Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir - Mişel Uelbekin ESSESİ

Anadil mərhum şair, rəssam və tərcüməçi Adil Mirseyidin çevirməsində Fransanın tanınmış şairi, yazıçıs və esseisti Mişel Uelbekin (1958) "Sağ qalma" essesini təqdim edir:

XXX

Elm xatirinə elm axtarmayın. Bilavasitə hissiyyatdan gəlməyən hər nə varsa, poeziyada onun dəyəri sıfıra bərabərdir (əlbəttə, hissiyyat sözünü geniş mənada anlamaq lazımdır, hisslər bəzən xoşagələn, bəzən xoşagəlməz olur və bu hisslərin toqquşması adətən qəribəlik təzahürü yaradır).

Yalnız hisslər vasitəsilə nəsnəni (yaxud hər hansı bir şeyi) öz içindən keçirib özününküləşdirmək mümkündür. Bu duyğunu ifadə etmək poeziyanın vəzifəsidir.

Poeziyanın və fəlsəfənin məqsəd oxşarlığı onların gizli birliyindədir. Poeziyanın vəzifəsi heç də fəlsəfi şeirlər yazmaq deyil, poeziya özünəməxsus, sırf intuitiv yolla, əqli konstruksiyalar filtrindən yan keçərək dünyanı yenidən kəşf etmək səlahiyyətinə malikdir.

Fəlsəfəni şeirlə ifadə etmək cəhdindən hər vəchlə qaçmaq lazımdır, bu əksər hallarda zavallı surroqat olacaq. Bununla belə, yeni çağdaş fəlsəfə məhz şairlərin simasında özünün ən ciddi, ən diqqətli və həssas oxucularını tapır. Eləcə filosoflar da, daha dəqiq desək, onlardan bəziləri poeziyanın bətnində gizlənmiş həqiqəti işığa çıxarmaq, anlamaq, dərk etmək səviyyəsindədir. Poeziya filosoflara yeniləşmiş dünya haqqında bilavasitə və daha artıq material verə bilər, canlı material.

Filosoflara sayğı ilə yanaşın, amma onları yamsılamayın, zira sizin yolunuz başqadı. Bu yol nevrozdan ayrı deyil. Poeziya ilə nevrozun yolları son mərhələdə bir-birilə kəsişir - poetik axın zatən və mütləq nevroz axınına qarışıb əriyir. Amma sizinçün seçim yoxdur. Başqa yol da yoxdu.

Təngə gətirən ideyalarla və daxili durumunuzla bağlı mütəmadi iş bir gün axırınıza çıxacaq, qəlbinizi şübhələr didəcək, süstlük, ölgünlük sizi canlı xarabaya çevirəcək. Amma bir daha təkrar edirəm, başqa yol yoxdu. Siz kritik nöqtəyə çatmalısınız. Ölümlə cəngə girib, üzüqoyulu qara torpağa düşənə qədər beş-on şeir yazmalısınız. Bir anda sizin qarşınızda yeni üfüqlər açılacaq. Bütün böyük ehtiraslar sonsuzluğa gedib çıxır.

Məhəbbət bütün problemləri həll etdiyi kimi, böyük ehtiras da əvvəl-axır, gec-tez həqiqət sahəsinə daxil olur. Bu sahə əzablı sahədi, amma baxışlar, görmə qabiliyyəti itiləşir. Orda əşyalar öz ilkin saflığında, həqiqət şəffaflığında görünür.

Xeyirin, Həqiqətin və Gözəlliyin zəfər çalacağına inanın.

Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəliksə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin!

İstənilən bir cəmiyyətin həssas yeri, öz ağrı nöqtələri var. Onları tapın və o ağrı nöqtələrinə bacardığınız qədər bərk basın.

Adamların qulaq asmaq istədikləri mövzulara girişin. Cəmiyyətin çirkinliklərinə, yaralarına, xəstəliklərinə toxunun. Ölümdən və unudulmaqdan təkidlə söz açın. Qısqanclıqdan, biganəlikdən, uğursuz sevgilərdən yazın. Mənfur və amansız olun, siz gerçəksiniz.

Heç bir təşkilata girməyin, ya da hər hansı bir təşkilata daxil olun, sonra isə tezliklə oradan çıxın. Heç bir ictimai fikir sizi uzun müddət cəlb etməməlidir. Uzun müddət həmfikirləri ilə mübarizə aparmaq adamı xoşbəxt edir, fəqət, bu sizə lazım deyil. Sizin istədiyiniz, axtardığınız – bədbəxtlikdir. Sizin tərəfdən görünən həyat qaranlıqdır.

Sizin vəzifəniz hansısa bir yol göstərmək, yeni nəzəriyyələr qurmaq deyil. Əgər bunu edə bilirsinizsə, edin. Əgər tərəddüd edirsinizsə, həllolunmaz məsələlərə gəlib çıxırsınızsa, bunu açıqca söyləyin. Çünki sizin əsas vəzifəniz həqiqəti axtarıb üzə çıxarmaqdır. Siz həm qəbirqazansınız, həm ölü. Siz cəmiyyətin bəndəsisiniz. Və elə siz də ona cavabdehsiniz, hamınız cavab verməli olacaqsınız. Siz torpaq yeyəcəksiniz, əclaflar!

Siz günah və günahsızlıq parametrlərini müəyyənləşdirməlisiniz. Əvvəlcə özünüz üçün, bu sizə oriyentirlər verər. Sonra başqaları üçün. Onların hərəkətlərini və günahı yumşalda biləcək şəraiti öyrənin, sonra tam ehtirassız, hissə qapılmadan mühakimə edin, amma nə özünüzə, nə də başqalarına rəhm etməyin.

Siz zənginsiniz. Bilirsiniz ki, bu dünyada xeyir və şər mövcuddur. Heç vaxt onları bir-birinə qarışdırmayın: tolerantlığa qapılmağı özünüzə rəva görməyin – bu, kədərli qocalıq əlamətidir.

Poeziya dəyişməz, əbədi əxlaq həqiqətlərini təsdiqləmək gücünə malikdir. Bunun dışında olanlara bütün qəlbinizlə nifrət etməlisiniz.

Həqiqət qalmaqallıdır. Amma bunsuz bir şey əldə etmək mümkünsüzdür.

Dünyanın sadəlövh və gerçək şəkli – bu özü artıq sənət incisidir. Bu tələbin işığında orijinallıq çox da önəmli deyil. Onun qayğısına qalmayın. Orijinallıq özünü sizin çatışmazlıqlarınızın cəmində mütləq büruzə verəcək. Sizin vəzifəniz, sadəcə, həqiqəti söyləməkdir, vəssalam.

Yaşadığımız dünyanı və həqiqəti eyni zamanda sevmək mümkün deyil. Siz artıq öz seçiminizi etmisiniz.

İndi əsas məsələ seçiminizdən geri dönməməkdir. Sizi təslim olmamağa səsləyirəm. Ona görə yox ki, sizin nəyəsə ümid bəsləməyə şansınız var, xeyr, əksinə, sizə xəbərdarlıq edirəm, siz çox tənha olacaqsınız.

Adamlar həyata uyğunlaşırlar, yoxsa ölərlər. Siz canlı intiharçısınız.

Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur.

Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur.

Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, sız artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız.


Anadil.az



Oxunub: 399
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR