Həsən bəy Zərdabinin də maraq göstərdiyi 1200 illik sənət...

Anadil Azərbaycanda xalq sənətkarlığının maraqlı növlərindən biri olan tikmələrlə bağlı məqaləni təqdim edir:

XXX

Azərbaycan tikmələri haqda yazılı məlumatlara hələ IX-XI əsrlər ərəb müəlliflərinin, klassik şairlərimizin əsərlərində, eləcə də XVI-XVII yüzilliklər Təbriz miniatürlərində rast gəlinir.

Mənbələrdə Ərdəbil, Şamaxı, Gəncə və Bərdə şəhərlərində bu sənətin daha çox inkişaf etdiyi qeyd olunur. Həmçinin bu sənət Naxçıvan, Gəncə, Şuşa, Quba, İrəvan və Tiflis şəhərlərində geniş yayılıb. Azərbaycanda tikmə sənəti ilə bağlı italiyalı səyyah Marko Polo, ingilis Antoni Cenkinson və başqa səyyahlar maraqlı məlumatlar veriblər. A.Cenkinson Şirvan bəylərbəyi Abdulla xanın daş-qaşla bəzədilmiş geyimlərindən bəhs edib.

Tikmə sənəti əsrlər boyu qadınlarımızın sevimli məşğuliyyəti olub. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə çatandan sonra bu sənətlə kişilər də məşğul olmağa başlayıblar.

XIX əsrdə Şəkidə mahud parça üzərində toxunmuş təkəlduz tikmə növü çox inkişaf edir və digər sənət növlərini üstələyir. Həmin vaxt bu şəhərdə 22 yəhər üzü bəzəyən, 50 başmaq üzü bəzəyən, 16 püştü (balış) üzü tikən dükan fəaliyyət göstərib. Şəki tikmələri Sankt-Peterburq, Moskva, Kiyev, Həştərxan və s. şəhərlərə göndərilib.

Bu sənətə dövrün məşhur şairləri, maarif xadimləri də maraq göstərib. Şairə Xurşudbanu Natəvan, təbiətşünas alim Həsən bəy Zərdabi, rəssam, şair və musiqişünas Mir Möhsün Nəvvab və başqalarını misal göstərmək olar. 1882-ci ildə Tiflisdə keçirilən dünya sərgisində şuşalı Böyükxanım adlı bir evdar qadının qızılı və gümüşü sapla işlənmiş güləbətin namazlıq tikməsi nümayiş etdirilib.

Həsən bəy Zərdabinin də maraq göstərdiyi 1200 illik sənət...


Tikmə sənətinin tarixən bir neçə növü olub. Güləbətin tikmə özünün zahiri parlaqlığı, plastik silueti, mürəkkəb işləmə texnikası və dekorativ xüsusiyyətləri ilə çox fərqlənib. Əsas etibarilə Bakı, Şamaxı, Naxçıvan , Şuşa və başqa bölgələrdə geniş yayılıb. Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb. Qızılı və gümüşü güləbətin tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən düzəldilib.

Muncuq tikmə. Bu tikmə növü əsasən Şuşa, Gəncə, Şamaxı və qismən Bakıda inkişaf edib. Əsasən xırda məişət əşyalarının bəzədilməsində istifadə olunub. Məxmər, qanovuz və kətan parçalar üzərində işlənib.

Pilək tikmə. Bu üsul taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal lövhəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub.

Çaxma pilək (zərənduz) tikmə. Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş yayılıb. Bu növ tikmələr daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döymə üsulu ilə hazırlanıb.

Quşgözü tikmə Azərbaycanın əksər bölgələrində istifadə olunub. Abşeronda “cınağı”, Naxçıvanda “cümlə” adlanan bu üsul parçaya möhkəmlik verdiyinə görə adətən araqçınlara, şəbkülahlara (gecə papağı) tikilib.

Doldurma tikmə. Bu üsulla ikitərəfli tikmələr hazırlanıb. Doldurma tikmə ilə divar bəzəkləri, pərdələr, rübəndlər tikilib.

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrə aid tikmə nümunələri mühafizə olunur. XVI-XVII əsrlər Azərbaycan tikmə sənətinin bəzi nümunələri isə Moskva Şərq Xalqları Muzeyində saxlanılır.


/Qaynaq: "Mədəniyyət qəzeti"/


Anadil.az



Oxunub: 244
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR