Rəşid Behbudovun seçildiyi rola niyə onu çəkdilər? - Kinomuzun Sərvəri ilə bağlı BİLİNMƏYƏNLƏR

Anadil "O olmasın, bu olsun" filmindəıi Sərvər obrazı ilə şöhrət tapan, lakin sonradan unudulmuş aktyor Arif Mirzəquliyevlə bağlı maraqlı faktları təqdim edir:

XXX

1934-cü il yanvarın 1-də doğulan Arif Teyyub oğlu Mirzəquliyev ixtisasca həkim olub. Hərçənd öncə Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda təhsil alıb. Bu, təsadüfi deyildi – hələ uşaqlıqdan aktyorluq arzusunda idi.

***

Lakin ailəsində hamı həkim olduğu üçün, üstəlik, atasının son nəfəsdə vəsiyyətini nəzərə alaraq gənc Arif bu dəfə Azərbaycan Dövlət Tibb İnstutuna (hazırkı Azərbaycan Tibb Universiteti) daxil olub və nevropatoloq ixtisasına yiyələnib. Cəmi 2 filmə çəkildikdən sonra aktyorluq sənətindən tamamilə uzaqlaşıb və ömrünün sonuna kimi həkim vəzifəsində çalışıb.

***

Məsələ belə olub: Moskvada oxuyarkən o, Bakıdan teleqram alır. Teleqramda yazılmışdı ki, atan ağır vəziyyətdədir, səni görmək istəyir. Tələbə-aktyor təcili Bakıya gəlir, atası son nəfəsdə ona deyir ki, mən səni aktyor deyil, həkim görmək istərdim. Bu söz kifayət edir ki, Arif bir daha Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutuna qayıtmasın...

***

Arif Mirzəquliyevin kinoda ilk rolu 1955-ci ildə ekranlaşdırılan "Görüş" filmindəki (rejissor: Tofiq Tağızadə) Kamil obrazı olub.

Rəşid Behbudovun seçildiyi rola niyə onu çəkdilər? - Kinomuzun Sərvəri ilə bağlı BİLİNMƏYƏNLƏR


***

Bir il sonra isə o, tam təsadüf nəticəsində "O olmasın, bu olsun" filminə dəvət alıb. Qızı Teyyubə xanımın dediklərindən: "Biz o vaxtı şəhərin mərkəzində, "cuhut" küçəsi deyilən yerdə yaşayırdıq. Atam həmin ərazidə itini gəzdirən zaman rejissor Hüseyn Seyidzadə onu görüb "O olmasın, bu olsun" filminə dəvət etmişdi. Təbii ki, atam bu dəvətə çox sevinmişdi..."

***

Teyyubə xanımın sözlərinə görə, "O olmasın, bu olsun" filmində Sərvər roluna Rəşid Behbudov da çəkilmək istəyirmiş: "Atamla o, yaxın dost idi. Amma rejissor H.Seyidzadə atamı çəkməkdə israrlı idi. Lakin buna görə atamla Rəşid Behbudov arasında kiçik bir inciklik də olmadı. Çünki dostluq sənətdən irəli idi".

***

Əslində Sərvər roluna ilk sınaqdan keçirilən həqiqətən də Rəşid Behbudov olub. Hətta Bədii Şura da bu seçimi təsdiqləyib. Lakin qrim ustasının məsləhəti Hüseyn Seyidzadənin seçimini dəyişib...

Başqa bir versiyaya görə, hətta Rəşidə gələn bəzi məktublarda ona “Sərvər” deyə müraciət edilməsinə baxmayaraq, müğənni obraz haqqında xeyli düşünəndən sonra çəkilişdən imtina edir və öz qərarını belə əsaslandırır: “Sərvər gimnaziyada oxuyan tələbədir, mənim isə artıq 40 yaşım var”.

***

Qızı eyni zamanda atasının ölümündən qısa müddət sonra unudulmasından da təəssüflə danışır: " Atamın ölümündən 1 il keçməmiş bütün dostları onu unutdular. Halbuki, o insanlar atamın sağlığında evimizin yuxarı başında otururdular. O, həmişə deyirdi ki, dost insanın öz ailəsidir. Mən bu sözə inanmırdım, amma onun ölümündən sonra bu sözün doğruluğuna inandım... Bir dəfə Gülnaz rolunun ifaçısı Tamara Gözəlovanı yolda təsadüfən gördüm. O zaman atam artıq dünyasını dəyişmişdi. O qədər də mənə isti münasibət göstərmədi, "şad oldum" kəlməsindən başqa bir söz demədi, atam haqda bircə söz belə danışmadı. Halbuki, atam onun haqqında çox danışırdı və həmişə xatırlayırdı".



***

Xəstəxanaların birində həkim işləyən Arif Mirzəquliyev yanına təcrübəyə gələn II kurs tələbələrindən birinə aşiq olub və onunla evlənib. Sonradan həyat yoldaşı ilə hətta eyni otaqda işləyiblər. Yenə Teyyubə xanımın dediklərindən: "Eyni otaqda işləsələr də, işə gəlmə vaxtları fərqli idi. Anam danışırdı ki, düz 10 il mənim qapımı döyüb baxırdılar görək Sərvər kiminlə evlənib"...

***

Arif Mirzəquliyevin evliliyindən bir oğlu, bir qızı dünyaya gəlib.

***

Afiq Mirzəquliyev ölümündən bir müddət əvvələdək iki dəfə infarkt keçirib. Həddən artıq siqaret çəkirmiş, hətta ikinci infarktın ardından doğmalarına belə deyib: "Sağalım, siqaret çəkməyəcəyəm". Lakin o, bu zərəli vərdişini tərgidə bilmir və 1990-cı il avqustun 4-də ürəktutmadan həyata gözlərini yumur.

***

Atasının ölüm gününü qızı Teyyubə xanım sonralar belə xatırlayırdı: "Həmin günü biz istirahətdə idik, gecəni çox narahat yatmışdım. Elə bil ürəyimə dammışdı ki, nəsə olub. Atam həkim olaraq hamıya həmişə kömək etmişdi, amma son nəfəsində ona heç kim kömək edə bilmədi, hətta təcili yardım maşını da hadisə yerinə gecikmişdi..."



***

Afiq Mirzəquliyevin vəfatı onun həyat yoldaşını dərindən sarsıdır. Nəticədə ömrünün son 4 ilini yataq xəstəsi olaraq keçirir və 2008-ci ildə uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumur.

***

Əslində Arif Mirzəquliyev illər sonra – 1980-ci ildə üçüncü dəfə kinoya dəvət alıb bir sıra tanınmış aktyorlarla “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filminə çəkilib. Özü də yenidən Sərvər obrazını canlandırıb, lakin bu dəfə tamamilə başqa ampluada. İntəhası, həmin film uğur qazana bilməyib.


Anadil.az


Oxunub: 427
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR