Azərbaycanda aktrisa olmadığı illərdə öz pyesindəki qadın rolunu özü oynayan MƏŞHUR YAZIÇIMIZ

Anadil: bu gün doğulmasından 169 il ötən görkəmli ədib və maarifçi Nəcəf bəy Vəzirovla bağlı maraqlı faktları təqdim edir:

XXX

Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Şuşa şəhərində dünyaya göz açıb. Yazıçının uşaqlığı fərəhsiz keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşüb.Təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olub.

***

Mina xanımın başlıca arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, o, on iki yaşında məktəbə gedib və tez bir zamanda oxuyub-yazmağı öyrənib.

***

Yeniyetmə Nəcəf ilk təhsilini dini məktəbdə alıb. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada erməni müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir.

***

14 yaşlı Nəcəf 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

***

Gimnaziyada oxuyarkən Nəcəf bəy Vəzirov Azərbaycanın böyük maarifçisi, eyni zamanda orada dərs deyən Həsən bəy Zərdabi ilə tanış olur. Bu tanışlıq Nəcəfin fikri inkişafına qüvvətli təsir göstərir. Məsələ burasındadır ki, Həsən bəy şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mübariz insanlar kimi yetişsinlər.

Məhz Zərdabinin məsləhəti ilə Nəcəf bəy Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: “1873-cü ildə altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

Azərbaycanda aktrisa olmadığı illərdə öz pyesindəki qadın rolunu özü oynayan MƏŞHUR YAZIÇIMIZ


***

Daha bir maraqlı məqam: ilk dəfə rus teatrına getdiyi günün ertəsi gün Nəcəf bəy gimnaziya müəllimi Həsən bəy Zərdabiyə yaxınlaşır. "Bizim dilimizdə teatr əsərləri, məzhəkə, faciə varmı?" deyə ondan soruşur.

Bu sualdan sonra Zərdabi ona Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tapıb verir.

Nəcəf bəyin xatirələrindən: "Həmin komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlamağa başladıq. Tamaşa günü çox adam var idi... Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəlmişdi. Həman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundzadənin təbrik teleqramını gətirdi. M.F.Axundzadə iki vərəqə minnətdarlıq kağızı yazmışdı. Axırda bunu əlavə etmişdi: “Bu gün “Hacı Qara”nı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız”".

***

N.Vəzirov 1874-cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olunmaq istəyir. Lakin attestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəmədiyindən Moskvaya qayıdır və sentyabrda Petrovski-Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

***

Nəcəf bəyin Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən Həsən bəy Zərdabi kimi milli-azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878-ci ildə H.Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir.

***

1878-ci ildə Nəcəf bəy Petrovski-Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin edilir. 1880-ci ilin iyul ayına qədər burada çalışır. Daha sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyəsinə göndərilir. 1887-ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir.

1890-cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi-azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski-Razumovski akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N.Vəzirovun xoşuna gəlmir.

Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, “Pəhləvanı-zəmanə” kimi əsərlərini yaradır. N.Vəzirov 1903-cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.

***

“Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Dələduz”, “Vay şələküm-mələküm”, “Keçmişdə qaçaqlar” əsərlərin də müəllifi olan Nəcəf bəyin "Müsibəti-Fəxrəddin" tradegiyası Azərbaycan dramaturgiyasında ilk faciədir.

***

"Müsibəti-Fəxrəddin" 1902-ci ildə Bakıda ilk dəfə Nəcəf bəy Vəzirovun şəxsi rəhbərliyi və Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların iştirakı ilə səhnələşdirilib.

1916-cı ilin noyabrında isə Mirzağa Əliyevin iştirakı ilə bu faciə yenidən tamaşaya hazırlanıb. Rejissorların tələbi ilə Vəzirov hər gün gəlib məşqlərin gedişini izləyir, lazımi göstərişlər verirdi. Ancaq Hürü nənə rolunu oynayacaq qadın aktrisa yox idi. Mirzəağa Əliyev Vəzirovdan soruşanda ki, Azərbaycan səhnəsində aktrisa olmadığına görə niyə öz pyeslərinə bu qədər qadın təqdim edirsən, Vəzirov belə cavab verir: "Biz Azərbaycan dramaturqları pyes yazarkən təkcə həyatımızın indiki mərhələsini, indiki mühitimizi nəzərdə tutmuruq. Zaman gələcək, elm, mədəniyyət o qədər irəli gedəcək ki, səhnədə kişilərdən qat-qat çox qadın olacaq".

Nəhayət, 1916-cı il noyabrın 22-də tamaşa səhnəyə qoyulur. Hürü nənə rolunu isə qadın paltarı geyinmiş, bığ-saqqalını yaylıq altında gizlədən Nəcəf bəy Vəzirov özü ifa edir.

Mirzəağa Əliyev sonralar xatırlayırdı ki, Vəzirov bu rolun öhdəsindən bacarıqla gəlib və onu uğurla sona çatdırıb.

***

1905-ci il inqilabı N.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

***

1913-cü il noyabrın 15-də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirdilər.

Xalqın ehtiramı Nəcəf bəyin yaradıcılıq ilhamını, işləmək həvəsini bir az da coşdurur, o həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışıb. Həmin illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazır, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edir (təbdil - Başqa xalqa məxsus dram әsərinin milli zәminə uyğunlaşdırılması).

***



Azərbaycanda 1920-ci ilin aprel istilasından sonra Nəcəf bəy Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyib.

1926-cı ilin yayında isə təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya - Çuxuryurda gedib və iyulun 13-də orada ürək çatışmazlığından həyata gözlərini yumub.


Anadil.az


Oxunub: 529
  • Sosial şəbəkədə paylaş
XƏBƏRDAR