ki, təkcə Azərbaycanda yox, az qala bütün dünyada Nizaminin obrazı dedikdə gözlər önünə məhz Q.Xalıqovun yaratdığı portret gəlir.

Nizami Gəncəvini onun yaratdığı portretlə tanıyırıq - Mirzə Cəlilin dəvəti ilə "Molla Nəsrəddin"ə karikaturalar da çəkibmiş...


***

"Molla Nəsrəddin" məktəbinin "məzunlarından" olan Qəzənfər Xalıqov çox sonralar “Kirpi” satirik jurnalında da fəaliyyət göstərib.

***

Qəzənfər Xalıqovun “Firdovsinin dəfni”, “Çoban Cümşüdün portreti”, “Koroğlu at belində”, “Xaqani Şirvani”, “Xaqani zindanda”, “Məhəmməd Füzuli” əsərləri Azərbaycan təsviri sənətinin ən maraqlı nümunələrindən hesab olunur.

Onun “Firdovsinin dəfni” və “Nizaminin portreti” əsərləri bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında saxlanılır.

***

Qəzənfər Xalıqov həmçinin teatr və kino rəssamı kimi fəaliyyət göstərib. “Abbasın bədbəxtliyi” cizgi filmində, “Sehrli xalat”, “İstintaq davam edir” bədii filmlərində quruluşçu rəssam kimi çalışıb.

“Leyli və Məcnun”, “Əsli və Kərəm” kimi məşhur tamaşaların da səhnə və geyim tərtibatı Qəzənfər Xalıqova məxsusdur.

***

Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.


Anadil.az



Oxunub: 488
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR